|
Ermənilərin Mingəçevir SES hədəsi ciddi qəbul edilmir, ancaq...
Son vaxtlar sosial şəbəkələrin və mətbuatın gündəmini zəbt edən və geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də ermənilərin Mingəçevir Su Elektrik Stansiyasını (SES) hədəf götürməsi ilə bağlı etdiyi təhdidlərdir. Belə ki, ermənilər sosial şəbəkələrdə “Hədəfimiz Mingəçevir Su Anbarıdır” kimi statuslar paylaşırlar ki, bu da istər-istəməz müəyyən müzakirələrə səbəb olur. 

Ancaq mütəxəssislər ermənilərin bu məkrli planlarını heç vaxt həyata keçirə bilməyəcəklərini deyirlər. Çünki Mingəçevir SES-də təhlükəsizlik tədbirləri gücləndirilib, çoxsaylı zolaqlı müdafiə qurğuları ilə mühafizə olunur. Həmçinin Hərbi Hava Qüvvələri SES-in təhlükəsizliyini daim nəzarətdə saxlayır. 
 
Mingəçevir SES-in tarixinə nəzər salsaq, buranın inşasının 1945-ci ildə başladığını görərik. Daha dəqiq desək, stansiyanın tikintisinə 1945-ci ildə başlanıb, 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə stansiya tam gücü ilə işə salınıb. Stansiyanın tikilməsində 20 min insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10 minə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının - postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsi ilə əlaqədar olaraq qurulub. 
 
Mingəçevir SES Cənubi Qafqazda ən böyük su elektrik stansiyası sayılır və Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. 1957-ci ildə Varvara SES işə düşdükdən sonra ikisi birlikdə “Mingəçevir SES silsiləsi” adlanır. Mingəçevir su anbarı 1953-1959-cu illərdə doldurulub, su tutumu 16070 milyon kub metrdir. Dəryaçanın uzunluğu 70 kilometr, eni 13-18 kilometrdir. Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaradıb, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırıb. 
 
“Mingəçevir SES silsiləsi”ndə 165 nəfər işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovatlıq paylayıcı yarımstansiyalar daxildir. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvadrat saatdır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 metr) bənddir. O işlənən materialların həcminə görə həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.

Maraqlıdır, doğrudanmı Mingəçevir SES təhlükəlidir? Ümumiyyətlə, ermənilərin bu hədələrinin əhəmiyyəti varmı? Mingəçevirdən deputat seçilən Aydın Mirzəzadə ermənilərin bu hədəsinin sözdən başqa bir şey olmadığını dedi: “Ermənilər Azərbaycanın onların müdafiə xəttini heç vaxt yara bilməyəcəyi ilə bağlı gurultulu bəyanatlar verirdi. Amma son hadisələr göstərdi ki, bunların hamısı təbliğat kampaniyasından başqa bir şey deyil. Azərbaycanın güclü olduğunu Ermənistan yaxşı bilir. Birincisi, Mingəçevir SES möhkəm mühəndis qurğusudur və ona Ermənistan kimi zəif bir ölkənin təhlükə törətməsi mümkünsüzdür. İkincisi, Azərbaycan bu gün Mingəçevir SES və su anbarını kifayət qədər ciddi şəkildə qoruyur. Bizim hava hücumundan müdafiə kompleksimiz var. 
 
Gələn təhlükələrin qarşısını almaq üçün çox effektli, qabaqlayıcı tədbirlərimiz var. Ermənilərin bu hədəsi sözdən başqa bir şey deyil. Əlbəttə, onlar istəyərdilər ki, bunu etsinlər. Ermənilərin gözündə bu SES-in dağılacağı təqdirdə nə insanların ölümü, nə bütün region üçün yaranacaq ekoloji fəlakət maraqlı deyil. Ermənistan bu gün insanlıqdan uzaq, istənilən metoda, çirkin yola əl atmağa hazır ölkədir. Ancaq onların bunu etməyə texniki imkanları yoxdur. Həm də ki Azərbaycan o qədər zəif deyil ki, gözümüzü bu təhlükə ilə qorxuda bilsinlər. Ermənilər yaxşı bilməlidir ki, Azərbaycanda cəmiyyətin ayrı-ayrı strateji əhəmiyyətli obyektlərinin qorunması yüksək səviyyədə mühafizədədir. Heç bir halda Azərbaycan Ermənistana onlara zərbə endirməyə imkan verməz”. Deputat bu hədələrin heç bir qorxusunun olmadığını dedi: “Mən həmin Mingəçevir şəhərindənəm və bütün yayı o dənizdə keçirirəm. Atam o stansiyanı tikib, vaxtilə özüm o stansiyada işləmişəm. Heç bir qorxusu yoxdur”.

Mühəndis-geoloq Vaqif Behbudoğlu isə bildirdi ki, ermənilərdən hər an hər şey gözləmək olar: “Mingəçevir Su Anbarı 16,5 milyard kub metr su tutumuna malikdir. Əgər ermənilər oranı dağıtmaq istəsələr, bu, Azərbaycanın Yevlaxdan Neftçalaya qədər olan aran rayonlarının su altında qalması deməkdir. Bunu da ermənilərdən hər an gözləmək olar. Burada gələcəkdə konstruktiv işlər görülməlidir. Çünki orada qırmızı xətt var. 83 metrə qədər suyun qalxma imkanı var. Əgər su 83 metrdən yuxarı qalxarsa, oradakı iki böyük kanal Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalı vasitəsilə suyun müəyyən hissəsini axıtmaq olar”.
Cia.az