|
Mərkəzi Bankın son şansı - dollar ucuzlaşdırılır...
Milli valyuta olan manat dollar qarşısında dəyər qazanmağa başlayıb. Artıq bir dollar 1,50 manat civarındadır. Ekspertlər dolların ucuzlaşması prosesinin səbəblərini musavat.com-a açıqlayıblar. Bildirilir ki, bu, sırf inzibati metodla atılan addımdır. 
Həmçinin manatın bahalaşdırılmasının arxasında Mərkəzi Bankla yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası arasında münasibətlərin dayandığı da bildirilir. Belə ki, Mərkəzi Bank əlində olan son şansdan istifadə edərək manatı bahalaşdırır və bununla gələcək devalvasiyanın məsuliyyətini  palatanın üzərinə atmaq istəyir...
 
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, səbəblər sırf inzibatidir: “Çünki inzibati qaydalar səbəbindən Azərbaycanda hər hansı bir məntiqi, iqtisadi analizə görə üzən məzənnə prinsipi yoxdur. Rusiyada bilirik ki, dünya bazarında neft ucuzlaşanda rubl bahalaşır, yaxud əksinə. Yəni bir mütənasiblik var. Azərbaycanda heç bu mütənasiblik, bağlılıq da yoxdur. Yeganə səbəb manat kütləsinin sıxılması, sərt monetar siyasətlə bağlıdır. 
 
Bu, müəyyən dərəcədə məzənnəni indiki səviyyələrdə, yəni 1,50 civarında saxlamağa imkan verir. Amma iqtisadi aktivliyə çox böyük zərbə vurur. Yəni ticarət dövriyyəsi azalır, insanların gəlirləri azalır. Bu sərt monetar siyasətin çox böyük fəsadları olacaq. Yəni hökumət qurumları, dövlət qurumları bir problemi həll etməyə çalışarkən digər sahələrdə böyük problemlər yaradırlar. Əsasən də bank sahəsində böyük problemlər yaradılır. Çünki yeni yaradılan palatanın rəhbəri Rüfət Aslanlı da son müsahibəsində kreditləşmənin daha da sərtləşə biləcəyinin anonsunu verdi. Əgər banklarda kreditləşmə sərtləşəcəksə, geri dönüşü problem olan kreditlərin yığılmasında fasilə davam edəcəksə, bir müddət sonra banklarda böyük problem yaşanacaq və onların bir-bir sıradan çıxmasının şahidi olacağıq. Yəni məzənnədə inzibati metodlarla sabitlik yaratmaq digər makroiqtisadi göstəricilərə və ümumiyyətlə, iqtisadi aktivliyə böyük zərbə vurur”. 
 
Ekspert bir müddət sonra bu siyasətdən əl çəkiləcəyini də proqnozlaşdırıb: “Bu, düşünürəm ki, çox sərt bir siyasətdir və bir müddət sonra hökumət və Mərkəzi Bank bu siyasətdən əl çəkməyə məcbur qalacaq. Çünki bu, ölkədə ümumi daxili məhsulun daha da sürətlə azalmasına, iqtisadi aktivliyin zəifləməsinə, insanların gəlirlərinin azalmasına, daha böyük problemlərə gətirib çıxaracaq. Sosial gərginliyin artması ilə də nəticələnə bilər. Ona görə də düşünürəm ki, bir müddətdən sonra hökumət məcbur olub o siyasətdə dəyişiklik etməli olacaq. Çünki uzun zaman sırf sərt monetar siyasət nəticəsində makroiqtisadi sabitliyi saxlamaq mümkün deyil. Birinci etapda bəlkə də müəyyən dərəcədə stabillik yaratmaq üçün atılmalı olan addım idi. Amma bunun ardınca ciddi islahatlar paketi də olmalıdır ki, mənfi effekt verməsin. Amma indi görünən odur ki, əks effekt verməyə başlayır və bir müddət sonra bu siyasətdən əl çəkməyə məcbur olacaqlar”. 
 
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bu gün maliyyə sistemində vəziyyət gərgindir: “Bir tərəfdən milli valyuta kütləsi azalıb. Pul istənilən iqtisadiyyatın qanıdır, pul yoxdursa, iqtisadiyyat işləyə bilməyəcək. İndi Mərkəzi Bank ”qan dövranını" da işləməyə qoymur. Mərkəzi Bank ona görə belə edir ki, qorxur. Yəni milli valyutada kredit versə, banklarda özbaşınalıqdır, onlar dərhal həmin milli valyutanı dollara çevirəcəklər. Mərkəzi Bankın valyuta ehtiyatları yenə azalacaq və növbəti devalvasiyanı qaçılmaz edəcək. Bu da ona görə baş verir ki, Mərkəzi Bankın kreditləri banklar tərəfindən təyinatı üzrə istifadə edilmir. Əslində normal iqtisadiyyatda Mərkəzi Bank banklara kredit verəndə təyinatını bildirir. Yəni bildirilir ki, bu pul valyuta bazarına çıxarılmasın. 
 
Sadəcə, on illər ərzində Mərkəzi Bank normal bank sistemi qura bilməyib. Verilən kreditlərin təyinatı üzrə istifadə edilməsi mexanizmləri yoxdur. Bunu da bir günə qurmaq mümkün deyil. Buna görə Mərkəzi Bank qorxur. İndi vəziyyət bir tərəfdən də fərqlidir. Əvvəl banklar kredit üçün özləri müraciət edirdilər. İndi banklar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə Mərkəzi Bankdan kredit ala bilirlər. Buna görə də çox paradoksal vəziyyətdir. Yəni banklar əlbəttə ki, milli valyutada kredit götürmək istəyirlər. Sadəcə, palata çətin vəziyyətdədir. Yəni palata əgər razılıq versə və banklar Mərkəzi Bankdan kredit götürməyə başlasalar, sabah həmin pul valyuta bazarına axışsa, Mərkəzi Bankın valyuta ehtiyatları azalsa, növbəti devalvasiya olsa, Mərkəzi Bank bütün məsuliyyəti palatanın üstünə yıxacaq. Bildiriləcək ki, Mərkəzi Bank hətta milli valyutanın məzənnəsini aşağı salmışdı, 1,55-dən 1,50-yə salmışdı, amma palatanın banklara kredit verilməsi üçün müraciəti növbəti devalvasiyaya yol açdı. 
 
Yəni palata kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət edə bilmədi, buna görə valyuta bazarında çaşqınlıq yarandı və növbəti devalvasiya oldu. Məhz buna görə də palata ehtiyatlı davranır. Buna görə palata kreditləşməni qadağan edir, dayandırır. Çünki palata hələlik quruculuq dövründədir. Palatanın idarəetmə orqanı direktorlar şurasıdır və idarə heyətidir. Bu orqanlar tam seçilib formalaşmayıb, kadrlar məsələsi sonadək həll edilməyib. Digər tərəfdən, Mərkəzi Bankla palata arasında təhvil-təslim prosesi də bitməyib. Palata gərək bütün bu bank nəzarəti ilə bağlı sənədləri Mərkəzi Bankdan götürsün. Belə bir şəraitdə, palata hələlik banklara tam nəzarət edə bilmir. Buna görə də palata üzərinə məsuliyyəti götürməyə qorxur. Bu şəraitdə də udan Mərkəzi Bankdır. Mərkəzi Bank hamıya bəyan edir ki, mən devalvasiyanı saxlamışam, milli valyuta nəinki sabitləşib, hətta xeyli möhkəmlənib və problem də yoxdur. Əgər banklara kredit lazımdırsa, buyursunlar. Yəni palata razılıq versin, kredit verim. Mərkəzi Bank belə vəziyyətdə sadə dillə desək, yaxşı oğlan olub, palata isə əksinə".
 
Ekspertin sözlərinə görə, son nəticədə milli valyuta kütləsinin azalması bank sistemini çökdürür və ən əsası, iqtisadiyyatımıza çox mənfi təsir göstərir: “Yəni pul yoxdursa, iqtisadiyyat fəaliyyət göstərə bilməyəcək. Sadəcə, burada Mərkəzi Bank özünü kənara qoyub, öz problemlərini həll edir və hamının gözündə problemsiz olduğunu göstərir. Son nəticədə uduzan iqtisadiyyatımızdır. Manatın belə möhkəmlənməsi son nəticədə bütün iqtisadiyyatımızın çökməsi ilə nəticələnər. Düşünürəm ki, dolların düşməsi çox da davam etməyəcək, böyük ehtimalla 2-3 aya, yəni palata özünü tam tutandan sonra, bank nəzarətini tam həyata keçirdikdən sonra dövriyyəyə milli valyuta axını davam edəcək. Bundan sonra isə milli valyutanın devalvasiya prosesinin davam edəcəyi qaçılmazdır”.  
Cia.az