Milli valyutamızla - manatla bağlı növbəti iddialar səslənməkdədir. Bəzi ekspertlər bildirirlər ki, istənilən halda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) bu ilin yayında keçirəcəyi toplantıya qədər heç bir ucuzlaşma olmayacaq.
Yəni manatın ucuzlaşma ehtimalı FES-in toplantıda uçot dərəcəsini artırıb-artırmayacağından asılı olacaq. FES-in isə uçot dərəcəsini artıracağı ehtimalları böyükdür. Rəyini öyrəndiyimiz ekspertlər isə musavat.com-a açıqlamalarında hazırda manata olan əsas təhlükələri açıqlayıblar. Birinci yerdə neftin dünya bazarındakı qiyməti dayanır.
Ekspert Natiq Cəfərli bildirib ki, manata əsas təhlükə neftin qiyməti ilə bağlıdır: “Neftin qiyməti hələlik kifayət qədər normal səviyyədə deyil. Son zamanlar təqribən qiymət 10 dollara yaxın qalxdı, neftin bareli 35 dollardan 45-ə qədər yüksəldi. Amma bu da tam kifayət etməsə də, müəyyən stabilliyin yaranması üçün valyuta ehtiyatlarının müəyyən dərəcədə daha çox ölkəyə daxil olması kifayət qədər normal bir qiymətdir. Ona görə də iyuna qədər olan proseslərdə ən böyük ehtimallardan biri neftin qiymətində növbəti kəskin etmələrin olması halında manata olan basqıların artmasıdır. Bundan başqa, Azərbaycanda ticarət dövriyyəsi kifayət qədər zəifdir. Azərbaycanda bu dəqiqə əsas problem dollarla da bağlı deyil. Çünki Mərkəzi Bank kifayət qədər sırf monetar siyasət yeridir. Bunun nəticəsində manat dövriyyəsi xeyli dərəcədə azalıb. Manat dövriyyəsinin azalması isə iqtisadi aktivliyə birbaşa təsir göstərir, yəni iqtisadi aktivlik azalır. Bu da gəlirlərin, iş yerlərinin azalmasına gətirib çıxarır. Ona görə də hökumət ola bilər ki, bu siyasətdə bir az yumşalmaya getsin. Çünki belə çox davam edə bilməz. Bu qədər sərt siyasət aparmaq mümkün deyil, iqtisadiyyatı çox ciddi zəiflədir. İndi yeni qərarlar olsa, ola bilər ki, may ayında daha rahat və daha sərbəst manat siyasəti yerinə yetirəcəklər, dövriyyəni artıracaqlar. Bununla da bağlı dolların məzənnəsinə müəyyən təsirlər ola bilər”.
Ekspert Rəşad Həsənov isə qeyd edib ki, FES-in toplantısının manata təsiri nisbi yanaşmadır: “Yəni onu nəzərə almaq lazımdır ki, FES-in toplantıları və qərarları Azərbaycan manatının məzənnəsində çox cüzi faizlərlə ifadə olunan rol oynaya bilir. Əsasən Azərbaycanda manat və dollar arasındakı münasibətlər tədiyyə balansından formalaşır. Eyni zamanda, dünya birjalarında neftin qiymətindəki dəyişmələrin nəticəsində yaranan psixoloji təzyiqin nəticəsində formalaşır. Hazırda ölkədə idxalın səviyyəsi kifayət qədər aşağı düşüb. Və bunun da səbəbi ixrac yükünün azalmasıdır. Ölkədə böhranla əlaqədar olaraq alıcılıq kifayət qədər aşağı düşüb. Bu, xüsusilə də lüks kateqoriyalı məhsullarda, xaricdən idxal olunan ərzaq mallarda və s. hiss olunmaqdadır. Tikinti sektorunda bu, daha çox müşahidə olunur. Nəticədə ölkədən dolların çıxışı müəyyən qədər azalıb. Eyni zamanda, Azərbaycandan xaricə valyuta axınının qarşısını almaq üçün də addımlar atılır. Bu hal müəyyən qədər məhdudlaşdırılıb. Bu, öz-özlüyündə daxili bazarda valyutaya olan tələbin aşağı düşməsinə səbəb olur. Paralel olaraq qısa müddət ərzində sürətlə gedən dollarlaşmadan sonra insanların hazırda gəlirlərinin azalması nəticəsində yığımların xərclənməsi prosesi baş verir. Yəni əvvəlki dövrlərdə xarici valyutaya çevrilmiş yığımlar artıq məcburən xərclənir və o xərclənmə zamanı onlar bazara təklif olunur. Digər bir məsələ isə ondan ibarətdir ki, hazırda manat qıtlığı çox ciddi şəkildə hiss olunmaqdadır. İlin birinci rübündə dövlət büdcəsinin xərcləmələrin 30 faizdən artığına qənaət edildi. Bu, bazara daxil olan manat kütləsinin həcminin az olmasına gətirib çıxarır. Banklar faktiki olaraq manat qıtlığından hərraclarda iştirak edə bilmirlər və dollar almaqda maraqlı deyillər. Əks halda, onlar öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmirlər. Bütün bunların üzərinə hazırda bir məsələ də var ki, dünya bazarlarında neftin qiymətində müəyyən bahalaşma prosesi baş verir. Yəni trend bahalaşmaya doğrudur. Bu, özü də ölkədaxili vətəndaşlar üzərində psixoloji təzyiqlər formalaşdırır. Həm biznes, həm də vətəndaşlar düşünürlər ki, neftin qiymətinin qalxması birbaşa olaraq manatın möhkəmlənməsi deməkdir. Bu üzdən də öz dollarla vəsaitlərini bazara təklif edirlər”.
Ekspertin sözlərinə görə, bu proses bir müddət davam edəcək: “Düşünürəm ki, iyun ayına qədər müəyyən dalğalanmalar, təbii ki, ola bilər. Bazarda xüsusilə idxaldan asılı olan, bundan sonrakı dövrdə idxaldan daha çox asılı olan məzənnə dəyişikliyi hiss ediləcək. Əgər növbəti dövrlərdə idxalın həcmində artım baş verərsə, bu, öz-özlüyündə manatın nisbətən ucuzlaşmasına, əks halda isə möhkəmlənməsinə gətirib çıxaracaq. Bir məqama da diqqət etmək lazımdır. Təxminən bu, psixoloji bir həddir. Hazırda 1,50 ətrafında manat müəyyən qədər möhkəmlənməyə cəhd göstərir. Amma hazırkı iqtisadi nəticə göstəriciləri, ölkəyə dollar daxil olmasını eyni zamanda, dövriyyədəki manat kütləsini nəzərə alsaq, bir neçə aydan sonra dolların zaman çərçivəsində yenidən bahalaşması hiss oluna bilər. Təbii ki, artıq iyun ayında, yaxud da avqustda FES uçot dərəcəsini artıracaq. Bu artımın da özünün ilk anlarda psixoloji təzyiqləri olacaq. Daha sonrakı zamanda isə vəziyyət dolların dünya bazarlarındakı mövqeyinin hansı istiqamətdə dəyişməsindən asılı olacaq. Çünki biz 2015-ci ilin dekabr ayında da onu müşahidə etdik ki, FES uçot dərəcəsini artıranda qısamüddətli dövrdə dolların möhkəmlənməsi baş verdi. Amma sonrakı dövrdə dünyanın əsas valyutalarına qarşı öz mövqeyini qoruyub saxlaya bilmədi. Bu kimi amillər də var. Ona görə də manatın məzənnəsi ilə bağlı çox ciddi dəyişikliklər gözlənilmir. Amma zaman çərçivəsində, xüsusilə də avqust ayından sonra mümkündür ki, manat yenidən müəyyən həcmdə öz dəyərini itirsin”.
Cia.az
