|
Prezident son döyüşlərin qəhrəmanlarını təltif etdi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti sosial şəbəkələrdə daha bir neçə hərbçimizin şəhid olduqları barədə yayılan xəbərlərə münasibət bildirib. 
Nazirlikdən  verilən açıqlamada bildiriblər ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır: “Bəzi KİV-lər isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil.
“Həbib Müntəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri “Feysbuk” statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.
Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırır.
Həqiqətdə isə təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub".
Döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun isə meyiti tapılıb. Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.
Əvvəllər dəfələrlə axtarışlar aparılmış ərazidə aprelin 19-da hərbi qulluqçumuzun meyiti aşkar edilərək götürülüb. Bu, o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb və bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib.
Axtarışların aprelin 19-da bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb.
Hazırda hərbi qulluqçumuzun ölümünün baş verməsi şəraiti, səbəbi, vaxtı, meyitin üzərində hər hansı işgəncə, təhqir əlamətlərinin olub-olmamasını təyin etmək məqsədilə tibbi-məhkəmə ekspertizası, müvafiq tanınma və digər zəruri prosedurlar həyata keçirilir.
Tapılan meyitin hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu olduğu güman edilir. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılan bir Ermənistan hərbçisinin nəşinin aprelin 20-də, saat 15.00-da qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Məlumata görə, Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.
Cia.az