Aprelin 28-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda YAP-ın iyunun 18-də keçiriləcək təkrar parlament seçkisində iştirak etməsi haqda qərar qəbul edilib. Partiyanın mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, YAP seçkidə iştirak qərarı verməklə yanaşı, deputatlığa namizədini də irəli sürüb. İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Müxalifət partiyalarından isə hələlik Ümid Partiyası 90 saylı dairədə keçiriləcək təkrar seçkilərdə iştirak etmək barədə qərar verib. Ümid Partiyasının bu dairədən namizədi partiyanın sədri, keçmiş deputat İqbal Ağazadə olacaq. İqbal Ağazadənin bu barədə verdiyi xəbərə görə, artıq namizədliyini irəli sürməklə bağlı sənədlərini toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Xatırladaq ki, İqbal Ağazadə ötən il keçirilən parlament seçkilərində deputatı olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən yenidən namizədliyini irəli sürmüşdü. Həmin dairədə favorit namizəd məhz İqbal Ağazadə olsa da deputat mandatı ASDP sədri Araz Əlizadəyə verildi.
İ.Ağazadə indiyə qədər Ağdaşdan deputat olmasa da rəhbərlik etdiyi partiyanın bu rayonda güclü təşkilatının olduğu deyilir.
Digər tanınan müxalifət partiyalarının 90 saylı dairədə seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Müsavat Partiyası, AXP, AXCP, KXCP, ADP seçkidə iştirak etməyəcəklərini ötən həftə açıqlayıblar. Müxalif partiyalar bunu Seçki Məcəlləsində dəyişikliklərin olmaması, demokratik seçki mühitinin olmaması ilə əlaqələndirilər. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, seçkidə ona görə iştirak etmək istəmirlər ki, seçki oyunbazlığında iştirak etməyin mənası yoxdur: “Məzahir Pənahov nə qədər ki, MSK-ya rəhbərlik edir, Azərbaycanda ümumiyyətlə seçkidən danışmaq olmaz. Bir demokratın seçki oyununda iştirak etməsi demokratiyaya xəyanətdən başqa bir şey deyil”.
VİP isə seçki ilə bağlı son qərarını hələ ki verməyib. VİP sədri Əli Əliyev: “Çünki seçkiyə həlledici təsirə malik iqtidar siyasi dəyişim mövqeyi sərgiləmir. ABŞ səfərindən sonra hakimiyyətin siyasi açılım məsələsində güzəştlərə gedəcəyi gözlənilsə də, hələlik konkret addımlar atılmayıb. Parlamentə və seçkilərə dair iqtidarın mövqeyində əyani dəyişikliklər olmasa seçkilərə qatılmağın məqsədəmüvafiq olmadığı Siyasi Şura tərəfindən bildirildi. Məsələyə növbəti iclasda qayıdılacağı ilə bağlı qərar qəbul edilib”.
AMİP isə 90 saylı dairədə seçkiyə qatılıb-qatılmamaq məsələsini hələ müzakirəyə çıxarmayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, deputatlığa namizədliyini irəli sürmək istəyən şəxslər üçün vaxt iki həftədən artıqdır start götürüb: “Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə namizədliyi irəli sürülən şəxs tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edildikdən sonra beş gün müddətində DSK bu barədə əsaslandırılmış qərar qəbul edir. Namizədliyin irəli sürülməsi təsdiq edildikdən sonra namizəd və ya onun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilir. Bundan sonra namizədin müdafiəsi üçün imza toplanması mərhələsi başlayır. Sənədlər səsvermə gününə ən azı 30, ən çoxu 50 gün qalmış saat 18.00-dək DSK-ya təqdim olunmalıdır. İmzalar və digər sənədlər təqdim edildikdən sonra DSK 7 gün müddətində baxıb namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir”.
Qeyd edək ki, ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində 90 saylı dairədən həmin dairənin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. YAP-ın siyahısında olmasına baxmayaraq noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş seçki dairəsində seçkinin nəticələri ləğv edildi və Əsədullayev mandatsız qaldı.
Cia.az
