Aprelin 19-da prezident İlham Əliyevin fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb. Fərmanda qeyd edilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi publik hüquqi şəxs də məhz aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb. Qeyd edək ki, mərkəz 3 nəfər üzvdən ibarət Müşahidə Şurası tərəfindən idarə olunacaq və şura üzvləri prezident təyinatı ilə seçiləcək.
Bəs görəsən, hazırda struktur islahatlarının həyata keçirildiyi, bir çox dövlət komitələrinin, fondların ləğv edildiyi vaxtda yeni bir qurumun yaradılmasını zəruri edən nədir? Bu mərkəzin fəaliyyəti nədən ibarət olacaq və Azərbaycan iqtisadiyyatının inkişafına hansı töhfələri verəcək?
“Yeni Müsavat”ın suallarını cavablandıran Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bu mərkəzin yaradılmasını müsbət qiymətləndirdi və əsas diqqətin kadr seçiminə verilməsinin vacibliyini vurğuladı: “Mən vahid islahat konsepsiyasının yaradılması ilə bağlı belə analitik mərkəzlərin formalaşdırılmasının tərəfdarıyam. Ancaq Azərbaycanda Prezident yanında Strateji Araşdırmalar Mərkəzi də var, eyni zamanda Milli Məclisdə, İqtisadiyyat Nazirliyi nəzdində, ayrı-ayrı institutlarda belə mərkəzlər fəaliyyət göstərir. Bu mərkəz isə publik hüquq şəxs kimi yaradılıb, ancaq bilmirəm ki, hansı resurslar bazasında olacaq? Bu gün Azərbaycanda bu işlərin görülməsinin ən böyük çətinliyi kadrla bağlıdır. Çünki iqtisadi islahatlar sahəsində ciddi təhlil aparmaq və konsepsiya yazmaq, Azərbaycanın reallığını nəzərə almaqla bunu həyata keçirməyin yollarını araşdırmaq qabiliyyətinə malik olan kadrlarımız çox azdır. Bu baxımdan mərkəzin yaradılmasını müsbət qarşılayıram, amma hesab edirəm ki, onun formalaşması və işinin təşkili də yaradılması ilə müqayisədə daha çox vacibdir”.
Qubad İbadoğlu iqtisadçı ekspert olaraq, bu mərkəzin işinə dəstək verməyə hazır olduğunu bildirdi: “Biz bu istiqamətdə onsuz da hökumətlə əməkdaşlıq edirik. Bildiyiniz kimi, Azərbaycanda əsas və təxirəsalınmaz bəndlər paketini prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə təqdim etmişdik və onlardan müəyyən cavablar da almışdıq. Bundan sonra da bizim beynimizin məhsuluna, bu məsələdə töhfə verməyimizə ehtiyac olarsa, biz onu əsirgəməyəcəyik. Biz həm də bilməliyik ki, bizim ideyalarımız reallaşır, cəmiyyətdə, iqtisadiyyatda müsbət dəyişikliklərə gətirib çıxarır. Bu bizim üçün çox önəmlidir. Çünki təkcə təkliflərlə, konsepsiyalarla iş bitmir. Onları həyata keçirmək üçün həm də ciddi şəkildə kadr islahatı aparılmalıdır. Mən bu qurumdan kompleks islahatlar gözləyirəm. İqtisadiyyatda şəffaflıq, hesabatlılıq olmalıdır, açıq hökumət olmalıdır. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da belə bir beyin mərkəzinin olmasına ehtiyac olduğunu vurğuladı: “Bu mərkəzin nizamnaməsinə baxsaq, görərik ki, əsasən strategiyanı müəyyən etmək, iqtisadi islahatları hansı istiqamətdə aparmaq istiqamətində fəaliyyət göstərəcək. Orada əsasən beyinlər toplaşacaq. Əsas odur ki, o beyinlər makroiqtisadi vəziyyəti bilən insanlar olsun, onların verdiyi təkliflər Azərbaycanda inkişafa şərait yaratsın. Belə bir mərkəzin olması müsbət haldır. Düzdür, cənab prezidentin iqtisadi islahatlarla bağlı xüsusi müşaviri var, aldığım məlumata görə, o çox gərgin işləyir və bu sahədə cənab prezidentin verdiyi fərmanlar, sərəncamlar o təşkilatın əməyinin nəticəsidir. Yəni islahatlar dərinləşir. Söhbət yalnız iqtisadi yox, həm də siyasi və struktur islahatlarından gedir. Kadr məsələsi də burada önəmlidir. Çoxlu gənc kadrlarımız var ki, xaricdə təhsil alıblar, makroiqtisadi vəziyyəti bilirlər. Bu, dövlət başçısının seçimindən asılıdır. Əlbəttə, bu sahədə təcrübəli insanlardan da istifadə etmək lazımdır”.
Cia.az
