|
Bank sektoruna qarşı məhdudlaşdırıcı qərarlar gəlir
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının mətbuata müsahibəsi ekspertlər tərəfindən ciddi şəkildə izlənilib. ANS-ə verilən müsahibədə ciddi məqamlar var. Rüfət Aslanlı müsahibəsində bildirib ki, 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində əhali və biznesin xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində, təxminən 95 faiz artıb.
Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başlayıblar. Bu da banklarda müəyyən likvitliyin azalmasına və digər proseslərə gətirib çıxarıb. Onun sözlərinə görə, bu səbəbdən onlar xərcləmələrini gəlirlərə uyğunlaşdırıblar ki, borclanmalar artmasın. Aktivlərin azalması isə artıq bankları başqa rejimdə işləməyə sövq edir. 
Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini də açıqlayıb. O, bu addımın səbəbləri ilə yanaşı, vəziyyətdən çıxış yolu kimi düşünülən addımlar barədə də danışıb. R.Aslanlının sözlərinə görə, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir. Bu, sadəcə, kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir: “Aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manatdır. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının yaşaması sual doğurur. Digər tərəfdən, palatanın araşdırmaları pensiyaçıların krediti çox vaxt özlərinin yox yaxınlarının ehtiyacı üçün aldığını göstərib. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir. Hazırda palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir”. R.Aslanlının sözlərinə görə, borc yükünün gəlirlərə nisbət göstəricisi daha real olmalıdır. Yəni vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50 faizindən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, R.Aslanlının müsahibəsində bir çox məsələlər yer alıb: “Əvvəla, Rüfət Aslanlı mənim yaşayış minimumu barədə aylar öncə dediyimi təsdiqlədi, yaşayış minimumu toxunulmazdır. Aylar boyu dediyim, lakin bankların, kollektorların və icra məmurlarının qəbul etmədiyi həqiqəti banklara nəzarət edən qurumun rəhbəri etiraf etdi. Borclunun və himayəsində olan şəxslərin qanunla müəyyən edilən yaşayış minimumu, böyüklər üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğ toxunulmazdır. Üstəlik, vətəndaş sübut etsə ki, real minimal xərcləri, məsələn, tibbi və sair xərcləri daha çoxdur, həmin xərclər həddində də gəlirləri toxunulmazdır. Buna görə də yaşayış minimumundan aşağı rəsmi gəlirləri olan şəxslər borclarını ödəməyə bilər. Yaşayış minimumundan yuxarı rəsmi gəliri olan şəxslər isə yalnız həmin fərq həddində borcu ödəməlidir. Və buna görə heç kəs borcluya heç nə edə bilməz. Bunu mən yox, qanun deyir. Qanunu heçə sayanların diqqətinə isə ən azı Rüfət Aslanlıdan sitatlar gətirin”.

Ekspertin sözlərinə görə, burada əlavə iki məqam var: “Biri odur ki, palata rəhbərinin sözündən dollar kreditləri üzrə heç bir güzəşt gözlənilmədiyi bəlli oldu. Bu, əslində aydın idi. Ötən aylar ərzində də hökumət nümayəndələri fikirlərini bildirmişdilər. Bu fikir bir daha təsdiqlədi. Heç bir güzəşt olmayacaq. Sadəcə, insanları sakitləşdirirdilər. Bu baxımdan, insanlarımız, borclular üçün nəticə budur ki, hüquqlarını ancaq məhkəmələrdə müdafiə etsinlər. Amma eyni zamanda palata rəhbərinin yaşayış minimumu məsələsinə toxunması o deməkdir ki, ödəniş iqtidarında olmayan şəxslər krediti ödəməsinlər. Palata rəhbərinin də fikirlərinə istinad etsinlər ki, yaşamağa pulum yoxdur. Palata rəhbərinin gətirdiyi arqumentlə isə tam razılaşmaq olmur. Deyir ki, kimlərəsə güzəşt edilsə, sosial ədalət prinsipi pozulacaq. Bu fikirlə razı deyiləm. Əksinə, bu, sosial ədalət prinsipini təmin edir, bərpa edir. 
 
Çünki kimsə əgər kreditini yeni məzənnə ilə ödəyə bilirsə, deməli, maliyyə vəziyyəti azı qənaətbəxşdir. Kim ki ödəyə bilmir, vəziyyəti pisdir və dövlətin köməyinə ehtiyacı var. Dövlət aztəminatlı insanlara, məsələn, əlilliyi olanlara müəyyən dövlət müavinətləri verirlər, biz deyək ki, niyə hamıya verilmir? Əksinə, dövlət əhalinin daha aztəminatlı, zəif təbəqələrinə kömək etməlidir. Burada da eyni vəziyyətdir ki, insanlar borcunu ödəyə bilmədiyinə görə gərək dövlət ona köməklik etsin. İstisna etmirəm ki, sui-istifadə halları var. Bəzi insanlar bəlkə də ödəyə bilir, sadəcə, bilə-bilə ödəmir, güzəşt gözləyir. Amma güman edirəm ki, belə hallar çox deyil və hansısa bir neçə nəfərə görə əhalinin xeyli hissəsini cəzalandırmağı düzgün hesab etmirəm. Digər gəldiyim nəticələr budur ki, prinsipcə, Rüfət Aslanlının çıxışı tutduğu vəzifəyə görə kifayət qədər peşəkar və səmimi idi. Faktiki olaraq ölkədəki maliyyə vəziyyətinin çətin olduğunu etiraf etdi, bank sisteminin vəziyyətinin pis olduğunu etiraf etdi və sözündən belə başa düşdük ki, bank nəzarəti gücləndiriləcək. Bu da çox düzgün addımdır. Çünki banklarımız özbaşına idilər. Yəni kredit siyasəti və sərtləşdiriləcək. Belə bir nəticəyə gəldim. Orada biz yenə qayıtsaq dollar kreditlərinə dair, orada belə bir ifadə işlətdi ki, banklar öz müsbət addımları haqqında danışmaqdan qorxurlar, qorxmasınlar. Mən isə deyirəm ki, xeyr, qorxmalıdırlar. Banklar hansı yaxşı addımlar atıblar ki? Əgər bank devalvasiyadan sonra müştəriyə deyir ki, gəl sənə 3-4 faiz güzəşt edim, bu, güzəşt deyil. Əgər bank devalvasiyadan yüz faiz gəlir əldə edirsə və vətəndaş da yüz faiz itkiyə məruz qalırsa, bankın faiz dərəcəsində müəyyən güzəşt etməsi güzəşt deyil. Məhz buna görə də banklar bu kampaniyalarını elə də geniş reklam etmirlər və qorxmalıdırlar”. 
 
Ekspert Samir Əliyev isə qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının açıqlamasından bir neçə nəticə çıxarıb: “Dollar kreditlərinin sahibləri gözlərini kompensasiyadan çəksinlər. İstehlak kreditlərinin şərtləri daha da sərtləşdiriləcək. Bank sektoru yaxın dövrdə palatadan daha çox məhdudlaşdırıcı qərarlar alacaq. Hökumət manat kütləsini artırmaq niyyətində deyil. Bank sektorunun problemləri bank sektorundan kənardan qaynaqlanır. Biznesdə risklər yüksək olduqca banklar real sektora kredit verməyəcəklər”. 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də yaradılıb. Dövlət başçısı İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Cia.az