|
“Yanan bina işi” məhkəmədə- həqiqət üzə çıxacaqmı?
Ötən il mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda təqsirləndirilən şəxslərin  - “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzovun vəkilləri cinayət işinin materialları ilə tanış olurlar. 
APA-nın yaydığı məlumata görə, yaxın günlərdə cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək.
Xatırladaq ki, baş vermiş məşum yanğın 15 nəfərin həyatına son qoyub, 56 nəfər xəsarət alıb. 

Bu gün də binadakı yanğının hansı səbəbdən meydana çıxması məlum deyil. Bilinmir ki, bina təsadüfdən yanıb, yoxsa yandırılıb. Hamını bir sual düşündürürdü - 16 mərtəbəli binanın 10-15 dəqiqə ərzində kibrit kimi yanmasının səbəbi nədir?
 
Hüquq-mühafizə orqanları yanğının sürətlə genişlənməsinin, yayılmasının səbəbi kimi binanın üzlüyündə istifadə edilən poliuretan adlı kimyəvi tərkibli materialın olmasını göstəriblər. Amma yenə də yanğının meydana çıxmasının səbəbini ictimaiyyətə açıqlayan olmadı. Bu gün həmin materialı binaya vuran iş icraçıları həbsdədir. İcraçılara işi sifariş edənlər isə azadlıqdadırlar. Həmin materialın hansı hesabdan, kimin sifarişi və puluna alınıb binanın üzlənməsi də bilinmir.
 
Tanınmış hüquqşünas, “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış bu məsələlərin ortaya çıxmamasının səbəbini belə izah edir: “Tam məsuliyyətlə deyirəm ki, o binaların tez alışan örtüklə üzlənməsində, yanmasında, ayrılan vəsaitlərin mənimsənilməsində məsuliyyət daşıyan konkret vəzifəli şəxslər bəllidir. Sadəcə olaraq, onlar məsuliyyətə cəlb edilmir. Bu qədər bina üzləşdirilib, lakin ortada  bir müqavilə yoxdur ki, bu pullar haradan gəlib, sifarişi kim verib? Məsuliyyət daşıyan konkret şəxslər cəmiyyətə bəllidir, lakin onlar məsuliyyətə cəlb olunmur. Amma mən hələ o vaxt demişdim ki, Binəqədidə, ondan əvvəl isə Xətai rayonundakı hər iki binanın yanmasına görə konkret şəxslərin cinayətə cəlb olunması ilə bağlı göstəriş verilməsə, onlar məsuliyyətə cəlb edilməyəcək”.
 
2015-ci ilin mayında 16 mərtəbəli binada baş verən dəhşətli olay 2007-ci il avqustun 28-də Bakının Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən çoxmərtəbəli binanın çökməsindən sonra paytaxtda baş vermiş ən ağır hadisə idi. Olaydan 1 gün sonra - mayın 20-də prezident şəxsən hadisə yerinə baxış keçirmiş,  oradan qayıtdıqdan dərhal sonra Dövlət Komissiyasının üzvləri ilə keçirdiyi toplantıda ciddi açıqlamalar vermişdi. 

Prezident yanğın hadisəsinin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını demişdi: “Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.

Dövlət Komissiyasının ilk iclasında baş prokuror Zakir Qaralov binanın qəsdən yandırılması versiyasını istisna etməmişdi. Bu fərziyələrin istintaqda təsdiqini tapıb-tapmaması məhkəmədə bilinməlidir.
Cia.az