Ayın əvvəllərindən cəbhə xəttində başlayan gərginlik Ermənistan ordusunu çaş-baş salmaqla yanaşı, zəifliyini açıq şəkildə göstərdi. Azərbaycan ordusunun hücumlarına tab gətirməyən düşmən ölkə panik vəziyyətdədir. Bunu prezident Serj Sərkisyanın Müdafiə Nazirliyinin 3 generalını işdən qovması əyani şəkildə göstərir.
Təcavüzkar ölkənin son zərbələrdən sonra ordunu çevik və keyfiyyətli qurmaq üçün böyük çaba sərf etdiyi barədə xəbərlər yayılıb. Aprelin 6-dakı atəşkəsin də məhz bu səbəbdən Rusiyanın iştirakı ilə əldə olunduğu deyilir. Ekspertlər hesab edirlər ki, ermənilər heç zaman güclü orduya sahib olmayacaqlar. Bunu da əhalinin sayı və dövlətin maddi durumunun aşağı olması ilə əlaqələndirirlər.
Politoloq Elxan Şahinoğluna görə, Ermənistan prezidenti Sərkisyanın vəziyyəti hazırda çox ağırdır: “Üç şəxsi ona görə işdən qovdu ki, bütün günahları onların üzərinə yükləmək istəyir. Bu ondan xəbər verir ki, neçə vaxtdır Sərkisyan yalan danışırmış. Berlində olarkən suallara cavabında belə fikir səsləndirdi ki, guya ermənilər Azərbaycan ordusunun hücumunu dəf ediblər, qəhrəmancasına savaşıblar. Əgər qəhrəmancasına savaşıblarsa, o zaman üç mühüm postu tutan generalları nə üçün işdən çıxarırdınız? Özü də bu, elə postlardır ki, ordunun hansı istiqamətlərdə zəifliklərinin olduğunu göstərir. Bundan sonra qısa müddətdə Ermənistan ordusunun toparlanması çətin olacaq. Artıq xəbərlər gəlir ki, yaşlı insanları da orduya cəlb etmək istəyirlər. Başqa alternativləri də yoxdur. Əhali çox azdır. Psixoloji cəhətdən biz itkilərə hazırıq. Çünki torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırıq. Onlar üçün ikiqat ağırdır. Birincisi, onlar öz torpaqları üçün savaşmırlar. Yaşlılar öz övladlarını Ağdam, Füzuli və digər yerlərə göndərirlər və onlar da orada ölürlər. Bu da onlara ağır təsir edir. İkinci bir tərəfdən də say azlığı var. Onsuz da Ermənistanı çoxsaylı gənc nəsil tərk edib. Ordunu yenidən toparlamaq, ölkəni tərk edən əhalini geri qaytarmaq Sərkisyana çox çətin olacaq. Sərkisyan var-gücünü toplayıb, Tərtər istiqamətində bizə problem yaratmağa çalışır. 2-5 aprel tarixlərindən elə də uzun müddət keçməyib. Hələ isti-isti Sərkisyandan soruşulmur ki, yüksəkliklər Azərbaycana niyə verildi və bu qədər itki ilə üzləşdik. Erməni rəhbəri diqqəti yayındırıb, cəmiyyət arasına Rusiya mövzusunu atıb. Erməni cəmiyyəti Rusiyanın onlara kredit verməməsini, müasir silahlar satmamasını və Azərbaycana silah satmasını müzakirə edir. Sərkisyan düşünür ki, verdikləri yüksəklikləri geri ala bilər. Son günlərdə Tərtər istiqamətində atəşkəsin tez-tez pozulmasının arxasında bu amil dayanır. Amma unutduqları bir məqam var ki, Azərbaycan ordusu əks hücuma keçsə, yeni-yeni strateji mövqelər tuta bilər. Nəticədə erməni tərəfin itkiləri artar”.
Politoloq Rusiyanın son proseslərdə bir qədər məsafəli davrandığını da söylədi: “Rusiya çalışır ki, neytral mövqedə dayansın. Gələcəkdə bunun necə olacağını indidən demək tezdir. Ermənistan hakimiyyəti çox istəyər ki, Rusiya birbaşa yardım etsin. Amma Rusiya da 200 min dollarlıq krediti vermir ki, silah alsınlar. Ermənistanın müdafiə naziri Sergey Ohanyan Moskvada Rusiyanın müdafiə nazirinə az qala yalvarırdı ki, o pulu bizə verin. Bu qənaətə gəldim ki, o pul ermənilərə hələ verilməyib və bu istiqamətdə danışıqlar gedir. 200 min dollar əslində çox kiçik məbləğdir. Azərbaycanın imkanı var və yeni hərbi texnika alacaq. Milyardlarla vəsait xərcləyirik. Ermənistanın bu vəsaiti yoxdur. 200 min dollar 3-4 günlük müharibənin puludur. Həmişə demişəm ki, Rusiyada Qarabağ separatçılarına kömək məsələsi gündəmə gəlsə, Rusiya üçün ciddi başağrısı yaranar. İlk növbədə, Azərbaycanla strateji müttəfiqlik bitəcək. İki il öncə Ukrayna və Rusiya strateji müttəfiq idilər. Amma indi düşmən ölkəyə çevriliblər. Rusiya bu məsələdə mövqe qoysa, Türkiyə, Pakistan kimi dövlətlərdən də bizə dəstək gələcək. Nəticədə müharibə əhatəsi genişlənəcək. Cənubi Qafqaz isə müharibə ocağına çevriləcək. Belə olan halda Rusiyanın problemləri artacaq. Bu səbəbləri düşünərək, rus hakimiyyəti seyrçi mövqe tutur”.musavat
Cia.az
