«Planet Hall» MMC-nin Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllədə qarajların yerləşdiyi torpaq sahəsi ilə bağlı iddialarının məhkəmə müstəvisinə çıxmasından qaraj sahiblərinin məlumatı olmayıb.
Yasamal qəbiristanlığına bitişik bu ərazidə biznes mərkəzi tikməyi planlaşdıran MMC rəhbərliyi «uzaqgörənlik» edərək Nərimanov rayon məhkəməsində elə bir qətnamə çıxarılmasına nail olub ki, aylardır qaraj sahibləri bu oyunun necə qurulduğu, arxasında kimin durduğu və məqsədin haradək hesablandığını anlamağa çalışsalar da, «kələfin ucunu» tapa bilmirlər. Əslində, «Planet Hall»ın məhkəmədə «təkqapıya oyunu»nun məqsədi bəllidir. Buna birazdan elə qaraj sahiblərinin dili ilə aydınlıq gətirəcəyik.
İndi isə bir az əvvələ – 2008-ci ilə qayıdaq. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının 03.11.2008-ci il traixli sərəncamı ilə bu rayonun Mətbuat prospekti 529-cu məhəlləsində mövcud qarajların yerində 0,57 ha torpaq sahəsi «Planet Hall» MMC-ə ayrılıb. Diqqət edin, «mövcud qarajların yerində». Bundan əvvəl isə, aidiyyəti üzrə yazışmalar aparılıb, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.10.2008-ci il tarixli məktubu ilə göstərilən ünvanda «Planet Hall» MMC tərəfindən biznes-ticarət mərkəzinin tikintisinə etiraz edilməyərək, təqdim olunan memarlıq-planlaşdırmasına razılıq verilib. Ondan sonra da digər aidiyyəti qurumlardan biznes-ticarət mərkəzinin tikintisi ilə bağlı müəyyən sənədlər alınıb. Bütün bunlar həmin ünvanda qaraj sahiblərinin məlumatı və razılığı olmadan, adıçəkilən orqanların kabinetlərində həll olunub. Qaraj sahibləri isə bu ilin yayında üzərlərində «qara bulud» hiss ediblər. Belə ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qaraj sahiblərinə bildiriş təqdim edib. Nərimanov rayon məhkəməsinin 27.02.2013-cü il tarixli qətnaməsinin könüllü icrasını onlardan tələb edən icraçı, təbi ki, əlavə heç bir izahat vermir. Tələb isə ondan ibarət olur ki, bu qarajlar söküləcək, qaraj sahibləri isə bu söküntüyə heç bir etiraz edə bilməzlər. Hüquqi dildə, icra vərəqəsində «söküntü və tikinti işlərinə maneçiliklərin yaradılmaması» kimi göstəriş yazılıb.
Qaraj sahibərinə kompensasiya verilmir
Bəs 1960-cı illərdən bəri bu ünvanda qaraj sahibi olan, əksəriyyətinin əlində müvafiq icra hakimiyyəti orqanlarının rəsmi sənədləri ilə qarajlara sahiblik edən, illər uzunu həmin qarajların yerləşdiyi torpaq sahələrinə görə icarə haqqı ödəyən vətəndaşlara bu qarajların sökülməsi ilə əlaqədar kompensasiya verən varmı? İcraçı bu suala cavab verə bilmir, çünki bu, onun səlahiyyətinə aid deyil. Bu qarajların yerində 0,57 ha (57 sot) torpaq sahəsində biznes-ticarət mərkəzinin tikintisini planlaşdıran «Planet Hall» MMC isə bu məsələlərdə, ümumiyyətlə, yaxına gəlmir. Çünki MMC öz işini məhkəmədə necə lazımdır həll edib. Özü də necə?
Yuxarıda qeyd etdiyimiz «uzaqgörənliyə» burda aydınlıq gətirəcəyik. Məlum olur ki, «Planet Hall» MMC Nərimanov rayon məhkəməsində Y.Q.Bağırzadə adlı şəxsə qarşı iddia qaldıraraq, bu şəxsin də qarajının olduğu 529-cu məhəllədə aparmağı planlaşdırdığı söküntü-tikinti işlərinə manekçiliklərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını tələb edib. Guya, ona kompensasiya təklif edilib, qaraj sahibi isə razılaşmayıb, ona görə də söküntü-tikintini «qanuniləşdirmək üçün» məhkəmə qətnaməsi çıxarılmasına zərurət yaranıb. Məhkəmə 27.02.2013-cü il tarixli qətnaməsi ilə iddianı təmin edərək, nəinki Y.Bağırzadəyə, eləcə də bütün «digər fiziki və hüquqi şəxslərə» biznes-ticarət mərkəzinin inşası ilə əlaqədar söküntü-tikinti işlərinin aparılmasına maneçilikləri qadağan edib.Y.Bağırzadə məhkəmənin qətnaməsi ilə razılaşır, yalnız özünə kompensasiya verilməsini istəyir. Məhkəmə qətnaməsində isə nə Y.Bağırzadəyə, nə də «digər fiziki və hüquqi şəxslərə» kompensasiya verilməsindən heç söhbət də getmir. Nəhayət, 2014-cü ilin yayında icra məmuru əlində bildiriş 529-cu məhəlləyə gələndə 50-ə yaxın qarajın sahibləri olan «digər fiziki və hüquqi şəxslər» onlara «Planet Hall» MMC-nin məhkəmə qətnaməsi ilə «tələ qurduğunu» öyrənirlər. Nərimanov rayon məhkəməsinin bu qətnaməsini çıxarmış hakim A.İsmayılov artıq başqa rayon məhkəməsinə keçirilib. Bu səbəbdən qaraj sahibləri «Planet Hall»-Y.Bağırzadə seriyasının mənşəyini tapmaqda çətinlik çəkirlər. İndi 529-cu məhəllənin qaraj sahiblərinin bir qismi məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdiyi halda, məhkəmə onların şikayətini geri qaytarır ki, siz bu işdə tərəf deyilsiniz. Qaraj sahiblərindən T.Abbasov, F.Qarayev kimi şəxslər isə Nərimanov rayon məhkəməsinə müraciət edərək, qətnamənin izah edilməsini istəyirlər. İstəkləri isə budur ki, məhkəmə qətnaməsinin qət etdi hissəsində «digər fiziki və hüquqi şəxslər» yazılanda onlar da nəzərdə tutulubmu? Axı, qeyd olunduğu kimi, icra məmuru bütün qaraj sahiblərinə bildiriş təqdim edərək, onlardan aparılacaq söküntü-tikinti işlərinə mane olmamağı tələb edir. Doğrudur, indi məhkəmə qətnaməsinin icrası müvəqqəti dayanıb. Çünki «Planet Hall»-Y.Bağırzadə arasındakı məhkəmə işinə cəlb olunmayan onlarla qaraj sahibi (bunlar həm də həmin torpaq sahəsinin qanuni icarəçiləri, istifadəçiləridir) qətnamədən şikayət vermək, onun izahını tələb etmək hüququna malikdirlər… Bu günlərdə Nərimanov rayon məhkəməsində (hakim K.Əmirxanovanın icraatında) qaraj sahiblərindən T.Abbasov və F.Qarayevin qətnamənin izahına dair verdikləri ərizəyə baxılır. Məhkəmə izah etməlidir ki, «digər fiziki və hüquqi şəxslər» deyəndə kim (lər) nəzərdə tutulur? Bu, məsələnin məhkəmədə həll olunmalı tərəfidir…
Bakı Şəhər İcra Hakimiyyəti qaraj sahiblərini biznesin güdazına verib
Eyni zamanda, araşdırılmalı məsələ odur ki, Bakı şəhər və Yasamal rayon icra hakimiyyətləri 40 ildən artıq müddətdə ayrı-ayrı şəxslərə – Azərbaycan vətəndaşlarına məxsus olan qarajların yerləşdiyi torpaq sahəsini hansı əsasla biznes-ticarət mərkəzinin tikintsi üçün «Planet Hall» MMC-yə verib? Burdakı qarajların sahibləri əsasən, ali məktəb müəllimləri, 1960-70-ci illərdən buradan istifadə edirlər. Onların əksəriyyəti indi, ahıl, təqaüd yaşındadır. Bəlkə də elə buna görə paytaxt meriyası və Yasamal rayon İcra Hakimiyyəti həmin qarajların yerini «Planet Hall» MMC-yə verib. Bəs, yaxşı, əgər rəsmi sərəncamla və razılıq məktubları ilə «mövcud qarajların yerləşdiyi 0,57 ha» torpaq sahəsi biznes-ticarət mərkəzinin tikintisi üçün ayırılırsa, burada «mövcud qarajların» sökülməsinə görə vətəndaşlara kompensasiya verilməsi kimin öhdəsinə buraxılır? Yoxsa, Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyəti hesab edir ki, MMC özü üçün biznes-ticarət mərkəzi tikirsə, 50-dən artıq qarajın sahiblərinin hüququ tapdanmalı, qarajları məhv edilməli və torpaq sahəsindən zorla çıxarılmalıdır? Yaxşı ki, «Planet Hall» MMC icra hakimiyyətlərinin yaratdığı bu «münbit şəraitdən» istifadə edib, qarajları buldozerin qabağına verməyib. Qaraj sahiblərinin dediyinə görə, 2 il əvvəl belə bir cəhd olub, lakin çoxsaylı vətəndaşların haqlı narazılığına, müqavimətinə rast gəlindikdə, söküntü işləri müvəqqəti dayandırılıb. Bundan sonra isə məhkəmə vasitəsilə «Y.Bağırzadə və digərləri» oyunu başladılıb. Bəli, buna oyun demək olar. Çünki, Azərbaycan Respublikasının qanunlarına görə, heç bir məhkəmə (hakim) mülki işə cəlb olunmayan «digər fiziki və hüquqi şəxslərin» üzərinə vəzifə qoya biməz.
Qaraj sahibləri «Planet Hall» MMC-nin kimə məxsus olduğunu, nə fəaliyyət göstərdiyini dəqiq bilməsələr də, onlara müxtəlif istiqamətlərdən bu barədə ismarıclar gəlib. Bir müddət əvvəl, MMC-nin adından müxtəlif adamlar əraziyə gələrək, bu yerlərin lap yüksək vəzifədə oturan şəxslərin xoşuna gəldiyini, könüllü surətdə ərazini boşaltmalarını tələb ediblər. Hətta, yüksək vəzifəli bəzi şəxslərin adlarını da çəkərək, onların adından qarajlara görə cüzi məbləğlər də təklif ediblər. Müəyyən səbəblərdən biz bu adları çəkmirik. Ancaq inandırıcıdır ki, 0,57 ha torpaq, özü də üzərində 50-ə yaxın adamın tikilisi olan sahə sıradan bir MMC-yə ayrılmazdı…
Hacıbala Abutalıbovun xəbəri varmı?
Digər sual isə, «Planet Hall»-Y.Bağırzadə tandemi ilə bağlıdır. Qaraj sahiblərinin dedikləri, elə təqdim olunan sənədlər də güman etməyə əsas verir ki, MMC ilə Y.Bağırzadə adlı şəxs eyni məqsədə nail olmağa çalışırlar. Bu məqsədlə də sözügedən «məhkəmə oyunu» qurulub ki, bir cavabdehin hesabına bütün qaraj sahiblərini susdursunlar. Adı çəkilən yüksək vəzifəli şəxs(lər)in Yasamal qəbiristanlığına bitişik 0,57 ha torpaq sahəsində marağı olub-olmaması, «Planet Hall» MMC-nin kim(lər)ə məxsusluğuna dair əldə olan məlumatlar araşdırılır… Həmçinin, o da araşdırma mövzusudur ki, Yasamal Rayon İcra Hakimiyyətinin vətəndaşlara məxsus qarajların yerləşdiyi torpaq sahəsini biznes-ticarət mərkəzinin tikintisi üçün ayırmağa hüququ varmı? Axı bildiyimizə görə, bu, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus səlahiyyətdir. Bəs paytaxtda ondan icazəsiz aparılan bu cür irimiqyaslı tikililərin qanunsuzluğunu haqlı olaraq bəyan edən şəhər meri Hacıbala Abutalıbovun 0,57 ha torpaq sahəsinin tikinti üçün ayrılmasından xəbəri varmı? Adətən, bütün bu kimi tikililər yalnız H.Abutalıbovun sərəncamı ilə «xeyir-dua» alır… Yoxsa, «Planet Hall» belə xeyir-duanı elə H.Abutalıbovun özündən alıb?..//Analitik.az
