|
Corc Kluninin İrəvan səfəri və Xədicə İsmayılı müdafiəsi...
Son günlərin ən səs-küy yaradan hadisələrindən biri də heç şübhəsiz, Hollivud ulduzu Corc Kluninin Ermənistana gedərək, orada saxta soyqırım tədbirlərinə qatılmasıdır. Amma hökumətyönlü media bu xəbəri daha çox “ermənipərəst aktyorun arvadı Xədicə İsmayılovanı müdafiə edir” şəklində təqdim etdi.
Xatırladaq ki, aktyorun həyat yoldaşı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılı müdafiə edəcək. Bu isə xanım jurnalistə qarşı “qara piar” kampaniyası aparmaq istəyənlər üçün güclü motiv yaradır. 

Məsələdə maraqlı məqamlardan biri də Kluni amilinin  X.İsmayılın müdafiəsinə mənfi təsirinin olub-olmayacağı ilə bağlıdır. Bəs jurnalist həyat yoldaşı ermənipərəst olan bir vəkilin müdafiəsindən imtina edə bilərmi? Bu məqam onunçün prinsipial əhəmiyyət daşıyırmı? Yaxud Amal Kluni işğalçı Ermənistanla bağlı əri ilə eyni mövqeni bölüşürmü? 
Hazırda Praqada yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova sosial şəbəkədəki statusunda bu məsələyə fərqli münasibət bildirib. M.Əzizova yazıb ki, insanlar Amal Klunini gözlərində çox böyüdüblər: “Sabah Amal yox, Məmməd olsa yenə də böyüdəcəksiniz. Prinsip söhbətinə görə (mənəvi ilə səhv salmayın). Bu məsələdə sizin üçün əsas söz Xədicədir. Yəni əgər Amal Xədicəni müdafiə edirsə, o, artıq bizim qəhrəmandır. Səhv addım olub-olmaması müzakirə olunmur. Araşdırmadan. Amma mənim üçün Amal Kluni ilk öncə Hollivud aktyorunun həyat yoldaşıdır. Sonra bilmişəm ki, vəkildir. Çox gözəl, bu gün vəkillərin sayı, maşallah, gündən-günə artır. Bilirik ki, çoxları üçün ”kim daha çox ödəsə" əsas motivdir. Qınamıram. Azərbaycana, siyasi məhbuslara görə ürəyi yanır deməyin, inandırıcı deyil. Və ən əsası, Xədicənin müdafiəsində vəkillik kralı olmaq vacib deyil. Bu iş haqda bir az məlumatı olan vəkil sənədləri rahat hazırlayıb, Avropa Məhkəməsinə göndərib Xədicəni müdafiə edə bilər. (Nümunə - Azərbaycan vəkillərinin minlərlə udulan işləri) Amal Kluninin əsas işi gözəl siması ilə Xədicə haqda məlumatın yayılmasıdır. Bunun üçün ayrılan pulla bir neçə QHT bu işi daha effektiv görə bilər. Və sözün qısası, mən istəməzdim Amalın adı Xədicənin adı ilə bir yerdə hallansın. Amal Kluni Xədicənin adını çəkəndə hansı mesajla olursa-olsun, qıcıqlanıram. Xədicənin işini bu xanım mənim aləmimdə kiçiltdi. Bu boyda dünyada ayrı adlı-sanlı vəkil tapılmadı?" 
Amma X.İsmayılın vəkili Fariz Namazlının fikrincə, Corc Kluninin Ermənistana getməsi ilə Amal Kluninin xanım jurnalisti müdafiə etməsi arasında heç bir əlaqə yoxdur: “Əsas odur ki, Amal Kluni Ermənistana getməyib. Corc Kluni deyib ki, Amalın daha vacib işləri var və o, Xədicə İsmayılın müdafiəsi ilə məşğuldur. Amal hökumət rəsmiləri ilə yazışır, beynəlxalq KİV-lərə bu məsələ ilə bağlı müsahibə verir. Hazırda sırf Xədicənin müdafiəsi ilə məşğuldur. Ərinin hansısa səfərinin Amalın mövqeyinə təsiri yoxdur. Corc Kluninin Ermənistana getməsi isə 2014-cü ildən məlumdur. O layihədə həmin ildən iştirak edir. Amma Corc Kluninin düşmən ölkəyə getməsi Amal Kluninin Xədicənin müdafiəsini zəiflədəcəyi anlamına gəlmir. Bu, yanlış fikirdir”. 
F.Namazlı A.Klunini vəkil kimi də yüksək qiymətləndirdi. Dedi ki, xanım Kluni X.İsmayılın müdafiəsi ilə bağlı çox ciddi işlər aparır: “Mən Kluninin hökumətlə yazışmasındakı qeydləri oxumuşam. 13 səhifəlik kommunikasiyaya 140-150 səhifəlik cavab verib. Amma mən görürəm ki, bəzi KİV-lər Kluninin Xədicə xanımı müdafiəsindən narahatdırlar. Maraqlıdır, bu narahatlığın səbəbi nədir? Daha çox ifşadan narahatdılar, deyəsən”. 
 
Xatırladaq ki, A.Kluni daha öncə Vikileaks saytının yaradıcısı Assancı, eləcə də Ukraynanın keçmiş baş naziri Yuliya  Timoşenkonu müdafiə edib. 
 
X.İsmayıl vəkili vasitəsilə deyib ki, Amalın etnik mənsubiyyəti onu düşündürmür. Jurnalistin fikrincə, normal insanlar “haralısan” sualını vermirlər, etnik mənsubiyyətlə maraqlanmırlar. 
Cia.az