Aprelin əvvəlində Qarabağ cəbhəsində 4 günlük müharibədən sonra ilk dəfə aprelin 25-də ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib. Rəsmi xəbərdə deyilir ki, Con Kerri İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışıb.
ABŞ-ın uzun fasilədən sonra prosesə dövlət katibi səviyyəsində müdaxilə eləməsi maraq doğurmaya bilməz. ABŞ bununla nə demək istəyir? Məqsəd nədir?
Politoloq Natiq Miri bildirdi ki, ABŞ dövlət katibinin məhz aprelin 25-də günün sonu zəng eləməsi Ermənistan prezidenti Serj Sərkisyanın “Blomberq” agentliyinə verdiyi müsahibəsindəki bəyanatlarla bağlı verilən reaksiyadır. Müsahibə yayılandan dərhal sonra Con Kerri hər iki dövlət başçısına zəng edib: “Bu zəng əslində heç də Azərbaycanın marağına uyğun sayıla bilməz. ABŞ dövlət katibi yaxşı olardı ki, yalnız işğalçı tərəfə-Ermənistan prezidentinə zəng edəydi və onu qeyd-şərtsiz danışıqlar masasına oturmağa çağıraydı.
Azərbaycan sülh danışıqlarına hazır olduğunu bəyan edib. Danışıqlara hazır olmayan Ermənistandır. ABŞ sanki Azərbaycanı dayandırmaq, Sərkisyanın müsahibəsindəki şərtlərin həyata keçirilməsi ilə danışıqların başlanmasına nail olmaq istəyir. ABŞ-ın az qala bir aydan sonra dövriyyəyə girməsinin arxasında səmimiyyət dayanmır, məkrli oyunun işartıları görünür.
Sərkisyanın təhdid xarakterli müsahibəsi Rusiyanın təlimatı ilə verilmiş müsahibədir və məqsəd ABŞ-ı status-kvonun bərpa edilməsi üçün Azərbaycana təsir göstərməyə cəlb etmək idi. ABŞ dövlət katibi Serj Sərkisyandan müharibəyə qətiyyən başlamaq olmaz tələbini etsəydi, o halda onun obyektivliyinə, səmimiyyətinə inanmaq olardı. İndiki halda isə danışıqlardan imtina edən, müharibə təhdidi ilə çıxış eləyən Ermənistan olduğu halda daha çox Azərbaycandan müharibəyə başlamamaq istənilir. ABŞ üçün Azərbaycanın torpaqlarının işğalda qalması və ya azad edilməsinin əhəmiyyəti yoxdur. ABŞ-ın yeganə istəyi status-kvonun saxlanması-müharibənin olmamasıdır. Status-kvonun saxlanması isə Azərbaycanın marağına uyğun deyil. Bunu Azərbaycan prezidenti də dəfələrlə bəyan edib”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ABŞ dövlət katibi Con Kerrinin telefon zəngi gecikib. Rusiyalı rəsmilər az qala Bakı və İrəvanda yatıb qalxırlar, amerikalı rəsmilərin isə indi yadlarına düşüb ki, hərdən Cənubi Qafqazla da maraqlanmaq lazımdır: “Barak Obama üçün Cənubi Qafqaz ümumiyyətlə aktual deyil. Kerrinin də zənginin yeganə mənası budur ki, sanki ruslara deyir ki, ”buralarda biz də varıq". Bir azdan Parisdən də zənglərin sayı artacaq. Onların istəyi necə olur-olsun hərbi qarşıdurmanın baş verməsinin qarşısını almaqdır. Danışıqlarda nəticə olmasa da, hər halda, amerikalı və fransalı rəsmilərin və diplomatların telefon zənglərindən və bölgəyə gələcək səfərlərindən yararlanmaq lazımdır, əsas odur ki, rusların təkbaşına vasitəçilik təşəbbüslərinin qarşısı mümkün qədər əngəllənsin".
Cia.az
