Qarşıdan yay fəsli gəlir. Günəşin parlamağı nə qədər sevindirici olsa da, ziyanlı tərəfləri də var. Yay fəslinin ən böyük zərərlərindən biri də günəş şüalarıdır. Bu fəsildə tətil günləri başlayır, insanların çoxu dəniz kənarında dincəlir. Lakin günəşdən düzgün qorunmadan və adi normativlərə riayət etmədən. Bu isə dəridə xeyli fəsadlar yaradır. O fəsadları azaltmaq üçün müxtəlif prosedurlarla dərini yaya hazırlamaq lazımdır. Təbii ki, bu hazırlıq yazda başlamalıdır. Nəzərə alaq ki, yazdakı dəri qış fəslindən çıxan dəridir. Qışda bədənimizdə olan vitaminləri istifadə edib bitiririk. Bu halda yaz girər-girməz avitaminoz, yəni vitamin çatışmazlığı və onun simptomları özünü göstərir. Avitaminoz isə ilk növbədə dəridə özünü büruzə verməyə başlayır. Bəs yazda dəriyə necə qulluq etmək lazımdır? Yaz fəslində hansı kosmetoloji prosedurları etmək olar, hansıları etmək olmaz? Aile.lent.az həkim-kosmetoloq Günay Mikayılovadan bu sualların cavabını öyrənib.
Həkim ilk növbədə bildirir ki, qışdan çıxmış avitaminozlu dəri yaya hazırlanmalıdır. Bu hazırlıq iki mərhələdən ibarətdir. Birinci növbədə dərini qidalandırmaq lazımdır. Çatmayan vitaminlər, minerallar dəriyə verilməlidir ki, nəticədə dərinin immuniteti, özünü qoruma xüsusiyyəti artsın, nəmliyi bərpa olunsun, stressdən azad olsun. Bir sözlə, dəri kosmetoloji prosedurlara ehtiyac duyur. Lakin burada bir məqam ortaya çıxır.
Olar-olmazlar...
G. Mikayılova yazda aqressiv kosmetoloji prosedurları qadağan edir. Bu aqressiv prosedurlara lazer cilalanması, dərin pilinqlər daxildir: “Çünki yayda Günəş artıq aktiv olur. Bundan əlavə, həmin prosedurlardan sonra dəri reabilitasiya dövrü keçməlidir. Misal üçün, biz lazer cilalanması etdik, dərinin üst qatı götürüldü, dəri artıq yaradır. 7-10 gün dəri özünü bərpa edir. Axı bərpa olunmuş dəri günəşə qarşı həssas dəridir. Həmin həssaslıq 2 ay ərzində itir. Yəni prosedurdan 2 ay sonra demək olar ki, artıq dəri günəşə qarşı həssas deyil. Üzündə civzə yeri, çapıqlar olan xanım onları aradan götürmək üçün bizə müraciət edə bilər. Bu problemi aradan qaldırmağın yolu isə lazer cilalanmasıdır. Əgər biz tələb olunan proseduru aprel ayında etsək, dəri özünü iyun ayına kimi bərpa edəcək. İyun ayında isə artıq günəşin gur parladığı vaxtdır və ləkə düşmə, ləkələrin qalma ehtimalı yüksəkdir. Bu halda biz dəriyə xeyirdən çox ziyan vermiş olarıq”.
Kosmetoloq bunun dərin pilinqlərə də aid olduğunu deyir. Dərin pilinqlər lazer cilalanması qədər reablitasiya dövrü tələb edilmir, lakin yenə də dəri günəşə qarşı həssasdır, dərinin bərpa olunmasına ən azı bir ay vaxt lazımdır. Günəş aktiv olduğu vaxtda isə bunları etmək olmaz.
G. Mikayılova yüngül pilinq prosedurlarının yaz aylarında edilə biləcəyini deyir: “Bura mexaniki pilinqlər, enzim pilinqlər, ferment pilinqlər, qlükol pilinqlər, AHA pilinqləri daxildir. Lakin bu prosedurları da səthi, yüngül etmək lazımdır ki, dəri tamlığı pozulmasın. Bunlardan başqa, yaz fəslində dəriyə qulluq prosedurları etmək mümkündür. Yəni nəmləndirici maskalar, fizioterapiya, massaj, parafin maskaları və s. Bu prosedurlar daha çox dərini hazırlamaq məqsədi daşıyır. Mezoterapiya, botoks və dolğunun isə heç bir mövsümlə əlaqəsi yoxdur, bu prosedurları ehtiyac yarandığı zaman etdirmək olar”.
Kosmetoloq bir vacib məqamı da əlavə edir. O, yaz mövsümündə günəşdən qoruyucu kremlərdən istifadəni vacib hesab edir: “SPF (sun protection factor - günəş qoruma faktoru) kremlər dəriyə qulluqda “olmazsa olmaz”lar arasındadır. Bizim yaşadığımız regionu nəzərə alsaq, SPF rəqəmi 50-dən yuxarı olmalıdır. Əgər kosmetoloji prosedurlar aparılırsa, SPF 80-100-dən istifadə edilməlidir. Bəzən pasientlər elə bilir ki, bu rəqəmlər günəşdən qorunma faizidir, yəni məsələn, 50 faiz günəşdən qoruyur. Bu rəqəm kremin tərkibində olan günəşdən qoruyan filtrlərin sayıdır. Misal üçün, SPF 50 yazılıbsa, bilməlisiniz ki, bu kremin tərkibində 50 dənə günəşdən qoruyan filtr var”.
SPF filtrləri günəşdən necə qoruyur?
Günəş dəriyə dəydikcə həmin filtrlər qalxan kimi günəşin şüalarının qarşısını alır və parçalayır. Müəyyən vaxtdan sonra isə filtr bitir: “Bəzən pasientlər deyir ki, günəşdən qoruyan kremdən istifadə edib, amma yenə də üz dərisi qaralıb. Necə istifadə etdiyini soruşub maraqlandıqda isə məlum olur ki, kremi gündə bir dəfə çəkib və səhərdən axşamadək qalıb. Bu, düzgün deyil. Məsələn, SPF 50 olan kremlər hər 4, SPF 80-100 olanlar isə 6-7 saatdan bir yenilənməlidir. Üstəlik, əgər dəniz kənarına gedirsinizsə və dənizə girirsinizsə, artıq su ilə təmas yaranır və krem yuyulur. Ona görə də dənizə girəndə və çıxanda mütləq krem vurulmalıdır”.
Dekorativ kosmetika istifadə edənlər də mütləq SPF kremlərindən yararlanmalıdırlar. Təmiz dəriyə əvvəlcə günəşdən qoruyan krem çəkilir, 10 dəqiqədən sonra isə dekorativ kosmetika çəkilə bilər: “Bunu da əlavə edim ki, dekorativ kosmetika alanda da SPF faktoruna fikir vermək lazımdır. Tərkibində məhz SPF olan dekorativ kosmetikaya üstünlük verin. Çünki özünə hörmət edən bir çox firmalar artıq SPF tərkibli dekorativ kosmetika istehsal edir”.
Cia.az
