Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov aprelin ilk günlərində Qarabağ cəbhəsində baş verən toqquşmalar nəticəsində Azərbaycanın qazandığı hərbi nailiyyətlər və şəhidlər verməsindən danışmaqdan imtina edib.
O, modern.az-ın sualının cavabında “indiki siyasi proseslər haqqında nəsə deməyə sözüm yoxdu. Cəbhədə baş verənlərdən xəbərim var. Amma bu barədə nəsə fikir söyləyə bilməyəcəm”-deməklə kifayətlənib.
Əslində bu gün Qarabağ cəbhəsində vəziyyət elədir ki, baş verənlərə münasibət bildirməmək heç cür qəbulolunan deyil. Bu gün hətta on illərdir biganəlik nümayiş etdirən beynəlxalq aləmdə də münaqişəyə münasibətdə tərpəniş hiss olunur və baş verənlər zamanı hər iki tərəfdən itkilərin verilməsinə ən azı təəssüf ifadə olunur. Bu mənada dünyaca tanınmış bir azərbaycanlının erməni həyasızlığına biganəlik nümayiş etdirməsi birmənalı qarşılanmır.
Söhbət yalnız ziyalıdan, sənət adamından getsəydi, bəlkə də R.İbrahimbəyovun mövqeyinin üstündən ötüb keçmək mümkün olardı. Ancaq hesab olunur ki, söhbət ölkənin prezidenti olmağa iddialı, hazırda da böyük iddialarla çıxış edən siyasi təşkilatın fəxri sədri statusunu daşıyan şəxsdən gedirsə, susqunluq nümayişi qəbulolunmazdır. Qeyd edək ki, R.İbrahimbəyov qardaşı Maqsud İbrahimbəyovun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdi və artıq Rusiyaya dönüb. Xüsusilə də Rusiya mətbuatında Azərbaycan əleyhinə təbliğatın getdiyi bu günlərdə kinorejissorun öz nüfuzundan istifadə edərək önə çıxmaması azı təəssüf doğurur.
Xatırladaq ki, 4 günlük müharibədə və ondan sonra Rusiyadakı digər tanınmışların - Abbas Abbasov, Söyün Sadıqov, “AST Telman”ın da səsləri çıxmadı. Rusiyada yaşayan azərbaycanlı tanınmışlardan yalnız professor İlham Rəhimov və Rusiya İslam Komitəsinin sədri Heydər Camal milli mövqeyimizi açıq şəkildə müdafiə etdilər. İ.Rəhimov hətta təklif olunan 5+2 formulunu Azərbaycan üçün tələ adlandırdı.
Bu mənada R.İbrahimbəyovun heç olmasa şəhidlərimizə görə başsağlığı verməyi də özünə rəva bilməməsi acı təəccüb doğurur.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bəzi adamların siyasətə yanaşmasında o qədər qeyri-ciddilik görürsən ki, izahını da vermək çətin olur: “Hər bir mövzuya münasibət var, o da "bilirəm" və yaxud “bilmirəm” formasında deyilə bilər. Xüsusilə də ziyalıların daha obyektiv açıqlama vermə imkanlar mövcud olur. “Bir şey deyə bilməyəcəyəm” ifadəsi ilə yanaşmaq fikrimcə, hansısa maraqlara görə sualdan yayınmaqdan başqa bir şey deyil. Bütövlükdə vəziyyəti doğru təhlil edərək fikir bildirməklə sıradan insanların görə bilmədiyi reallıqları çatdırmaq bir ziyalı borcu olaraq baxılmalıdır. Burada siyasət oyunlarına üz tutmağın yeri yoxdur. Xüsusilə Qarabağ məsələsində məncə daha dürüst davranış ortaya qoyulmalıdır".
Maraqlıdır, Rusiyada yaşayan adını çəkdiyimiz və çəkmədiyimiz tanınmışların sükutu nədən qaynaqlanır? Onlar niyə susur, ermənilərlə ortaq layihələrimi var, ya Qarabağ məsələsini özlərinin problemi saymırlar?
F.Mustafa: “Sadəcə, Rusiya yönətiminin siyasi düşüncəsinin əksinə fikir söyləmə risqinə görə bir çox fikirləri səsləndirməyi məqbul hesab etmirlər”.
QAT sədri Akif Nağının məsələyə münasibəti sərt oldu: “Cəbhədə baş verən son hadisələr Azərbaycanın ümummilli, taleyüklü məsələsidir. Bu məsələyə biganə qalmaq, yaxud mənfi reaksiya vermək heç bir azərbaycanlıya, xüsusən də ictimai-siyasi çəkisi olan vətəndaşımıza, soydaşımıza yaraşmaz. Rüstəm İbrahimbəyovun bu cür məsələlərlə bağlı mövqeyi çox təəssüf ki, heç vaxt milli maraqlara uyğun olmayıb. Xüsusilə də Azərbaycan-Ermənistan münaqişəsində daim kosmopolit mövqe tutmağa, hətta müəyyən məqamlarda ermənilərlə işbirliyinə getməyə meylli olub. Biz onun bu mövqeyini dəfələrlə tənqid etmişik. Çox təəssüf ki, o öz mövqeyini yenidən təkrar edir. Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün müxtəlif vasitələrə əl atır, Qarabağ problemi hər birimizin yaralı yerimizdir. Cəbhədəki son hadisələr zamanı onlarla şəhidimiz oldu. Bütün Azərbaycan cəmiyyəti yenə də şəhid verməyə hazır olduğunu bəyan edir, cəmiyyətdə ruh yüksəkliyi var. Belə bir məqamda Rüstəm İbrahimbəyov deyir ki, mən bu hadisəyə münasibət bildirmək istəmirəm. Bu cür münasibət düşmən mövqeyindən də pisdir. Hər halda Rüstəm İbrahimbəyov bir daha fikirləşməlidir ki, hansı xalqın övladıdır”.
Cia.az
