“Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazov iki il sürən müalicə kursunun ardından aprelin 22-də “Yeni Müsavat”ın redaksiyasında olub və geniş müsahibə verib.
- 4 günlük müharibə Azərbaycan ordusunun hərbi texnologiyalar sarıdan imkanlarını nümayiş etdirə bildimi? Bu sahədə vəziyyətimiz necədir?
- Bəli, 4 günlük müharibə zamanı bəlli oldu ki, Azərbaycanın hərbi üstünlüyü, o cümlədən, ən müasir hərbi texnikalara malik olması barizdir. Bu da Rusiyadan alınan silahların hesabına olmadı. Bu, İsraillə hərbi əməkdaşlığın hesabına oldu. İsraildən alınan pilotsuz hərbi kamikadze dronlar, tank əleyhinə “Spayk” raketləri dünyada ən müasir hərbi silahlar sayılır.
“Spayk” raketləri üçüncü nəsil raketlərdir. Buna bənzər raketlər yalnız ABŞ-ın “Geveln” raketləridir. Rusiyada buna nisbətən bənzər “Kornet” raketləri ikinci nəsil sayılır. Üçüncü nəsil yalnız İsraildə və ABŞ-dakı adını çəkdiyim raketlərdir. Pilotsuz kamikadze dronlar isə Rusiyada bənzəri olmayan silahlardır. Artıq Azərbaycan da İsrailin lisenziyası ilə bəzi dronları istehsal edir. Bu, çox böyük üstünlükdür. Rus hərbi ekspertlərinin sözlərinə görə, heç Rusiyanın özündə belə bir hərbi dron parkı yoxdur. Azərbaycanda isə var. İsrailin özü 4-5 il öncə öz ordusunu dronlarla təmin edəndən sonra Azərbaycana satmağa başlayıb. Aprelin əvvəlindəki 4 günlük müharibə zamanı Azərbaycan kamikadze drondan istifadə edəndə ermənilər özlərini gülüş obyektinə çevirən bir davranış sərgilədilər. Ermənilər vurulan və darmadağın edilən hərbi obyektlərindəki hərbi dronun hissələrini çəkib sevincək elan etdilər ki, Ermənistan ordusu Azərbaycanın hərbi dronunu vurub. Onlar unutmuşdular ki, hərbi dronun özü adından da bəlli olduğu kimi kamikadzedir və hərbi dronun funksiyası düşmən hədəfə sadə dillə desək çırpılıb düşmən obyektini və özünü partlatmaqdır. Ermənilərin “Azərbaycanın hərbi dronunu partlatmışıq” deyə sevincək açıqlaması onların özünü gülünc vəziyyətinə qoydu. Beynəlxalq ekspertlər bəyan etdilər ki, Azərbaycan dünya tarixində ilk dəfə hərbi kamikadze dronlardan istifadə edib. İsrailin özü hələ ondan istifadə etməyib. Biz ümumiyyətlə İsraildən bu silahlardan başqa da çox güclü və ən müasir silah və hərbi texnikalar almışıq. Məşhur “Dəmir günbəz” deyilən raket əleyhinə sistem yalnız İsraildə və Azərbaycanda var. Biz Rusiyadan da çoxlu müasir silahlar alırıq. Hələ bu silahların çoxu bu müharibədə istifadə olunmayıb.
- Yəni müəyyən çevrələrin tənqidlərinə baxmayaraq, İsraillə əməkdaşlığımız Azərbaycanı xeyli irəli salıb?
- Hərbi texnologiyalar baxımından bəzi hallarda ABŞ-ı da üstələyir. Bu, sirr deyil. Məsələn, İsrailin tank əleyhinə “Spayk” raketlərinin ABŞ-da analoqu “Gevelin”dir. Ancaq “Spayk”-ın ondan bir neçə üstünlüyü var. Biz aldığımız silahları ABŞ-ın özü də İsraildən alır. Artıq neçə ildir ki, beynəlxalq təşkilatların hərbi ekspertlərinin tərtib etdiyi hərbi güc reytinqi siyahısında Azərbaycan bu son əməliyyatlardan əvvəl dünyada 60-cı yerdə, Ermənistan isə 94-cü yerdə idi. Aprel əməliyyatlarından sonra mən əminəm ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sırasına daxil olacaq. Ermənistan isə 100-dən o tərəfə düşəcək.
- Bir məqam da var ki, ordumuzun yaratdığı yeni situasiyada Rusiya fəallaşdı. Sanki proses onun əlinə işlədi, hər iki ölkəyə təsir etmə rıçaqları yeniləndi. Prosesləri yaxından təqib eləyən vətəndaşlarımızda narahatçılıq var ki, əcəba, Rusiya bu prosesə girdisə, bizim savaşda qazandığımız uğurları diplomatik masa arxasında itirmərikmi?
|
“Məşhur “Dəmir günbəz” deyilən raket əleyhinə sistem yalnız İsraildə və Azərbaycanda var” |
- Elə mən özüm bu mövzuya gəlmək istəyirdim ki, eyforiyaya qapılmaq olmaz. Uğurlu hərbi əməliyyatlardan, Azərbaycan ordusu öz üstünlüyünü göstərəndən sonra bizim diplomatik danışıqlarda da böyük imkanlarımız meydana gəlir. Ancaq bizi təhlükələr də gözləyə bilər. Gəlin əvvəlcə hərbi təhlükələrdən danışaq, sonra keçək diplomatik danışıqlarda hansı təhlükə ola bilər məsələsinə. Nə qədər Azərbaycan ordusu öz üstünlüyünü göstərsə də, nəzərə almaq lazımdır ki, ermənilər də bundan sonra öz güclərini cəmləşdirib hansısa bir istiqamətdə, heç olmasa bir yüksəkliyi ələ keçirməyə çalışacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu nə zaman uğurlu əməliyyat keçiribsə ermənilər çalışıblar ki, qısa müddətdə hesabı bərabərləşdirsinlər. Məsələn, 1993-cü ilin qışında biz Kəlbəcərdə bir uğurlu əməliyyat keçirdik.
Ondan sonra ermənilər başladılar Tərtər istiqamətində şiddətli hücumlara. O zaman bir Qərb diplomatı mənə demişdi ki, İrəvanda olarkən ermənilərdən niyə hücumları dayandırmadıqlarını soruşanda qəribə cavab alıb. Ermənilər deyib ki, Azərbaycan ordusu Kəlbəcərdə uğurlu əməliyyat keçirib, biz hesabı bərabərləşdirməliyik, yoxsa bizim orduda yaranmış şok aradan qalxmayacaq. Ermənilərin Azərbaycan ordusu və dövləti qarşısında bu gün heç bir baxımdan üstünlüyü yoxdur. Ona görə də onlar məhz ordunun psixoloji durumuna çox böyük diqqət yetirirlər ki, orduda daim qalib ordu ruhu üstünlük təşkil etsin. Ermənilər bilir ki, başqa sahələrdə üstünlük təşkil etmələri çox çətindir. Aprelin 2-dən sonra Ermənistan ordusu şok yaşayır və ruh düşkünlüyü içindədir. İndi də mən əminəm ki, Ermənistan rəhbərliyi imkan axtarır ki, bir əməliyyatı qəfil başladıb heç olmasa bir təpəni ələ keçirsin. Bununla da orduda ruh düşkünlüyünü aradan qaldırsın və xalqa da elan etsin ki, Azərbaycan ordusundan zəif deyillər. Odur ki, Azərbaycan ordusu, dövləti son dərəcə ayıq, ehtiyatlı və hazır olmalıdır, eyni zamanda çox eyforiyaya qapılmamalıyıq. Aprel savaşında ermənilər öz ordusunun zəif yerlərini gördülər. Onlar bütün gücləri ilə çalışacaqlar ki, qısa müddətdə həmin zəif yerləri düzəltsinlər. Yaxın zamanlarda onlar da daha müasir silahlar almaq üçün cəhdlər edəcəklər. Mən bilmirəm onlar hansı ölkə ilə danışıqlar aparacaqlar. Müasir hərbi texnologiyaları olan ölkələr o qədər çox deyil. Ancaq ermənilər çalışacaqlar. Biz də bu prosesləri çox ciddi izləməliyik ki, görək onlar hansı addımlar atırlar. Ermənistanda elan ediblər ki, onlar xüsusi maliyyə fondu yaradıblar. Silah alınması üçün maliyyə toplamaqla bağlı diaspora təşkilatlarına da müraciət ediblər...
- Bəs diplomatik sahədə proseslər necə gedir, ya da gedəcək?
|
“Pilotsuz kamikadze dronlar Rusiyada olmayan silahlardır” |
- İndi keçək diplomatik sahəyə. Orada bizi gözləyən bir neçə təhlükə var. Artıq mən dedim ki, bizim üstünlüyümüz nədədir. Azərbaycan indi qəti şəkildə deyə bilər ki, 7 rayon şərtsiz azad olunmalıdır. Hətta bəzi İsrail generalları bu günlərdə dedilər ki, Azərbaycan daha böyük tələb irəli sürə bilər ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılır, əvəzində Azərbaycan hərbi əməliyyatlar keçirməyəcək. Ancaq bununla yanaşı diplomatiya sahəsində bizi bir neçə təhlükələr gözləyir. Bunu nəzərə almaq lazımdır. Birincisi Rusiya ilə bağlıdır. Son 10 ildə bir neçə dəfə belə hadisələr olub ki, Ermənistan diplomatiya sahəsində Qarabağla bağlı danışıqlarda çətin duruma düşəndə ruslar onlara dəstək verib. Rusiya təşəbbüs göstərib Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirib. Ancaq elə bir təklif irəli sürüblər ki, ermənilər ona hə deyib, Azərbaycan isə yox deyib... Ermənilər isə bunu dünyada təbliğat olaraq istifadə edirdilər ki, Ermənistan sülh razılaşmasına hə deyir, Azərbaycan isə sülh istəmir. İndi Rusiyanın fəallaşması bir tərəfdən müsbət hadisədir ki, artıq onlar da görür, status-kvonu saxlamaq mümkün deyil, hansısa qərarlar qəbul olunmalıdır. Təhlükə odur ki, Azərbaycanı yenə də həmin o diplomatik tələyə sala bilərlər. Elə bir təklif irəli sürərlər ki, ermənilər ona, hə, deyər, Azərbaycan təbii olaraq “yox” deyəcək və nəticədə əvvəllər olan vəziyyət təkrarlanacaq. Bunun da qarşısının alınmasının bir yolu var. Heydər Əliyev dövründə mən bu sahədə çalışanda daimi bunu edirdik. “Yox”u həmişə xarici işlər naziri deyirdi. Prezident yalnız elə görüşlərə qatılırdı ki, orada “hə” demək imkanı çox böyükdür. Ona görə də hansısa şübhəli təşəbbüslər olanda, əvvəlcə bu Xarici İşlər Nazirliyi və ya prezidentin səlahiyyətli nümayəndələri səviyyəsində dəqiq işlənməlidir, onların manevr imkanı olsun. Məsələn, desinlər ki, prezidentlərin görüşünü keçirək orada biz sizə deyərik nə təklif edirik, o söhbət indi çox təhlükəli söhbətdir... Əgər Azərbaycan elə təkliflərlə üz-üzə qalacaq ki, ona “yox” deməli olacaq, belə bir görüşün keçirilməsi ziyanlıdır və bundan qaçmaq lazımdır. Hesab edirəm ki, indi bizim diplomatiyamız daha çevik işləməlidir. Təkliflər öncədən bəlli olmadan və bizi o təkliflər qane etmədən birinci şəxslərin səviyyəsində görüşlərin keçirilməsini düzgün saymıram. İkinci təhlükəyə gəldikdə, vaxtilə çox ciddi səhv oldu ki, Minsk Qrupunun təklif elədiyi sənəddə Dağlıq Qarabağda referendum keçirilməsi təklifinin öz əksini tapmasına imkan verildi. 1990-cı illərdə təkliflər paketində bu referendum məsələsi yox idi. Ermənilər Azərbaycana zərərli olan bu prinsipin təkliflər sırasına daxil edilməsinə nail oldular. Onların aləmində bu, Dağlıq Qarabağın müstəqilliyinə yol açan bir mexanizmdir. İndi 4 günlük son hərbi əməliyyatlardan sonra mən hesab edirəm ki, Azərbaycan diplomatiyası danışıqlarda bu referendum təklifinin qəbul edilməzliyi mövqeyindən də sərt çıxış etməlidir. Referendum məsələsi müzakirə predmeti ola bilməz. O şəkildəki təklif olunur referendum ümumiyyətlə, belə bir referendum keçirilə bilməz.
|
“Ermənilər heç olmasa bir yüksəkliyi ələ keçirməyə çalışacaqlar; bu, bizi gözləyən təhlükələrdən biridir” |
- Yaxşı , onda nə təklif oluna bilər?
- Başqa cür referendum ola bilər. Məsələn, Kipr məsələsində olduğu kimi - əvvəlcə bir sülh sazişi hazırlandı, sonra hər iki tərəfdə referendum keçirildi... Dağlıq Qarabağ məsələsində də belə bir referenduma getmək olar. Azərbaycanın iştirakı ilə bir sülh sazişi hazırlanır, bundan sonra Azərbaycan xalqı da buna münasibət bildirməlidir, erməni xalqı da münasibət bildirməlidir. Yoxsa, sən Dağlıq Qarabağda yaşayan insanlara referendum hüququ verirsən, bəs Ermənistandan yarım milyon azərbaycanlı qovulub, onlara referendum hüququnu vermirsən? Belə yanaşma, axı, qəbuledilməzdir. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların da referendum hüququ niyə tanınmamalıdır?! Mən bu yaxınlarda bir tədbirdə beynəlxalq təşkilatların gözünün qarşısında bir test keçirdim. Orada referendumla bağlı aparıcı mütəxəssislər iştirak edirdi. Mən onlara dedim ki, indi sizin gözünün qarşısında sübut edəcəyəm ki, erməni tərəfi özü referendumdan imtina edir... Sübut da elədim. Dedim Azərbaycan heç vaxt Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verməyəcək.
|
“Azərbaycan cəmiyyəti Rusiya səfirliyi qarşısına toplaşıb, Ermənistana silah verilməməsini tələb etmək haqqına daha çox sahibdir” |
Bu, Azərbaycan Konstitusiyasına da ziddir. Milli azlıqların da hüququna riayət eləmək lazımdır. Ancaq Rusiyanın özündə hansısa bir şəxs bir milli azlığın yaşadığı bölgənin müstəqil olması ilə bağlı referendum aparılması təbliğatını aparsa, Rusiyanın Cinayət Məcəlləsinə görə ona 7 il həbs cəzası düşür. Dedim, o zaman siz referendum keçirilməsini Azərbaycana hansı məntiqlə və hüquqla təklif edirsiniz? Ancaq dedim, tutaq ki, Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verdi, azərbaycanlılar qayıtmalıdırlarmı Dağlıq Qarabağa? Dedilər ki, əlbəttə qayıtmalıdır. Dedim, azərbaycanlılar da referendumda səsvermədə iştirak eləməlidirlərmi? Dedilər ki, əlbəttə, iştirak eləməlidirlər. Dedim, azərbaycanlıların çoxluq təşkil elədiyi Şuşa 100 faiz səs verdi ki, Azərbaycanın tərkibində qalıram, onda nə olacaq? Qərb ekspertləri dedilər ki, o zaman Şuşa Azərbaycanın tərkibində qalmalıdır. Bunu deyəndə ermənilər coşdular, dedilər ki, bu ola bilməz... Bu zaman xarici ekspertlər onlara dedilər ki, siz bu hüququ özünüzə istəyirsinizsə, həmin hüququ azərbaycanlılara da verməlisiniz... Onda ermənilər başladılar ki, bizə belə referendum lazım deyil... Dedim gördünüz, bu referenduma nə biz razılıq verəcəyik, nə də ermənilər razılıq verəcəklər. Ona görə də bu referendum söhbətini ümumiyyətlə müzakirələrdən çıxarmaq lazımdır.
- Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları keçirilir. Bu, Ermənistanla Rusiya arasında gerçək konfliktdir, yoxsa erməni hiyləsidir?
- Bu, bir hiyləgər oyundur.
- Bu hiylənin içində ruslar da yer alır?
- Ermənilər gözəl başa düşürlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkə kimi yalnız Ermənistana hücum olsa, Rusiya Ermənistana dəstək verə bilər. KTMT-nin şərtlərinin nə Dağlıq Qarabağa bir aidiyyatı var, nə də Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayona bir dəxli var. Bunu ermənilər də bilirlər. Sadəcə olaraq, Rusiyaya öz aləmlərində təzyiq edirlər. Əslinə qalsa, Azərbaycan cəmiyyəti gedib Rusiya səfirliyi qarşısında mitinq keçirə və deyə bilər ki, Azərbaycan Rusiyadan milyardlarla dollar dəyərində silah alır, həmin pullarla Rusiyanın hərbi zavodları işləyir, ancaq Rusiya sonra həmin zavodların istehsal etdiyi silahları işğalçı Ermənistana pulsuz olaraq verir. Kredit adı ilə verirlər, ermənilər də krediti ödəyə bilmir və ya ödəmir. Dolayısı ilə belə çıxır ki, Azərbaycan öz büdcəsindən Ermənistanın ordusunun Rusiya tərəfindən yeni silahlarla təmin olunmasına yardımçı olur.
|
“Bizi qane edəcəyi öncədən bilinən təkliflər bəlli olmadan birinci şəxslər səviyyəsində görüşlərin keçirilməsini düzgün saymıram” |
Azərbaycan cəmiyyəti səfirlik qarşısında Ermənistana silah verilməməsini tələb etmək haqqına daha çox sahibdir. Güman edirəm ki, Azərbaycan rəsmiləri Rusiya ilə bu haqda çox ciddi danışırlar. Rusiya hərbi sənayesini kurasiya edən baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana tez-tez səfər etməsi və açıq bəyan eləməsi ki, ermənilərin etirazına baxmayaraq Azərbaycana silah satışı davam edəcək bu, onu göstərir ki, ruslar Azərbaycanın bu məsələdə narazılıq bildirməsinin haqlı olduğunu başa düşür. Ona görə də etirazımızı biz bildirə bilərik. Artıq 4 günlük müharibə faktoru da Azərbaycanın sərt prinsipial tələbləri ortaya qoymaq imkanlarını artırıb.Musavat
Cia.az
