|
Qarabağ münaqişəsinin həll modelləri -
Azərbaycan ordusunun aprelin ilk günlərində cəbhədəki uğuru Qarabağ münaqişəsini beynəlxalq səviyyədə ön sıralara çıxardı. Artıq hər kəs Ermənistanla Azərbaycanın danışıqlar masasında əyləşməsinə çalışır və münaqişənin sülh yolu ilə həll modellərini təklif edir. 
Yada salaq ki, 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq sülh danışıqları aparılır. 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeşt sammitində münaqişə ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunub. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapıb.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısından sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundular. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qupu həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etdilər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “Paket” (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla, bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “Mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan prezidenti həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi həmin təkliflərlə razılaşmadı.

1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “Ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycanın o zamankı  prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “Ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. “Ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk Qrupu praktik olaraq dalana dirəndi.

Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi.
 
Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycan prezidenti Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk Qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirib. Lakin irəli sürülən heç bir həll variantı üzrərində sülh sazişi imzalamaq mümkün olmayıb.
 
2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olunub. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə ediblər.
 
2005-ci il yanvarın 3-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda Təhlükəsizlik Şurasının iclasında münaqişənin aradan qaldırılması istiqamətində əlverişli şəraitin yarandığını və bu problemin “Praqa prosesi” əsasında getdiyini bildirməklə danışıqlarda yeni mərhələnin başlandığını bəyan edib. Ermənistan münaqişənin “Praqa prosesi”, yəni “mərhələli həll” variantı üzrə danışıqlara razılaşmaq məcburiyyətində qalıb. 2005-ci il mayın 15-də Varşavada, avqustun 27-də isə Kazanda iki ölkənin prezidentləri arasında keçirilən növbəti görüşlərdə danışıqların əsas mövzusu təklif edilən yeni sülh planının detallarının müzakirəsi olub. Keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi “Praqa prosesi”nin yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxarıb. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olunub.
Bundan sonra 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da  Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin 8 görüşü keçirilib. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, “Praqa prosesi” çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcud olub. Sonuncu dəfə isə 2011-ci ildə Kazanda o zamankı Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə “Medvedyev variantı” kimi mediada təqdim edilən həll variantı tərəflərə təklif edilib. Bir müddət danışıqlar bu təkliflər üzərində getsə də yenə də nəticə olmayıb. 
 
Bu tarixi xronologiya bu günədək Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmadığını sübut edən əyani faktdır. İndiyədək irəli sürülən həll variantlarından Azərbaycana hansının müəyyən qədər də olsa sərf etməsinə gəldikdə, bu barədə danışdığımız deputat Zahid Oruc öncə bildirdi ki, tarix boyu bütün müharibələr sonucda danışıqlardan keçib: “Hərbi gerçəkliklər yazılı sənədlərə daşınıb və sonucda bir müqavilə bağlanıb. Hər bir Azərbaycan insanı anlayır ki, Qarabağ cəbhəsində Ermənistanla Azərbaycan arasında gedən savaş günün birində yekunda hansısa bir hüquqi aktla sonuclanacaq. Lakin bu, 1994-1995-ci ilin məlum atəşkəs razılaşması aktı kimi deyil. Sülh planı nə zamansa imzalanacaq. ATƏT-in Minsk Qrupu yarandığı gündən bu yana yalnız 1996-cı ildə aktiv şəkildə bir neçə sülh sazişi sənədi təklif edib. Onlardan birincisi Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə səbəb olub. İkinci və üçüncülərin müzakirəsi zamanı isə Ermənistanın parlamentində gülləbaran əməliyyatı keçirilib və razılaşma mümkün olmayıb. 2011-ci ildə tərəflər xüsusilə də Rusiyanın egidası altında keçirilən danışıqlar vasitəsilə razılaşmaya gəlsəydilər və sülh müqaviləsi imzalansaydı da təminat yox idi ki, həmin model işləyəcək. Ona görə də ATƏT-in Minsk Qrupunun hazırkı konfiqurasiyasında Qarabağ məsələsinin çözümünü heç zaman gözləməyin. Ümumiyyətlə, bu məsələnin siyasi vasitə ilə həlli yoxdur. İrəli sürülən heç bir həll variantı Azərbaycanın marağına uyğun gəlmir. Çünki həll variantında Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi qoyulur. 4 günlük müharibə sübut elədi ki, istənilən beynəlxalq qurumlara ən yaxşı həll modelini əsgərlər təklif eləyə bilərlər”. 

Deputatın sözlərinə görə, bu mənada Azərbaycan maksimum elə bir şəraiti yetişdirməyə çalışır ki, hərbi və siyasi meydanda Ermənistanla təkbaşına üz-üzə qalsın: “Ona görə də ya paket, ya mərhələli həll variantlarının ayrı-ayrı detallarını qiymətləndirmək, yaxud da geniş polemikalar açmağın əleyhinəyəm. Unutmayın ki, hətta 50 il sonra referendumun keçirilməsi belə Azərbaycanın dövlətçiliyinə yönəlik təhlükə vəd edə bilər”. (musavat)
Cia.az