|
Azərbaycan təbliğat üçün dünya ulduzlarından niyə istifadə etmir?
Son günlər ölkə və dünya mediasında müzakirə olunan mövzulardan biri də Hollivud ulduzu Corc Kluninin Ermənistana səfəridir. Dünyaşöhrətli ulduzu hava limanında Rusiya iş adamı Ruben Vardaryan qarşılayıb. Aktyor qondarma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə və erməni əsilli Rusiya iş adamı Ruben Vardaryanın “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasimində iştirak edib.
Maraqlı burasıdır ki, azərbaycanlı milyarderlərin də zaman-zaman Hollivud ulduzları və ya dünyaşöhrətli müğənnilərlə fotoları, xəbərləri dərc edilib. Məsələn, azərbaycanlı milyarder Telman İsmayılovun müğənni Cennifer Lopezə ad günündə 10 dəqiqəlik iştirakı üçün 1 milyon 400 min pul ödəməsi, eləcə də Şakiranı 1 milyon dollar qarşılığında öz tədbirində Azərbaycan mahnısına ayaqyalın oynatması... heç kimə sir deyil. Bütün bunların Azərbaycan, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq adına bir faydası varmı? Yox, təbii ki. 
 
Bəs bizim diaspora niyə bu cür istiqamətlərə pul sərf etmir, danışıqlar aparmır? 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, burada əsas məsələ hansısa dünyaşöhrətli ulduzu Azərbaycana gətirib, ondan təbliğat üçün istifadə etmək deyil. Müsahibimizin sözlərinə görə, ölkəmizə gəlmək istəyən ulduzlar da azdır və buna səbəb Azərbaycanın adının beynəlxalq hesabatlardakı yeridir: “Azərbaycan sonuncu söz azadlığı ilə bağlı hesabatlarda azad olmayan ölkə kimi yer alıb. Bu məsələlərdə Ermənistandan xeyli geridə qalırıq. Azərbaycanı dünyada korrupsiyalaşmış, insan haqlarının pozulduğu, ən çox məhbus olan ölkə kimi tanıyırlar. Son nəticədə isə Ermənistana gedən məşhurlar bunu belə əsaslandırırlar ki, Qarabağda demokratiya var, ona görə də onlara dəstək vermək lazımdır”. 
M.Əliyev dedi ki, bu cür vəziyyətdə Cenifer Lopezi və ya hansısa parlaq ulduzu ölkəyə gətirmək bizə müsbət heç nə verməyəcək. “Biz özümüz dəyişməliyik” deyən müsahibimizə görə, indiki durumda hansısa artist Azərbaycana gəlib, nəsə danışmağa çətinlik çəkir: “Azərbaycana münasibət problemlidir. Hətta Ermənistana müəyyən dərəcədə dəstək verirlər. Açırlar interneti, araşdırırlar beynəlxalq təşkilatların hesabatlarını. Orada hansı ölkənin demokratiya baxımdan durumu necədirsə, görünür. İmici pis olan ölkəyə hətta Hollivud ulduzlarının münasibəti də birmənalı deyil. Bu gün onların gəlib burada şəkil çəkdirməsi ciddi hadisədir. Sabah onları ölkələrində, məsələn, ”söz azadlığı olmayan" ölkəyə dəstək verməkdə suçlaya bilərlər". 

Müsahibimiz dedi ki, hazırda ölkədə qlobal forum keçirilir və dünyanın indiki gərgin dönəmində liderlər bura toplaşmalı idi. M.Əliyevin sözlərinə görə, toplantının genişmiqyaslı keçirilməməsinin səbəbi ölkənin imici ilə bağlıdır. İmic insanları bu istəkdən uzaqlaşdırır: “Hazırda Ermənistanda keçmiş müdafiə nazirləri, müxalifətlə görüşlər keçirilir, müzakirələr aparılır. Bizdə belə görüş, dialoq yoxdur. Bunu müşahidə edən hansı dünyaşöhrətli ulduz bizə dəstək verər? Ona görə də deyirəm ki, bu tipli şoularla heç nə dəyişməyəcək. Biz özümüz dəyişməliyik”. 
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Corc Kluninin Ermənistana səfərinin arxasında Ermənistan diasporasının gücü, maliyyəsi dayanmır. Müsahibimiz hesab edir ki, burda əsas məsələ Hollivud ulduzunun erməni həyat yoldaşı Amal Klunidir: “Onun arvadı ermənidir, ermənipərəstdir. Corc Kluni bu günə qədər Ermənistan tanıyırdı? Yoxsa erməni soyqırımına görə kədərlənirdi? Sadəcə, arvadına görə tanıyıb, bilib və gedib. Nə vaxt ki, bizim qızlar da Corc Klunilərə, Leonardo di Kaprioya ərə gedəcəklər, onda da o ulduzlar gəlib bizdə Xocalı soyqırımı ilə bağlı tədbirlərə qatılacaqlar”. 
 
Müsahibimiz eyni zamanda dedi kİ, Azərbaycan diasporu da beynəlxalq tədbirlərdə tanınmış konqresmenləri, siyasət, şou-biznes adamlarını öz tərəfinə çəkmək üçün xeyli işlər görür: “O qədər konyaklar, kürülər paylanır, ziyafətlər verilir. Bizimklilər də edir. Xarici ölkələrdəki tədbirlərdə tanınmış müğənniləri görən kimi onlara ”Sarı gəlin" oxutdururlar. Bunun özü də təbliğatdır. Amma davamlı olmalıdır. Daha çox kürü, daha çox konyak..." 
Cia.az