|
OPEK-in ləğvi gündəmdə - neft bazarına nəzarət itir...
Neftlə bağlı uğursuz Doha görüşündən sonra OPEK-in ləğvi ilə bağlı müzakirələr başladılıb. Bildirilir ki, Doha sammitində neft hasilatının dondurulması ilə bağlı razılaşmanın əldə olunmaması OPEC təşkilatının ləğv olunmasına gətirib çıxara bilər. 
ABŞ-ın Kolorado ştatında yerləşən IHS konsaltinq şirkətinin müdir müavini, energetika sahəsi üzrə tarixçi, “neft qurusu” Daniel Yerginin sözlərinə istinadən xəbər verir ki, OPEC artıq heç nəyə qadir deyil: “Kartel neft bazarında vahid güc kimi çıxış etmir və onun üzvləri öz maraqlarını güdür”. 

Bundan başqa, OPEC son illərdə öz məhdudiyyətlərinə belə əməl edə bilməyib. Belə ki, 2015-ci ilin dekabr ayına qədər OPEC təşkilatı gündəlik 30 milyon bareldən çox neft hasil etməmək barədə qərar qəbul etsə də, bu limit hər zaman pozulub və neft hasilatı 31-32 milyon barelə çatıb. Ekspertlər neft bazarında hasilatın artması durumunda vəziyyətin daha da pisləşəcəyini bildirirlər. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya şirkətləri mart ayında hasilatı daha 220 min barel/gün artıraraq 10,91 milyon barel/günə yüksəldiblər. 
 
Belə ki, Rusiya Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, fevralda bu ölkədə hasilat yanvar ayı ilə müqayisədə 5,3 faiz artıb. “Vygon Consulting” şirkətinin təhlillərinə görə, hətta neft hasilatının azaldılması belə bazarda tarazlığın bərpasına gətirib çıxara bilməz. Tarazlığın yaranması üçün OPEC təyin etdiyi limitlər çərçivəsində hərəkət etməlidir. Şirkətin təhlillərinə əsasən, Kartel, İran da daxil olmaqla, gündəlik hasilatı 500 min barel, İran olmadan isə 800 min barel azaltmalıdır. Hazırda neft hasilatçıları arasında konsensusun əldə olunması mümkün görünmədiyindən neft bazarında tarazlığın yaranması ancaq neftə tələbatın artması nəticəsində baş verə bilər. Bu da qlobal iqtisadiyyatın gözləniləndən daha sürətlə inkişaf edəcəyi təqdirdə mümkündür. Beynəlxalq Valyuta Fondu isə son hesabatında qlobal iqtisadiyyatın 2016-cı il üçün artım proqnozunu azaldaraq 3,2 faizə salıb. Çin iqtisadiyyatının 2016-cı ilin ilk rübündə 6,7 faiz artması (proqnozdan az) əsas neft istehlakçısı olan bu ölkədə tələbin azalmasına səbəb olub və bu ilin sonuna qədər vəziyyətin müsbət istiqamətdə dəyişəcəyi gözlənilmir. Məhz bu səbəbdən Rusiya Bankı (Mərkəzi Bank) illik neft qiymətlərinin orta hesabla 30 dollar/barel olacağını düşünür.
 
Ekspertlər musavat.com-a OPEK-in ləğvi ilə bağlı müzakirələrin nə dərəcədə əsaslı olmasından danışıblar. Ekspert Qubad İbadoğlu bildirib ki, OPEK-in əsas fəaliyyəti neft bazarında qiymətlərə nəzarəti həyata keçirməkdən ibarət deyil: “OPEK uzun illərdir fəaliyyət göstərir və həm də ayrı-ayrı ölkələrdə neft strategiyası ilə bağlı, eyni zamanda neft hasilatı ilə bağlı, bütövlükdə götürəndə neft siyasəti ilə bağlı kifayət qədər işlər görür. İndiki halda da yalnız onu qiymət müstəvisinə çəkib, dəyərləndirməni düzgün hesab etmirəm. OPEK ləğv olunsa, başqa bir qurum yaranacaq, neftdən kənar ölkələrin birliyi yaranacaq. Çünki neft ixrac edən ölkələrin birliyinə həmişə ehtiyac olub. Bundan sonra da ehtiyac olacaq. Həm də OPEK-in ləğvi qiymətlərin daha da ucuzlaşmasına təkan verə bilər. Çünki ümumiyyətlə koordinasiya, əlaqə tamamilə kəsilər”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, OPEK bir ciddi bazar oyunçusu kimi nüfuzunu getdikdə itirir: “Bu, aydındır. Çünki cəmi on il bundan qabaq dünyada neft hasilatının az qala yarısını OPEK ölkələri verirdi. Amma bu gün OPEK ölkələrinin dünya neft hasilatında payı 30 faizə qədər enib. Getdikcə də enməsi gözlənilir. Çünki OPEK-dənkənar ölkələrdə hasilat xeyli dərəcədə artır. Bazar payının azalması təbii ki, nüfuzunun da azalmasına gətirib çıxardı. Bundan başqa, OPEK-də ən böyük problemlərdən biri OPEK daxilindəki müxtəlif ölkələrin müxtəlif maraqlarının olmasıdır. Hər bir OPEK üzvünün özünün təşkilatın ümumi maraqlarından başqa öz dövlətinin də maraqları var ki, bu da ümumi razılığa gəlməkdə çox böyük problemlər yaradır. Digər məsələlərdən biri isə ondan ibarətdir ki, OPEK daxilində qəbul olunmuş qərarların nəzarət edilməsi və cəzalandırılması, bu qərarların pozulması halında ölkələrin cəzalandırılması mexanizmi yoxdur. Bu, ancaq obrazlı desək, ”centlmen sazişi" kimi fəaliyyət göstərirdi. Bütün bu problemlər ona gətirib çıxartdı ki, OPEK bir təşkilat kimi neft bazarında nüfuzunu itirməyə başladı. 
 
Son iki ildə artıq hamıya məlum oldu ki, OPEK daxilində ciddi razılaşmalara gəlmək çox çətindir. Və bu proses xeyli dərəcədə çətinliklərlə qarşılaşacaq. OPEK-in bir diskussiya klubuna çevrilməsi məsələsini gündəmə gətirə bilər. OPEK ölkələri, neft istehsal edən ölkələr sadəcə bir platforma kimi ondan istifadə edərək ildə iki dəfə toplaşaraq neft bazarının perspektivlərini müzakirə edərək ümumi konsepsiya ətrafında müzakirələr təşkil edə bilər. Çünki OPEK-in qalmasında maraqlı olan ölkələr də var, o cümlədən Səudiyyənin çox böyük nüfuzu var, demək olar ki, OPEK-i təkbaşına idarə edir, körfəz ölkələri ilə bir yerdə danışıq aparır. Ona görə də düşünmürəm ki, ləğv olunacaq. Amma nüfuzunun getdikcə aşağı düşməsi və neft bazarına təsirlərinin itirilməsi artıq reallıqdır və bu tendensiya davam edəcəksə, sadəcə, bazarlar gələcəkdə OPEK toplantılarına heç bir reaksiya verməyəcəklər. OPEK toplantılarının əhəmiyyəti xeyli dərəcədə azalacaq". 
Cia.az