Aprelin 25-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.
Forum çərçivəsində keçirilən gənclər tədbirində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl Nasir , Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
APA-nın məlumatına görə, çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bildirib ki, biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz: “Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı vahid fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir. Biz İDEA kampaniyasını həyata keçiririk. İDEA çərçivəsində son 5 ildə 5 milyondan çox ağac çəkmişik. Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmağa çalışmışıq. Yeni iştirakçıları öz fəaliyyətlərimizə cəlb etmişik və çalışmışıq ki, bu fəaliyyətlər sıxıcı və üzücü olmasın. Çağdaş cəmiyyət sınaq mərhələsindədir. Bizim həyatımız hər saniyədə dəyişir. Bu gün dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Elə zamana gəlib çata bilərik ki, bütün heyvan növlərinin nəsli kəsilə bilər. Hamınız ətraf mühitin qorunmasında rol oynaya bilərsiniz. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”.
BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nasir Əbdüləziz əl Nasir çıxışında Azərbaycana belə tədbirə ev sahibliyi etdiyinə görə minnətdarlığını bildirib: “Hər kəsin birlikdə yaşadığı cəmiyyət, qruplaşmalara qarşı bir dünya üçün çalışmaq lazımdır. İcma olaraq əmin olmalıyıq ki, dünyanı dəyişmək üçün gənclərə səlahiyyət verə bilirik. Gənclər tərəfindən öhdəlik nümayiş etdirilməsə, davamlı inkişaf mümkün deyil. Yeganə təcrübə mənbəyi bilikdir. Gənclər hər zaman irəliyə addım atmalıdır”.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da çıxış edib. O bildirib ki, Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atılır: “Bu sahədə Azərbaycanda bir sıra layihələr həyata keçirilib, Gənclər Fondu yaradılıb. Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. Gənc insanların ölüm xəbərlərini eşidirik. Bu, çox ağrılıdır. Bütün dünyada qadınlara qarşı zorakılıqla mübarizə aparılmalıdır. Azərbaycan da ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqları işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açırıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək”.
Report.az-ın məlumatına görə, forum çərçivəsində “Gənclər və sosial İnkluzivlik üzrə qlobal gündəlik:Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda müzakirələr zamanı BMT baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi Azərbaycanın dövlət nümayəndələrinin qurumun əsas meyarlarını paylaşdığını xüsusi vurğulayıb: “İnsan haqları, inkişaf, sülh və əmin-amanlıq BMT-nin vacib sütunlarıdır. Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqişə zonasında yaşayan 600 milyondan çox gənclə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq. 2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub. Bu bizi narahat edir. Bu forumda formalaşdıracağımız əsas meyarlar mentalitetin dəyişməsinin təzahürü olacaq. Bu isə gələcəyə böyük töhfələr verəcək”.
Daha sonra BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurum çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə daha perspektivli uğurlara imza ata bilməyin mümkünlüyünə toxunub.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakçıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma olduğunu qeyd edən F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib.
Forum çərçivəsində Biznes Simpoziumu da keçirilib. Simpoziumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, inklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir: “İnklüziv cəmiyyət yoxsul, fiziki və əqli məhdudiyyəti olan insanların və cəmiyyətin digər həssas qrupunun maddi imkanının yaradılması, sosial xidmətlərin göstərilməsi, rifahının artırılmasını nəzərdə tutur. Dünya inklüziv cəmiyyətin inkişaf üçün bir sıra layihələr həyata keçirir”.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 27 aprel tarixinə qədər davam edəcək.
Cia.az
