|
Vəkil nazirdən Apelyasiya Şurasının sədrinə şikayət edir
“Vəkil sorğularına cavab verməyən dövlət orqanlarından birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏSMN). 8 illik vəkillik fəaliyyətimdə bu orqana və əvvəllər müstəqil fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verdiyim sorğularıma ümumiyyətlə cavab verilməyib. Maraqlı məqam ondan ibarətdir ki, cənab Səlim Müslümov DSMF-nin sədri olduğu vaxtlarda vəkil sorğularına cavab vermirdi, lakin ƏƏSMN-i isə qismən də olsa cavab verirdi” - tanınmış vəkil Ceyhun Yusifov Apelyasiya Şurasının sədri Eldar Nuriyevə müraciətində belə yazır. 

Vəkil müraciətində S.Müslümovun DSMF-yə rəhbərlik etdiyi dövrdə yaranan mənfi tendensiyanın bu gün ƏƏSMN-də daha geniş şəkildə tətbiq edildiyini diqqətə çatdırır: “Cənab Səlim Müslümovun çıxışlarını dinlədikcə antibürokratik düşüncəli biri olması qənaəti yaranır. Bu qənaət Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin vəkil sorğularına münasibətini öyrənincə darmadağın olur. Səlim Müslümov vəkillərin, vəkillərin müdafiə etdiyi şəxslərin konstitusion hüquqlarını pozur. Belə ki, konstitusiyanın 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Son nəticədə ölkəmizdə fəaliyyət göstərən vəkillər fəaliyyətləri ilə əlaqədar məlumat və sənədləri əldə etmək hüququndan məhrum olunublar. Halbuki ”Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Eyni qanunun 15-ci maddəsinə əsasən vəkilin peşə fəaliyyətini yerinə yetirməklə əlaqədar olaraq müstəqil araşdırma aparmaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayış və sənədləri tələb etmək hüququ vardır. Lakin ƏƏSMN bu qanunları görməzdən gələrək qanunsuz olaraq vəkil sorğularına cavab vermir. Bu səbəbdən də Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının sədri cənab Eldar Nuriyevə müraciət edərək vəkillərin effektiv fəaliyyətinin buxovuna çevrilmiş bu halın qarşısının alınmasını xahiş edirəm".

C.Yusifov qeyd edir ki, vəkillərin fəaliyyətinin effektivliyi və operativliyi verilmiş vəkil sorğularına qısa zamanda və müvafiq cavab verilməsindən çox asılıdır: “Çünki vəkillər fəaliyyətləri ilə əlaqədar müəyyən sənədlər və məlumatlar əldə etməli, həmin sənəd və məlumatları müvafiq dövlət orqanlarına və ya məhkəmələrə sübut qismində təqdim etməlidir. Göründüyü kimi vəkil sorğularına qısa zamanda və müvafiq cavabın verilməsi ilə vəkillərin fəaliyyəti güclənir və öz səmərəsini verir. Vəkillik fəaliyyətinin inkişaf etməsi isə hüquqi dövlət yaradıcılığını sürətləndirməklə insan hüquq və azadlıqlarının təminatını da artırır. Lakin bu sahədə də bəzi dövlət qurumlarında bürokratik əngəllər hələ də mövcuddur. Belə ki, verilmiş vəkil sorğularına ya ümumiyyətlə cavab verilmir, ya natamam cavab verilir və ya olduqca gec cavab verilir. Bu isə arzuolunmaz olmaqla bərabər, qanunvericiliyə də ziddir”. 
Cia.az