Apreldə cəbhədə başlanan hərbi əməliyyatlar yenidən Rusiya faktorunu diqqətə gətirdi. Əksər ekspertlər bildirirlər ki, bu gün də Azərbaycan üçün Rusiya işğalı təhlükəsi var. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyadan asılı olması barədə fikirlər yeni suallar yaradır.
Lakin bəzi təhlilçilərə görə, hər şeyin açarının Rusiyada olması kimi fikirlər yanlışdır. Yəni geosiyasi vəziyyət dəyişdiyindən, artıq Rusiyadan qorxmaq lazım deyil. Ekspert Natiq Miri bildirdi ki, Rusiyanın ən böyük silahı qorxu sindromunu yaratmaqdır: “Bu qorxu sindromunu yaradandan sonra Rusiya prosesi çox asanlıqla manipulyasiya etməyi bacarır. Bu baxımdan, Rusiyadan qorxmaq deyil, əksinə, situasiyanı çox dəqiq qiymətləndirərək adekvat addımlar atılmalıdır. Xüsusilə də Rusiyanın istənilən aqressiv davranışlarını neytrallaşdıra biləcək bir çox geosiyasi addımlar var ki, bunları atmaq gərəkdir. Yoxsa Rusiyadan qorxaraq istənilən bir məsələni, hətta həyati önəmi olan məsələləri etməmək Azərbaycana çox böyük zərər vurur. Bu gün Rusiya bütün dünya çapında aqressiv davrana bilir. Ona görə ki, onun qarşısına çıxacaq heç bir dünya gücü yoxdur. Heç kim Rusiyanı qarşısına almaq istəmir. Bu yanlış siyasət Rusiyanın aqressiyasına rəvac verir”.
Ekspertin sözlərinə görə, bu gün dünyada bütün münaqişə ocaqlarının episentrində Rusiya var: “Bu, Rusiyanın aqressiv siyasətinin göstəricisidir. Maraqlıdır ki, niyə Rusiya bu qədər əl-qolunu aça bilir? Ona görə ki, onun qarşısını hər hansı bir dünya gücü almaq istəmir. Dünya gücü Rusiyanı qarşısına aldığı təqdirdə, o, dərhal geri çəkiləcək. Bəzən Rusiyanın Suriyadan məcbur geri çəkilməsi olsa da, digər nahiyələrdə - Ukraynada və ya Dağlıq Qarabağ cəbhəsində savaş tətiklənir. Bu, Rusiya siyasətinin təsirli hissəsidir. Ona görə də bu gün Dağlıq Qarabağdakı prosesləri Suriya və Ukraynadakı proseslərdən tamamilə kənarda düşünmək doğru deyil. Rusiya həm Dağlıq Qarabağ cəbhəsində, həm də Ukraynada savaşı tətikləməklə eyni zamanda Qərb dünyasına təzyiq edir ki, ona qarşı sanksiyaları aradan qaldırsınlar və Rusiyanın geosiyasi maraqlarını qəbul etsinlər. Bunlar hamısı Rusiyanın süni surətdə yaratdığı qorxunun üstündə qurulub. Bütün prosesi məhz bu qorxu üzərində Rusiya idarə edir. Buna görə də Rusiyadan qorxmaq lazım deyil”.
Politoloq hesab edir ki, Azərbaycan da Rusiyadan qorxaraq əgər siyasət yürüdəcəksə, heç bir zaman nə müstəqil dövlət ola biləcək, nə də Dağlıq Qarabağ problemini həll edə biləcək: “Bunun üçün zamanı və geosiyasi vəziyyəti doğru qiymətləndirmək gərəkir. Əgər belə olacaqsa, təbii ki, Rusiya da təsirsiz qalacaq. Çünki Rusiyanın da dünyada hesablaşdığı güclər var. Bu güclərdən biri ABŞ-dır. Bundan başqa, nəzərə almaq lazımdır ki, bu gün Dağlıq Qarabağ ABŞ üçün prioritet siyasət deyil. Bu gün Azərbaycan çalışmalıdır ki, Qarabağ problemi ABŞ-ın prioritet siyasətinə çevrilsin. Əgər bu siyasət prioritetə çevriləcəksə, onda Dağlıq Qarabağ problemini həll etmək də asan olacaq. Ona görə Rusiyanı təsirsiz hala gətirəcək güclərlə əməkdaşlığı doğru formada qurmaq lazımdır. Bunun üçün hansı səbəblər varsa, o səbəbləri ortaya qoymaq lazımdır”.
Politoloq Qabil Hüseynli də Rusiyadan qorxmağa ehtiyac görmür: “Amma bölgədə Rusiya faktorunun təsirli olduğunu nəzərə almaq olar. Yəni ehtiyatlı siyasət yeridib bu siyasəti Rusiyaya da izah etməyə çalışmalıyıq. Amma Rusiya bizimlə şantaj, qorxu dili ilə danışırsa və bizə təzyiq göstərməyə çalışırsa, əsla boyun əyməməliyik. Doğrudur, bu məsələlərin qarşıdurmaya çevrilməsinə də imkan verməməliyik. Məsələni zamana yaymalıyıq. Rusiyanın özünün də vəziyyəti o qədər qənaətbəxş deyil. Rusiyanın bəlkə də hər gün olmasa da, hər ay vəziyyəti pisləşir. Rusiya həmişə bu bölgədə qanunverici gücündə çıxış etməyəcək. Buna görə də bu gün ola bilsin ki, Rusiya ilə bir qədər ehtiyatlı davranmağa ehtiyac var. Amma Moskva nələri isə diktə edirsə, onları nəzərə almaq məcburiyyətində deyilik. Yeri gələndə biz Rusiyaya öz milli haqlarımızı və beynəlxalq hüquqla tənin edilmiş hüquqlarımızı onunla polemikada, danışıqlarda stol üzərinə yatırmağı bacarmalıyıq”.
Cia.az
