|
Neft boslarının görüşü ilə bağlı yeni iddialar
Bir neçə gün əvvəl neft ölkələrinin Doha görüşündə razılığın əldə olunmaması neftin qiymətlərində gözlənilən artımın olmayacağı barədə narahatlıqlara yol açdı. Bundan sonra neftin qiymətlərində qalxıb-enmələr müşahidə olunmaqdadır. 
Ekspertlərin fikrincə, bazar çaşqınlığa öyrəşməkdədir və yaxın gələcəkdə qiymətlərin kəskin artımı olmayacaq. Elə Doha görüşündə də məqsəd qiymət artımına nail olmaq idi. Ekspertlər gərgin keçən Doha görüşündə razılıq olardısa, neftin qiymətlərində hansı dəyişikliyin olacağı ilə bağlı musavat.com-un suallarını cavablandırıblar.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, Doha görüşündə razılığın əldə edilməsi birmənalı şəkildə qiymət artımının baş verəcəyi anlamına gəlmirdi: “Bu, baş verməyəcəkdi. Amma razılığın əldə edilməsi bazara mesaj verilməsi baxımından vacib idi. Çünki birmənalı şəkildə qiymətlərin stabilləşməsinə xidmət edəcəkdi, bazarda tarazlığın yaranmasına, tələb-təklifin formalaşmasına imkan yaradacaqdı. Eyni zamanda artıq qiymətlərdə potensial azalmaların qarşısını alacaqdı. Bu, bazara hasilatın artmayacağı ilə bağlı mesajın verilməsi idi və neft bazarı üçün kifayət qədər ciddi mesaj olacaqdı. Amma bu olmadı və bazara mesaj verilmədi. Doha görüşündə hasilatın azaldılması deyil, hasilatın 2016-cı ilin yanvar səviyyəsində dondurulması müzakirə olunurdu. Bu, oktyabr ayınadək dondurmanın həyata keçirilməsini nəzərdə tuturdu. Faktiki olaraq heç də bazardakı neftin həcminin azalması deyil, təklifin artmayacağı anlamına gəlirdi. Təklifin artmaması indiki halda kifayət qədər ciddi bir siqnal olardı. Qiymətlərin stabilləşməsi və 2017-ci ildə ilin sonuna doğru daha stabil qiymətlərin olmasına, növbəti ildən başlayaraq qiymətlərdə artımın yaranmasına gətirib çıxara bilərdi. Amma razılaşma əldə edilmədiyi üçün sözsüz, bunlar baş vermədi. 
”Doha görüşündə razılaşma əldə olunsaydı, qiymətlər kəskin artardı" yanaşması da doğru deyil. Öncədən də həm beynəlxalq proqnozlar onu göstərirdi ki, Doha görüşündəki razılaşma neftin dünya bazarındakı qiymətlərində kəskin artımların yaranması anlamına gətirməyəcək. Amma bu, yalnız qiymətin stabilləşməsi baxımından vacib idi. O zaman artıq qiymətin 45-50 dollar intervalında stabilləşməsinə və bərqərar olmasına şərait yaranacaqdı. Çünki neft ölkələri üçün vacib məqam qiymətin stabilləşməsidir. Birinci mərhələdə neftin stabilləşməsinə nail olunmalıdır ki, növbəti mərhələdə qiymət artımları müşahidə oluna bilsin. Qiymətin stabilləşməsi müşahidə olunmayınca, hiss edilən qiymət artımları baş verməyəcək. Təbii ki, reallıqdır və neft ölkələri də bunu qəbul edirlər. Qiymətin stabilləşməsi üçün də OPEK üzvü olmayan ölkələrin real addımlar atmasına ehtiyac var. Amma reallıq ondan ibarətdir ki, bu addımlar atılmır. Bu baxımdan Doha görüşündə razılıq əldə edilməməsi neft ölkələrinə yeni bir mesajdır. Yenidən neft bumunun yaranacağı ilə bağlı proqnozlar əslində fantaziyadan başqa bir şey deyil".

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əslində Doha görüşünün əsas məqsədi neft qiymətini 45 dollar koridoruna daşımaq idi. Hamı da başa düşürdü ki, 50 dollardan artıq neft qiymətlərinin olması indiki dövrdə mümkünsüzdür: "Sadəcə, 45 dollarlıq koridora daşımaq mümkün ola bilərdi. Amma bu, baş vermədisə, bazar yenidən 40-45 koridoruna qayıdır. Düşünürəm ki, daha da aşağı düşməsi tendensiyası ola bilər. Çünki OPEK razılaşması olmayacağı bilinən kimi dünya gündəminə yeni bir mövzu atıldı. Küveytdə neft hasilatçıları, neft fəhlələri tətil etdilər. Əslində bu, gülməli bir işdir, amma bazarlar buna reaksiya verdi. Küveytdə nə həmkarlar var, nə fəhlələrin tətil etmək hüququ var. Çox qapalı ölkədir, fəhlələr çox ciddi cəzalarla qarşı-qarşıya qala bilər. Ona görə Küveyt hökuməti bunu özü bilərəkdən gündəmə gətirdi ki, qiymətlərin kəskin enməsinin qarşısını alsın. Artıq tətil bitib. Növbəti koridor 40-45 koridoru olacaq. Bir müddət sonra qiymətlər yenidən 35-39 koridoruna qayıda bilər". 
Cia.az