|
Ermənilərdən növbəti cəfəngiyyat -
Azərbaycanla Ermənistanın gərgin münasibətlərinin fonunda Mingəçevir Su Elektrik Stansiyası (SES) mənfur düşmənlərimizin ölkəmizə qarşı təhdid obyektlərindən birinə çevrilib. Son 4 günlük savaşdan sonra bu məsələ yenidən gündəmə gəlib.
Belə ki, ermənilər sosial şəbəkələrdə “Hədəfimiz Mingəçevir Su Anbarıdır” kimi statuslar paylaşırlar. Sözügedən paylaşımlar İnstagramda geniş müzakirə olunur.
 
Qeyd edək ki, iki il öncə də düşmən ölkənin rəhbərliyi tərəfindən Azərbaycana qarşı bu cür təhdidlər olmuşdu. Müdafiə naziri Seyran Ohanyan Mingəçevir SES-ə qarşı diversiya törədiləcəyi barədə fikirlər səsləndirmişdi. Azərbaycan tərəfinin tutarlı cavabından sonra ermənilər susmuşdular. 2014-cü ilin avqust-sentyabr aylarında da cəbhə xəttində gərginlik artanda Ermənistanın müdafiə naziri hökumətin iclası zamanı demişdi ki, Azərbaycan  tərəfi ermənilərin Mingəçevir SES-ə hücum etməyindən çox qorxur.
 
Göründüyü kimi, təcavüzkar ölkənin Azərbaycana qarşı məkrli planlarının içərisində Mingəçevir SES ilk sıralarda dayanır. Aydındır ki, müharibə başlayarsa, düşmən ölkə ilk növbədə Azərbaycanın strateji obyektlərini hədəf ala bilər ki, bu sırada Mingəçevir SES-də var. Ölkəmiz üçün də bu təhlükə ən həssas məqamlardan biridir. Belə ki, SES-ə qarşı yaranacaq hər hansı bir təhlükə 26 rayonumuzun təhlükə altında qalması deməkdir. Mingəçevir SES-də 5 milyard kub metr su var ki, bu da 16, 5 kub kilometr deməkdir.
 
Doğrudur, SES-lə bağlı dövlət təhlükəsizlik tədbirlərini daim gücləndirib. Əksər ekspertlər ermənilərin belə riskli addım atmayacağına əmindirlər. Çünki Mingəçevir SES-i təhülkəsiz edən amillərdən biri də, Bakı-Tiflis-Ceyhan xəttinin əsas hissələrinin bu ərazilərdən keçməsidir. Əgər bir təhlükə baş verərsə, heç şübhəsiz ki, boru xətləri də təhlükə altında qalacaq. Bu isə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan kimi ölkələri də hərəkətə gətirə bilər.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ermənilərdən hər şeyi gözləmək olar: “Biz sadəlövh deyilik. Azərbaycanın strateji obyektləri çoxdur və həmin obyektlər ən yüksək səviyyədə qorunur. Düşmənin ən son məqamda elə bir addım ata biləcəyini istisna etmək olmaz. Bunu hər zaman demişik, bu gün də deyirik. 
Bu nəzəri baxımdan mümkündür, amma praktiki baxımdan həyata keçirmək müşkül məsələdir. Hazırda stansiya sovetlər dönəmindən də yaxşı mühafizə olunur. Əvvəllər orada birzolaqlı mühafizə sistemi var idisə, indi iki və daha çox zolaqlı müdafiə qurğuları var. Havadan hərbi qüvvələr oranı göz bəbəyi kimi mühafizə edirlər. Su anbarını vurmaq ermənilərin sadəcə arzularıdır. Unutmasınlar ki, stansiyaya qarşı uzadacaqları əli İrəvandakı Atom Elektrik Stansiyasında görə bilərlər. Azərbaycan bu sözü heç vaxt dilinə gətirməyib. Sosial şəbəkələrdə bəzi dostlar deyirlər ki, erməniləri cəzalandırmaq üçün Atom Elektrik Stansiyasını vurmaq lazımdır. Biz o səviyyəyə enməməliyik və enmirik də. 
 
Hazırda çaşqın vəziyyətdə olan ermənilərdən istənilən əclaflığı gözləmək mümkündür. Bu onların xislətinə uyğundur. Təbii fəlakətlərlə belə, stansiyaya təhlükə yaranarsa, mühafizə orqanlarımız onun qarşısını almaq gücündədirlər. Amma tam arxayınlaşmaq olmaz. Azərbaycan dövləti bunları yaxşı bilir və nəzarətdə saxlayır. Ermənilərin bu hədə-qorxuları yalnız sözdə olacaq. "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar". Nə qədər hədə-qorxuları çox olsa, öz başlarında çatlayacaq".
Təhlükəsizlik eksperti Arzu Nağıyev son döyüşlərdə erməni tərəfin əsas təhdidlərinin su anbarı ilə bağlı olduğunu söylədi: “Bu gün Azərbaycan rəhbərliyi Mingəçevir Su Anbarı ilə bağlı ermənilərin hədələrini təhdid kimi qəbul edir. Bu istiqamətdə müvafiq addımlar atılır. Stansiyanı vurmaq imkanları olan raketlərin hansı istiqamətdən vura biləcəkləri ilə bağlı Hərbi Hava Qüvvələrimiz daim hazırlıqlı vəziyyətə gətirilir. Su anbarı yüksək səviyyədə qorunur. Əgər ermənilərin su anbarını vurmaq imkanları olsaydı, çoxdan bu addımı atmışdılar. Bu addımın qarşısını almaq üçün ölkəmizin tam gücü var. Sadəcə, bu variantdan boşuna istifadə etməyə cəhdlər edirlər”.
Cia.az