Son bir ayda cəbhə xəttində baş verənlərlə bağlı çoxlu sayda siyasi ekspertlər, politoloqlar öz proqnozlarını, rəylərini bildirməkdədirlər. Bəs görəsən astroloqların proqnozu necədir?
Tanınmış astroloq Firudin Qurbansoy bu barədə “Yeni Müsavat”a danışıb. Astroloq Qarabağın hansısa tarixdə azad olunacağı barədə proqnoz bildirənləri qınayıb: “Əvvəla, bu məsələdə işlədilən savaş sözünə etirazım var. Savaş sözlə söyüşmək deməkdir. ”Sav" sözü türk dilində söz deməkdir. Vuruşmaq əllə yumruq vurmaqdır. Dalaşmaq da ağacla bir-birini vurmaqdır. Bu mənada savaş sözü doğru olaraq işlədilmir, amma biz ondan istifadə edirik. Əslində müharibə edirik. Bu iki xalqın, iki dövlətin üz-üzə durmasıdır və əlbəttə ki, xüsusi bir tələdir. Xalqımız öz iradəsindən asılı olmayaraq bu tələ-həngaməyə düşüb. Bu həngamədən çıxış yollarını isə ancaq ağıllı başlar həll etməlidir. Ağıllı başların bir yerdə bir məcraya gəlməsi və dünyadan bizdən nə istədiklərini bilməyimiz və özümüzə az zərər verməklə bu oyunlardan çıxmağımızı planlaşdırmaqdır. Başqa bir şey yoxdur. Biz indi Şuşanı tutsaq da yuxarıdan gözlərini bərəldəcəklər ki, çıxın oradan və biz çıxacağıq. Çünki biz superdövlətlərlə vuruşmaq iqtidarında deyilik, bu məsələdə onların maraqları həll olunur. Burda da astroloqların hansısa söz deməyə yeri yoxdur. Əgər kimsə “Qarabağ filan ildə azad olunacaq” deyirsə, yalan deyir, ola bilməz. Ona görə də biz sadəcə olaraq xalqımızın mənafeyini düşünməliyik. Hamımız eyni anda, eyni şeyi istəməliyik. Bu saat televiziyalarda, mətbuatda xalqın fikrini bu arzudan uzaqlaşdırırlar. Bu indi deyil, hələ 1988-ci ildən belədir. Bir ara camaat bir yerə gəldi, sonra o enerjidən qorxdular. Calışıldı ki, hər kəs öz məişət problemləri ilə məşğul olsun, getsin uşaqlarını dolandırsın. Yəni o milli fikirlər bu saat arxa plandadır və heç kəsdə ön planda deyil, bir-iki nəfəri çıxmaq şərti ilə. Bu mənada bu məsələ astrologiyanın işi deyil".
Astroloq Səbuhi Rəhimli isə ilin ortasında proqnoz vermədiyini, lakin tez-tez cəbhə bölgəsinə gedərək ordakı situasiyaları öyrənməyə çalışdığını bildirdi: “İlin əvvəlində proqnozlarımı demişdim. Proqnozumda daha uzun müddətli döyüş olacağını bildirmişdim. İlin ortasında sitiuasiylara uyğun proqnozu dəyişmirəm. Çünki onu hesablamaq lazımdır. Ona görə özüm cəbhə bölgəsinə gedib, sosial şəbəkədə fotolar paylaşıram. Situasiyanı vətəndaş kimi öyrənməyə çalışıram. Hələ 2001-ci ildən demişəm ki, 2012-2020-ci illər arası məsələ həll olunacaq, üstünlük bizdə olmaqla”.
Münaqişənin hərb, yoxsa sülh yolu ilə həll olunacağı ilə bağlı astroloq bu cür proqnoz bildirdi: “Bunu yaşayırıq, görərik. Müharibəsiz qələbə mümkün deyil”.
Cia.az
