Dağlıq Qarabağ mövzusu ətrafında ötən həftə də mühüm hərəkətlilik qeydə alındı. Xüsusən də Rusiyanın məsələdə aktivliyi özünü göstərdi. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında problemə diqqət ayrıldı. Ancaq ən mühümü, təbii ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri oldu. Bu səfər Qarabağ nizamlanmasında Moskvanın təşəbbüsünün nədən ibarət olmasına aydınlıq gətirməli idi. Gətirdimi?
Ondan başlayaq ki, bir sıra azərbaycanlı ekspertlər Rusiya XİN başçısının İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşlərdən sonra verdiyi açıqlamaları (əgər erməni mənbələri təhrifə yol verməyibsə) bir elə nikbin saymayıblar. Hətta həmin açıqlamalardan belə bir qənaət formalaşıb ki, Kreml Qarabağ məsələsində, daha doğrusu, rayonların qeyd-şərtsiz boşaldılması məsələsində öz forpostuna təzyiq etməyə hazırlaşmır.
Söhbət hazırda Rusiyanın “Kazan formulu” deyilən həll variantından gedir. Onun mahiyyətini Lavrov hələ İrəvanda olarkən Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov bir daha açıqlayıb. “Vestnik Kavkaza” nəşrinə müsahibəsində o deyib ki, “Azərbaycanın və Türkiyənin Ermənistanla sərhədləri və kommunikasiyaları açmasının qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addım olacaq”.
Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 və ya 6 rayonu Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. Daha sonra köçkünlər qayıtmalı, Dağlıq Qarabağın referendulma müəyyənləşməsi ilə bağlı yazılı öhdəlik götürülməlidir”.
Politoloq “Kazan formulu”nu reallaşma ehtimalı ən yüksək olan həll variantı adlandırıb.
Dağlıq Qarabağın statusu ilə bağlı isə Putinin səlahiyyətli şəxsi belə deyib: “Hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın. Ermənistan isə deyir ki, ”Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?" Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər".
Politoloq işğalçı Ermənistana xəbərdarlıq da edib: “Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneə İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsidir. İrəvan həmişə hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman, yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”.
Bəs, belə söyləmək olarmı ki, Rusiya baş diplomatının İrəvan səfəri erməniləri sakitləşdirib? Ən önəmlisi, Kremlin təbliğ elədiyi “Kazan planı” reallaşa bilərmi və bu planda Moskvanın əsas gözləntisi, marağı nədir, nəhayət, Qərb belə bir plana razı olarmı?
Bu yöndə suallara aydınlıq gətirməyə çalışan nüfuzlu “İzvestiya” qəzeti Rusiyadakı diplomatik mənbələrə istinadən yazıb ki, Lavrovun Sərkisyanla danışıqları “olduqca gərgin şəraitdə” keçib. İrəvandakı Rusiya səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda işi çox çətinləşib. “Bu, onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir. ABŞ isə müxalifyönümlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”- mənbə deyib.
“İşləmək çox ağırdır. Hamıya məlumdur ki, ABŞ erməni müxalifətinə hansı maliyyəni ayırır, sadə vətəndaşları Rusiyaya qarşı qaldırır. Əgər Rusiya əvvəllər təkcə etimad hesabına işləyirdisə, indi bu mümkün deyil” - səfirlikdən bildirilib. Xəbərlərə görə, Lavrovun səfərində Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana müasir silahların göndərilməsini tezləşdirməsi məsələləri də müzakirə olunub. Gözlənilir ki, silahların göndərilməsi yaxın günlərdə başlaya bilər. Lakin bu silahları alandan sonra Ermənistanın danışıqlar masası arxasında konstruktiv mövqedən çıxış etməsi ehtimalı azalmış olacaq.
“Qazeta.ru” nəşri isə qeyd edir ki, Rusiyanın Qarabağ nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Qarabağın statusu məsələləri ayrı nəzərdə tutulur. Nəşr “yeni plan”ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb. Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur.
“Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir” - Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib. Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət “Qazeta.ru”ya deyib ki, bu plan İrəvanda müqavimət doğurub. “Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir”.
“Rayonların bir hissəsini qaytarıb, oradan ”DQR" qüvvələrini çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi-red.) qalacaq. 4 günlük aprel müharibəsi göstərdi ki, Bakı təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə daha da irəli gedə bilər" - Ermənistan rəhbərliyinə yaxın qaynaq bildirib.
Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki, Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə bilər. “Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını dəfn eləmiş olacaq. Bunu xalqa o, necə izah edəcək” - mənbə ardınca ritorik sual edib.
“Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın özü Qarabağ klanının nümayəndəsidir” - nəşr sonda vurğulayıb.
“Düşünürəm ki, əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir Rusiya planı olmalıdır. Ümumiyyətlə isə, əvvəllər istənilən tənzimlənmə planına mütləq şəkildə 4-5 bənd daxil olurdu: Qarabağın statusu, ərazilərin qaytarılması, köçkünlərin geri qayıtması, təhlükəsizliyə zəmanət məsələləri və s. İstənilən təklifin mahiyyəti yalnız bu bəndlərin təfərrüatlarına və müddətlərə bağlı idi. Hərbi əməliyyatların fəallaşmasına, Rusiyanın hazırkı münaqişələr ritorikasına və bunların həlli tempinə gəldikdə isə, indi Kreml üçün ən vacib şərt Rusiya qoşunlarının ”sülhməramlılar" dəbilqəsi altında regiona daxil edilməsidir. Lakin Moskva münaqişənin birdəfəlik həllində o qədər də maraqlı deyil, belə ki, bu halda regiondakı siyasi rolunu itirər və ona ancaq hərbi rol qalar". Bunu isə erməni politoloq Ağasi Yenokyan deyib (Virtualaz.org).
Beləcə, Rusiyanın təşəbbüskarı olduğu “Kazan formulu”nun nizamlama prosesində yaranmış dalandan çıxışa, yoxsa növbəti dalana aparacağı hələlik bəlli deyil. Hər halda, Kremlin problemi ədalətli və həmişəlik həll etmək iradəsinə sahib olduğunu göstərən dəlillər indilikdə yetərli görünmür.
Cia.az
