İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın son valyuta hərraclarında iştirakının mümkün nəticələrini şərh edib.
Aprelin 26-da keçirilən valyuta hərracında Mərkəzi Bank Dövlət Neft Fondundan 30 milyon ABŞ dolları alıb. Qurum aprelin 4-də təşkil olunan hərracda 400 min ABŞ dolları almışdı.
Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov yazır ki, Mərkəzi Bank hərraca daxil olmaqla manatın möhkəmlənməsinin də qarşısını alır: “Bu ondan xəbər verir ki, qurum məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, indi manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir. Görünür, manatın məzənnəsini imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa səy göstərilir. Təbii ki, bu, manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq.
Hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alğı-satqısı bazara ciddi iqtisadi təsir göstərmir. Daha çox psixoloji təsirlər hiss edilir. Amma qurum alıcı statusunu bir müddət saxlasa, bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələliksə baş bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və zəruri hallarda bazara daxil olub kursa təsir edib öz ehtiyatlarını artırmağa çalışacaq. Bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək”
Cia.az
