Bilirdim ki, erməni boksçu ilə vuruşacağam. Bu da mənim üçün əlavə məsuliyyət idi. Azərbaycan xalqı adından vuruşmaq məsuliyyətini hiss edirdim. Ona görə var gücümlə vuruşub, ona qalib gəlməli idim. Məqsədim də bu idi və istəyimə çatdım, qalib oldum.
Bunu Report-a müsahibəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçusu, dünya çempionu Cavid Çələbiyev bildirib.
Xatırladaq ki, Çələbiyev Samsunda keçirilən turnirin yarımfinalında erməni boksçu Aram Avaqyanla qarşılaşaraq, sonuncunu ağır məğlubiyyətə uğradıb.
Çələbiyev bildirib ki, erməni idmançı ilə döyüşə çıxanda cəbhədə baş verənlərdən xəbərdar olub:
“Bilirdim ki, şəhidlərimiz olub. Mən orada bütün Azərbaycan əsgəri, xalqı adından döyüşürdüm. Uduzmağı ağlıma belə gətirməzdim və gətirmirdim də. Yalnız qələbə üçün çıxmışdım. Sonda niyyətimə çatdım. Bu qələbəmi, döyüşümü xalqıma, şəhid olan və hazırda vətəni qoruyan əsgərlərimizə həsr etdim”.
Millimizin digər boksçusu, əslən dağıstanlı Abdulqadir Abdullayevin Ukraynanın təmsil edən erməni idmançısını məğlub edərək lisenziya qazanması barədə danışan Çələbiyev bildirib ki, “bu, bütün Azərbaycanı sevindirən qələbədir”.
Hər bir idmançımızın erməni üzərində qələbə qazanması nəinki məni və ya məşqçiləri, bütün xalqı sevindirir. Bizim erməni üzərində qələbəmizdən dolayı bütün xalq necə qürurlanırsa, biz də komanda yoldaşımızın qələbəsindən elə qürur hissi keçiririk.
Cavid həmçinin hazırda əsas hədəfinin “Rio-2016”da uğurla çıxış edib qızıl medal əldə etmək olduğunu bildirib.
Cia.az
