Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində hərəkətlilik başlanıb. Dünya Bankı TANAP-a 1 milyard dollar, Avropa İnvestisiya Bankı 1 milyard avro ayırır. Bank rəsmisinin açıqlamasında bildirilir ki, DB enerji sektorunda strateji əhəmiyyət kəsb edən TANAP layihəsinin bir parçası olmaq niyyətindədir: “BOTAŞ-ın maliyyələşdirilməsində yardımçı olacağıq. Söhbət təxminən 1 milyard dollarlıq maliyyə dəstəyindən gedir. Eyni zamanda biz Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edirik.
TANAP-ın 58 faizi SOCAR-a, 30 faizi BOTAŞ-a, 12 faizi isə BP şirkətinə məxsusdur. Hər bir səhmdar bu bölgüyə müvafiq olaraq layihəni maliyyələşdirir. Dünya Bankı və Avropa Birliyinin borc vermə mexanizminə uyğun olaraq Avropa İnvestisiya Bankı TANAP-a sərmayə yatırmağa hazırlaşır. Pay bölgüsünə uyğun olaraq, BOTAŞ TANAP-a 3 milyard dollarlıq yatırım etməlidir. Bunun üçün BOTAŞ Dünya Bankından 1 milyard dollar, Avropa İnvestisiya Bankından isə 1 milyard avro cəlb edəcək”.
TANAP-a Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP “Mərhələ-2" çərçvəsində ”Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq. Layihə 10 milyard dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR- 58 faiz, BP- 12 faiz, BOTAS- 30 faiz paya sahibdir.
Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Dünya Bankı ilə Avropa İnvestisiya Bankının ayırdığı kredit layihənin icrasına ciddi şəkildə köməklik göstərəcək: “TANAP layihəsi ümumilikdə götürdükdə on milyardlıq bir layihədir. İki milyard artıq 20 faiz maliyyə mənbəyi deməkdir, müəyyən işlər də görülüb. Azərbaycan da bununla bağlı bir milyardlıq istiqraz yerləşdirib. Vəsaitin daxil olması proseslərin müəyyən qədər davam etdirilməsini dəstəkləyəcək. Xüsusilə Türkiyənin 30 faizlik payının maliyyələşdirilməsində böyük rol oynayacaq. Yəni bir çox hallarda cəmiyyətdə yanlış başa düşülən bir məqam da ondan ibarətdir ki, bu, Azərbaycan üçün borclanma deyil. Azərbaycan dövləti tərəfindən və yaxud da şirkətləri tərəfindən deyil, Türkiyənin BOTAS şirkəti tərəfindən alınan borcdur. Türkiyə dövləti BOTAS-ın təmsilçiliyi ilə növbəti dövrlərdə kreditin geri qaytarılması ilə məşğul olacaq. Ümumi götürəndə TANAP və TAP layihələri çox böyük layihələrdir ki, iqtisadi və maliyyə baxımından çox pis vaxta təsadüf etdi. Azərbaycanın bu layihələrin icrasındakı payını yerinə yetirmək üçün bundan sonra ciddi şəkildə borclanma ehtiyacının olacağını düşünürəm”.
Qeyd edək ki, bir müddət əvvəl bu nəhəng layihənin tikintisinin təhlükə altında olduğu bildirilirdi. Ekspertlər bildirirdilər ki, ölkədəki iqtisadi böhran səbəbindən iri layihələrin taleyi sual altındadır. Hətta TANAP və TAP kimi enerji layihələrinin tikintisinin hansı şəkildə davam etdiriləcəyi ciddi suallar doğurur. Bir çox ekspertlərin fikrincə, bu layihələr gələcəkdə Azərbaycan üçün gəlir yeri deyil, büdcə üçün əlavə yük ola bilər. Çünki ölkə iqtisadi böhran şəraitində hətta bu layihədəki payını məcbur olub sata bilər ki, bu da əlavə problemlər yaradacaq.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, layihələrlə bağlı müxtəlif narahatedici xəbərlər dolaşır. Onun sözlərinə görə, müqavilələri imzalayarkən tam fərqli bir durumda idik, indi isə getdikcə maliyyə vəziyyətimiz, ölkənin gəlirləri aşağı düşür və bu layihələrdə Azərbaycanın payı kifayət qədər yüksəkdir. Yəni Azərbaycanın həm rezervlərinə, həm ümumiyyətlə bu layihələrin gələcək perspektivi nöqteyi-nəzərindən ağır yük olacaq. Problem onda olacaq ki, bir neçə il, hətta 10-15 il Azərbaycan qoyduğu vəsaitin geri qaytarılmasına çalışacaq. Qazanc haqqında danışmaq belə yersiz olacaq. Söhbət on il və daha artıq müddətdən gedir: “Bu layihələrin həyata keçirilməsi təbii ki, vacibdir. Azərbaycanın gələcəkdə enerji bazarında müəyyən rol oynaması üçün çox vacib layihələrdir”.
Cia.az
