Qarabağ cəbhəsindəki son döyüş əməliyyatları həm də Azərbaycana müasir silahları sınaqdan keçirmək fürsəti yaratdı. O sırada İsraildən alınan yüksək dəqiqlikli hərbi qurğular və sistemlər, pilotsuz uçan aparatlar uğurla sınaqdan çıxarıldı. Xüsusən də düşmən tərəfini ciddi canlı və maddi itkiyə məruz qoyan kamikadze-dronları qeyd eləmək lazım gəlir.
4 günlük müharibənin nəticələri sözsüz ki, Azərbaycanın nadir hərbi texnologiyalara malik İsraillə hərbi sahədə əməkdaşlığı daha da genişləndirmək imperativi yaradır. Yəqin ki, bu yöndə əməkdaşlıq dərinləşəcək. Üstəlik, o da bəlli olub ki, Təl Əviv bu əməkdaşlığı dayandırmağa və eyni qəbildən əməkdaşlığı işğalçı Ermənistanla qurmağa hazırlaşmır - Bakıya İsrail silahlarının satılmasına İrəvan rəsmi etiraz bildirsə də.
Bu, elə obrazlı ifadə eləsək, Bakıya dəstək, İrəvana dirsək anlamı verir. Ümumiyyətlə, Qarabağ məsələsində yəhudi dövlətinin simpatiyası Azərbaycan tərəfdə görünür. Bunu təmas xəttindəki son olayların ardınca İsraildən Azərbaycana ünvanlı rəsmi və qeyri-rəsmi dəstək bəyanatlarından da görmək mümkündür.
“İsrail Dağlıq Qarabağdakı situasiyada Bakıya diplomatik dəstək nümayiş etdirməlidir”. Bu sözlər İsrailin müdafiə nazirinin keçmiş müavini Efraim Snehin “Al-monitor.com” saytında dərc olunan məqaləsində yer alıb (Axar.az). Onun sözlərinə görə, İsraillə Azərbaycan strateji müttəfiqdirlər: “Bakı İsrailin neft ehtiyacının 40%-ni qarşılayır. Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır”.
Qeyd edək ki, Efraim Sne Ariel Şaron və Ehud Barak hökumətlərində çalışıb. O, İsrailin məşhur siyasətçisi Moşe Snenin oğludur. Bundan az öncə isə İsrailin sabiq xarici işlər naziri, “Bizim evimiz İsraildir” Partiyasının lideri Aviqdor Liberman 4 günlük müharibəni İsrail nəşrinə şərh edərkən Bakı ilə həmrəylik nümayiş etdirmişdi: “Mən bu regionda hadisələrin inkişafını diqqətlə izləyirəm və əminəm ki, hər şey ermənilərin təxribatından başlayıb. Münaqişənin növbəti alışması prezident Əliyev ABŞ-da olanda, Barak Obama ilə görüşəndə baş verib. Dövlət başçısı xaricdə olanda belə qərarlar qəbul olunmur”, - deyə o Bakıya dəstək nümayiş etdirmişdi. Jurnalistin “Ehtiyatlanmırsınızmı ki, münaqişə tərəflərindən birini dəstəkləməyiniz İsraildə bəzi seçici səslərini itirməyinizə gətirə bilər, Ukrayna ilə Rusiya arasında konfliktdə israilli siyasilər, o cümlədən siz bitərəf qalmağa çalışmısınız”, sualına Liberman belə cavab vermişdi: “Rusiya ilə Ukrayna arasında konfliktdə biz mövqe bildirə bilmərik, çünki orada hər şey elə də sadə və aydın deyil. Qarabağ məsələsində isə hər şey tamamilə aydındır”. Liberman təkcə Dağlıq Qarabağ deyil, saxta erməni “soyqırımı” məsələsində də bir neçə dəfə ədalətli, işğalçı Ermənistanı qəzəbləndirən açıqlamalar verib.
Belə bəyanatlar əslində boşuna deyil, Azərbaycanın İsraildə səfirliyi olmasa da, iki ölkə arasında münasibətlər həqiqətən strateji əhəmiyyətlidir. Azərbaycan həmçinin, Türkiyə-İsrail münasibətlərinin tam qaydaya düşməsi üçün ən böyük potensialı olan ölkədir və bunu Təl Əvivdə də bilirlər. İstisna deyil ki, Türkiyənin yəhudi dövləti ilə qırılan əlaqələrinin bərpasında bu amil də öz rolunu oynayır.
Yeri gəlmişkən, xatırladaq ki, bu günlərdə Londonda tərəflər arasında baş tutmuş müzakirələrdə barışığın sonuncu detalları da razılaşdırılıb. Danışıqlarda Türkiyə tərəfindən XİN müşaviri Firudin Sinirlioğlu, İsrail tərəfdən isə baş nazir Benyamin Netanyahunun xüsusi təmsilçisi Yozef Sieçenover və Mili Təhlükəsizlik müşaviri Yakob Naqel iştirak ediblər. Məlumatlara görə, iki ölkə arasında münasibətlərin düzəldilməsi üçün tərəflər sonuncu iki əsas bənd üzərində anlaşıblar. Ehtimal ki, yaxın günlərdə barışıq istiqamətində yekun anlaşmanın şahidi olacağıq.
Regionun iki böyük oyunçusu kimi Türkiyə və İsrailin barışmasından ən çox qazanan tərəflərdən biri təbii ki, Azərbaycan olacaq. Birincisi, ona görə ki, o halda bu, Türkiyənin bölgədəki və dünyadakı gücünə əlavə güc qatacaq, Qarabağ məsələsinə qardaş ölkənin təsir imkanlarını artıracaq, demək, təslimçi sülhü Bakıya qəbul etdirmək, Azərbaycanı təkləmək mümkün olmayacaq.
İkinci yandan, Azərbaycan öz hərbi qüdrətini İsrail və Türkiyə hesabına gücləndirmək və təcavüzkar üzərində əzici üstünlüyü təmin eləmək üçün daha əlverişli fürsət bulmuş olacaq. Çünki İsrail-Türkiyə yaxınlaşması İsrail-Azərbaycan əməkdaşlığının dərinləşməsi üçün əlavə və münbit zəmin, stimul yaradacaq.
Bundan başqa, Bakı öz üzərində beynəlxalq yəhudi lobbisinin dəstəyini daha güclü hiss edə, Azərbaycan və Türkiyə beynəlxalq erməni lobbisinin fəaliyyətini daha asan neytrallaşdıra bilər. Unutmaq olmaz ki, Qarabağ uğrunda mübarizə təkcə döyüş meydanında yox, indi həm də informasiya-təbliğat məkanlarında, beynəlxalq birliyin rəyi uğrunda gedir.
Nəhayət, Türkiyə-İsrail-Azərbaycan geosiyasi üçbucağı sanballı vektor olaraq regionda Rusiya və digər destruktiv güclər qarşında tarazlayıcı rol oynamaq, böyük bir bölgənin siyasi-iqtisadi taleyinə təsir göstərmək iqtidarındadır. Söhbət həmçinin, Türkiyənin Rusiyadan qaz asılılığının azalmasında İsrail qazından istifadədən gedir. Ötən il İsrailin baş naziri Benyamin Netanyahu iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı razılıq əldə oluna biləcəyini söyləmiş, bu məqsədlə rəsmi Ankara ilə danışıqlar aparıldığını da vurğulamışdı.
Söhbət 10 milyard kubmetr qazdan gedir. Bu isə Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.
Təbii ki, iqtisadi-energetik bağların artması siyasi-hərbi sahələrdə də əlaqələrin güclənməsinə gətirəcək - həm də üçtərəfli formatda.
Cia.az
