|
Neft bazarında qeyri-stabillik - maraqlı gedişlər...
Nəticəsiz başa çatan Doha görüşündən sonra neftin qiymətləri sabitliyini itirib. Artıq Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 39,68 dollar təşkil edib. 
 
APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar azalaraq 42,74 dollar olub. Aprelin 17-də baş tutan görüşdən sonra neft kəskin ucuzlaşsa da, az sonra bazar “özünə gəlib” və yenidən əvvəlki vəziyyətə qayıdıb. 
Qeyd edək ki, görüşdə razılığın əldə olunmamasına görə Rusiya ərəb ölkələrini günahlandırıb. 
 
Ekspert İlham Şaban musavat.com-a bildirib ki, Doha görüşündən sonra qiymətlər bir gün ərzində çox maraqlı gedişlər edib: “Günün birinci yarısında neftin qiymətində ciddi aşağı enmələr özünü büruzə verdi. Günün əvvəlində 6 faizlik enmə vardı. Günün sonunda bu, 0,5 faizə qədər azaldı. Birjalar bağlanarkən gün ərzində neftin qiymətinin 0,5 faiz enməsi məlum oldu. Bazar özünü artıq o çaşqınlıqdan, o gözləntilərdən sanki sığortalamışdı. Bu gün artıq neftin qiymətlərində dünənki ilə müqayisədə 1,25 faiz artım var. Artıq neft kifayət qədər yüksək dinamika göstərir, artım var. Neftin bareli 44 dollara yaxınlaşmaqdadır. Bu isə iki faktordan yararlanır. Birincisi, Küveytdə tətil baş verib, Küveytin ixracı aşağı düşüb. 2015-ci ildən Çində sənayenin enerjiyə olan tələbatının azalması fonunda olan informasiyalar birdən, qəfildən bunun artım dinamikası ilə əvəz olunur. Bu, bazara müsbət dinamika verir. Ona görə də belə hesab etmək olar ki, bu Doha görüşündə OPEK-ə daxil olmayan ölkələrin və OPEK ölkələrinin hər hansı bir razılığa gəlməməsi heç də o demək deyil ki, bazarda hər şey bədbinliklə və yaxud ruh düşkünlüyü ilə müşahidə olunacaq. Neft bazarı çox maraqlı və gözlənilməz bir bazardır. Neftin qiymətləri çoxlu faktorlardan qidalanır, çox həssasdır. Hava şəraitindən tutmuş müxtəlif iqtisadi, makroiqtisadi, o cümlədən siyasi, müharibə, yəni təlatümlü, bu kimi faktorlara bazar reaksiya verir. Ancaq bu, o demək deyil ki, hər hansı bir stabillik əldə olunur. Stabillik üçün fundamental əsaslar lazımdır. Fundamental əsaslar isə tələb və təklifdir”. 
 
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, neftin qiymətlərinin sabitləşdirilməsi yolunda Rusiyanın son bir ildə qaldırdığı təşəbbüslər bir qayda olaraq nəticəsiz qalır: “Nə üçün OPEK-ə daxil olmayan ölkələr belə bu məsələ ətrafında fikir birliyinə gələ bilmirlər? Əvvəlcədən nəzərdə tutulmuş bu görüşlər bəzən hansısa səbəbdən baş tutmur, bəzən də danışıqlar hər hansı bir razılıq əldə olunmadan yekunlaşır. Məsələyə bir qədər dərindən yanaşılsa, bütün bu proseslərin nə qədər siyasi xarakter daşıdığı tam aydınlığı ilə ortaya çıxar. Baxın, hər dəfə bu danışıqlar OPEK-in əsas söz sahibi, ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi, Səudiyyə Ərəbistanı tərəfindən bu və ya digər bəhanələrlə pozulur. Aprelin 17-də də eyni hadisə baş verdi. Səudiyyə Ərəbistanı heç nədən, görüşdə neft hasil edən digər OPEK ölkələrinin də iştirakının vacibliyini bəhanə gətirərək danışıqları pozdu. Halbuki hər kəsə, o cümlədən Səudiyyə Ərəbistanına da əvvəlcədən bu görüşdə hansı ölkələrin iştirak edəcəyi bəlli idi. İran isə neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə - yəni gündəlik 4 milyon barelə çatdırdıqdan sonra onu artırmayacağı barədə öhdəlik götürdüyündən bu görüşdə iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Danışıqlar pozulacaqdısa, onda Dohaya yığışmağın nə mənası var idi?”
 
Ekspertin sözlərinə görə, neftin qiymətlərinin siyasi motivlərinin yekunlaşmağa doğru getməsi barədə səslənən fikirlər hələ ki real deyil: “Real olan isə odur ki, qiymətlər ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir. Bu səbəbdən də bundan sonrakı dönəmdə neftin qiymətlərinin necə dəyişəcəyini proqnozlaşdırmaq bir o qədər də asan olmayacaq. OPEK-in üzvü olan ölkələrin və digər neft ölkələrinin iştirakı ilə Dohada keçirilən görüş də bu həqiqəti bir daha təsdiq etdi. Heç şübhə yoxdur ki, yaxın aylarda keçirilməsi planlaşdırılan növbəti görüş də eyni ”uğurla" yekunlaşacaq. Bu məsələdə əsas söz sahibi ABŞ-dır və o öz neft sənayesinin ziyanla fəaliyyət göstərməsinə baxmayaraq, hələlik qiymətlərin qalxıb stabilləşməsinin tərəfdarı deyil. Bu səbəbdən də prosesin nə qədər davam edəcəyi bəlli deyil".
 
F.Yusifov qeyd edib ki, bir neft ölkəsi olaraq biz dünya bazarlarında neftin qiymətlərinin artmasının tərəfdarıyıq: “Son aylar ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafı istiqamətində atılan ciddi addımların yaxın bir-iki ildə müsbət nəticələr verəcəyi heç kəsdə şübhə doğurmur. Lakin bu müddət ərzində neftdən daxil olan möhkəm valyutanın həcminin çox olması bizə bu prosesləri daha sürətlə aparmaq imkanları vermiş olardı”.
 
İqtisadçı Qubad İbadoğlu isə deyib ki, Doha toplantısı nefti bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırıb:“Dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin, o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi. İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha acınacaqlı görünür. Belə ki, 2017-ci ilin martınadək gündəlik ixracatını 4 milyon barelə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yalnız son 1 ayda xam neftin ixracatında 600 min barel artım qeydə alınıb. Hazırda gündə 10,4 milyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə ucuzlaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 bareli 35 dollaradək ucuzlaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də var”.

Ekspertin sözlərinə görə, bu toplantı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır: “Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir”.
Cia.az