Son günlər ABŞ-dan Azərbaycan iqtidarına dəstək xarakterli bəyanatların gəldiyi müşahidə olunur. ABŞ səfiri, ABŞ Dövlət Departamentinin rəsmilərinin dilindən Azərbaycan iqtidarına dəstək mesajları gəlməkdədir. Bir çox siyasətçilər düşünür ki, Azərbaycan hakimiyyəti Rusiya ilə daha çox yaxınlaşanda burada demokratiyanın durumu daha pisləşir. Bəs, ABŞ-dan yuxarıda qeyd etdiyimiz münasibətin Azərbaycanda demokratiyanın xeyrinə, yoxsa zərərinədir?
VİP sədri Əli Əliyev bildirdi ki, prezident Əliyevin son ABŞ səfəri hərbi müstəvidəki fəallıqla bir qədər kölgəyə düşdü. Ancaq bu səfər həm aşkar, həm də hələlik haqqında detallarla məlumat sızan qapalı nəticələri ilə mühüm idi. Hakimiyyət də müharibə məlumatlarının altında ABŞ səfərini müzakirə etməməyə üstünlük verdi: “Hesab edirəm ki, əlamətlər və rəsmi məlumatlar Azərbaycan iqtidarının Vaşinqtona yaxınlaşmasını təsdiq edir. Təsadüfi deyil ki, təmas xəttindəki erməni və havadarının provokasiyası məhz bu səfərə təsadüf etdi. Rəsmi Moskva Cənubi Qafqaz ölkələrinin Qərblə yaxınlaşmasından bərk ehtiyatlanır. Bizim bölgənin 2 seçimi var: Şimal və ya Qərb. Bizim iqtidar hələlik bu seçimlərin ikisini də yubadır, arasında var-gəl edir. Lakin getdikcə zaman daralır. Ukrayna və Suriya hadisələrindən sonra Rusiyanın nüfuz çevrəsinin daraldılması davam edir. Bizim milli maraqlarımız bu qeyri-müəyyənlikdən çıxmağı tələb edir. Balanslı siyasət adlandırılan beynəlxalq kurs bugünkü siyasi reallıqları şərtləndirir. Milli maraqlarımız Qərblə, yəni ABŞ və Avropa Birliyi ilə yaxınlaşmanı istəyir. Türkiyə ilə birgə hərəkət uğur potensialımızı yüksəldə bilər. Qərb dəyərləri Dövlətin çağdaşlaşması və demokratikləşməsi üçün zəruri mahiyyət daşıyır. Qərbin dövlət quruculuğu standartları qanuni və ədalətli cəmiyyət formalaşması üçün əvəzsizdir. Rusiya ilə yaxınlaşma isə bizə yenidən müstəmləkəyə çevrilməkdən başqa heç nə vəd etmir. Ruslar yeni imperiya yaratmaqdan başqa heç nə düşünmürlər. Bütün bu hərəkətlər Kremlin qıcıqlandırılmaması xarakteri daşımalıdır. Bizim Qərbə yaxınlaşmamız Rusiyanın zəifləmə əmsalına mütənasib olmalıdır”.
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə bildirdi ki, Azərbaycanın demokratikləşməsi təbii olaraq Avrointeqrasiyadan, eyni zamanda Amerikaya yaxınlasmaqdan, əməkdaşlıqdan keçir. Siyasi məhbuslarla bağlı hətta son əfv fərmanı da Amerikanın təsirindən irəli gəlir.
Bu gün də Azərbaycanda siyasi məhbus probleminin bəlli, demokratik, siyasi iqtisadi islahatların aparılması, demokratikləşməsi Amerika üçün prioritetdir: “Bu gün də ABŞ-ın bu münasibəti, məncə, Azərbaycanın xeyrinə o zaman olacaq ki, hakimiyyət bundan yararlanaraq ölkədə ciddi islahatlara gedə bilər. Hər halda əvvəlki illər kimi olmayacaq. Ola bilsin ki, Amerika həm də tək təzyiq yolu ilə yox, əməkdaşlıq, dəstək yolu ilə də Azərbaycanda müəyyən islahatların keçirilməsinə nail olmaq istəyir. Bu baxımdan, prinsipcə, hesab etmək olar ki, ABŞ-la yaxınlaşma ölkədə demokratiyanın zərərinə olmaz”.
AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirdi ki, ABŞ-ın Azərbaycanda strateji maraqları var. Bu maraqlar artıq iqtisadi çərçivədən siyasi maraqlar çərçivəsinə qalxıb. Regionda baş verən hadisələrdən dolayı yaranan bu yanaşma özünü müxtəlif istiqamətlərdən göstərməli idi.
İstər Qarabağ konfliktinə yanaşmada göstərilən son mövqe, istərsə də ölkə başçısının ABŞ səfəri zamanı olan diqqət də məhz Azərbaycana olan diqqət idi: “Həqiqətən də ABŞ-la strateji tərəfdaşlığın ölkədə demokratiya məsələlərində böyük önəmi var. Ölkədə yumşaq siyasi mühitin yaranması yolunda bu əməkdaşlığın böyük rolu var. Bunun davamlı olacağı təqdirdə demokratiya, insan haqları ilə bağlı olan problemlər də tədricən olaraq aradan qalxa bilər. Azərbaycan hakimiyyəti də bunu bildiyi halda bu əməkdaşlıqda maraqlı olacaqsa, deməli ölkədəki problemlərin çözülməsində də maraqlı olacaq. Ən azından ABŞ səfəri öncəsi bir qrup jurnalistin, QHT rəhbərinin, siyasətçilərin həbsdən azad olunması bizdə buna ümidlər yaradır. Rusiya faktoru isə həmişə olub və olacaq. Həqiqətən də Rusiya ilə yaxınlıq etmək istəyən hər hansı hakimiyyət istəsə belə demokratik islahatlar apara bilməz. Rusiyanın təklif etdiyi əməkdaşlıq formaları ümumiyyətlə demokratiyanı hətta bir çox hallarda müstəqilliyi belə inkar edir. Müttəfiqlik etdiyi ölkələrdə demokratik təsisatların inkişaf etməsində Rusiya heç vaxt maraqlı olmayıb. Hətta mən deyərdim ki, buna imkan verməyib. Bütün bunlara rəğmən hesab edirəm ki, Rusiya ilə də münasibətlərin gərginləşməsində maraqlı olmamalıyıq”.
Cia.az
