|
Ərdoğandan Putinə tikanlı mesaj
Cari il ərzində, nəhayət, üçüncü cəhddən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri baş tutdu. Bundan əvvəl planlaşdırılan səfərlər qardaş ölkədə törədilən xain terror əməlləri nəticəsində reallaşmamışdı, əvəzində Azərbaycan prezidenti qardaşlıq jesti edərək Ankaraya səfər etmişdi. 
Aprelin 25-26-sında xanımı ilə Bakıda olan Türkiyə prezidenti Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında yüksək səviyyədə görüş olub. Səfərin sonuncu günü isə Türkiyə lideri Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxış edib. Türkiyə prezidenti Bakıdan Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Ərdoğan Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb. Bildirib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var. “Bəs bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşımırmı? Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Onlar öz xalqını bombalayırlar” deyə, Türkiyə prezidenti bildirib. Ərdoğan deyib ki, Türkiyə terrorla mübarizədə əlindən gələni edir. Ancaq diqqətçəkən budur ki, Türkiyə prezidenti Qarabağ ətrafında baş verənlərə toxunmadı. Hər halda, Bakıda onun işğalçıya və onu müdafiə edənlərə kəskin bəyanatı gözlənilən idi. 

Politoloq Toğrul İsmayıl da təsdiq edir ki, Türkiyə prezidenti məsələdən bəhs etmədi: “Məncə, məsələni şişirtmək istəmədi. Bunu Azərbaycan tərəfi də istəməyə bilər. Hər halda, forumdan öncə Azərbaycan prezidenti ilə görüşmüşdü. Mən də belə hesab edirəm ki, bu məsələnin şişirdilməsi Azərbaycanın işinə yaramırdı”. 
Ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla bağlı konkret mesajlar verib. “Biz bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır” deyə, nazir bildirib. O, Minsk Qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşdüyünü bildirib: “Əgər onlar istəsələr, bu problem qısa müddətdə həll oluna bilər. Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi. Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır. Bizim bu məsələ ilə bağlı mövqeyimiz son dərəcə qətidir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq”.
Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a açaqlamasında Türkiyə liderinin Bakıya səfərini yüksək qiymətləndirdi: “Bu səfərin baş tutması Türkiyə üçün də mühüm əhəmiyyət kəsb edirdi. Çünki belə bir formatda forumun keçirilməsi ideyası məhz Türkiyə və İspaniyaya aiddir, buna görə də bir müəllif kimi iştirakı mütləq idi. Bundan başqa, açılışda öz bəyanatında da Ərdoğan sülhsevər tərəfdaşlarına və əks tərəfə də səsləndi və müəyyən bir mesaj da verdi. Ərdoğanın səfəri Rusiya-Türkiyə və ümumiyyətlə, regionda baş verən hazırkı məsələlərlə bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və son dərəcədə gərginləşən Azərbaycan - Ermənistan münasibətləri fonunda Türkiyənin Azərbaycanın strateji tərəfdaşı və ən yaxın müttəfiqi olduğunu göstərdi. Belə bir şəraitdə bu, çox mühüm əhəmiyyət kəsb edirdi”.
 
Yeri gəlmişkən, eyni gündə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı MHP-nin parlament qrupunun həftəlik toplantısındakı çıxışında Azərbaycanı Qarabağ savaşında birmənalı dəstəklədiyini deyib. Aznews.az xəbər verir ki, o, eyni zamanda Azərbaycan xalqına və hakimiyyətinə mesaj ünvanlayıb:“Türk milləti hər zaman Azərbaycanın yanında və arxasında olmuşdur, bundan sonra da soydaşlarını heç bir şərt altında yalqız buraxmayacaqdır. Qubada səslənən balaban, Xızıda dilə gələn tar, Ərzurumda vuran davulun, İstanbulda ötən neyin əkiz qardaşıdır. Coğrafiyamız, dövlətlərimiz ayrı ola bilər, ancaq bir millətin, ürəyi bir vuran övladlarıyıq. 4 gün sürən döyüşlərin ardından Azərbaycanın Lələtəpə kimi strateji önəm kəsb edən məntəqəni düşməndən azad etməsindən sevinc və məmnuniyyət, qürur duyduğumuzu təkrar bildirmək istəyirəm”. 
Cia.az