Ötən ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da gücləndi. İnsanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq, dollar almağa çalışdılar.
Nəticədə manata olan tələbat daha da azaldı və onun ucuzlaşması üçün şərait yarandı. Belə olan təqdirdə ölkədə valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildi və yanvar ayından etibarən bu məntəqələrin fəaliyyəti rəsmən dayandırıldı.
Bu məntəqələrin bağlanması xüsusi ilə şənbə-bazar və bayram günlərində əhaliyə, həm də turistlərə problemlər yaradır.
Ekspertlər bildirirlər ki, aprel ayından etibarən getdikcə manatın məzənnəsi möhkəmlənir. Bəs belə olan təqdirdə valyutadəyişmə məntəqələri yenidən açıla bilərmi?
Məsələ ilə bağlı “Yeni Müsavat”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov danışıb. O bildirib ki, aldığı məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasında bu məsələnin həlli üçün bir variant üzərində işlənilir: “Mənim təklifim budur ki, valyuta dəyişməyə imkan verən bankomatlar yaradılsın. Xaricdə olduğu kimi, insanlar həmin bankomatlar vasitəsi ilə istənilən valyutanı dəyişə bilsinlər. Banklarla əlaqədar Milli Məclisdə görüş keçirməliyik. Bank sistemində çox ciddi problemlər var. Onları həll etməliyik. Bununla əlaqədar müzakirələr edib müəyyən qərarlar qəbul etmək istəyirik. O cümlədən yəqin ki, valyutadəyişmə məntəqələri ilə bağlı da məsələyə toxunacağıq”.
İqtisadçı alim Vüqar Bayramov isə “Yeni Müsavat”a bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası olduqca vacibdir:
“Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin ləğvini onunla əsaslandırdı ki, bu yolla ”qara bazar"ın qarşısı alınır. Ancaq valyutadəyişmə məntəqələrinin ləğv edilməsi, əksinə, “qara bazar”ı yaratdı. Digər tərəfdən bu məntəqələrin ləğvi 6 min şəxsin işsiz qalmasına səbəb oldu ki, bu da 6 min ailə deməkdir. Bu, indiki dövrdə kifayət qədər böyük göstəricidir. Artıq ajiotaj başa çatıb. Dollarlaşma prosesi çox sürətlə getdi. Mərkəzi Bankın ikinci devalvasiyasında manatın məzənnəsini kəskin azaltması dollarlaşma prosesini sürətləndirdi. Vətəndaşlar əllərindəki manatları dollara çevirdilər.
Bu da mart ayının sonlarından başlayaraq əks devalvasiya prosesinin başlamasına səbəb oldu. Nəticədə insanlar əllərindəki dolların bir qismini manata çevirməyə başladılar. Eyni zamanda banklar və şirkətlər manat öhdəliklərini yerinə yetirmək üçün yerli valyuta aldılar. Bütün bunlardan sonra proses stabilləşdi. Proses stabilləşdiyi üçün valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsinə ehtiyac var.
Çünki bu məntəqələrin olmaması, xüsusilə şənbə və bazar günləri insanlara valyuta dəyişməsi ilə bağlı ciddi problemlər yaradır. Bazar günləri “qara bazar” istisna olmaqla heç yerdə valyutanı dəyişmək mümkün deyil. Digər tərəfdən bu hal, turizmin inkişafına da mane olan faktordur. Ölkəyə şənbə günü gələn turist, yerli valyuta almağa yer tapmır. Bütün bunlara görə valyutadəyişmə məntəqəsinin bərpasının tərəfdarıyam. Hökumətə təklif etmişəm ki, dairələr üzrə valyutadəyişmə məntəqələrinin sayını məhdudlaşdıra bilər. Misal üçün Bakının hər rayonu üzrə 4 valyutadəyişmə məntəqəsinin fəaliyyətinə icazə verilsin. Banklara da müraciət edilsin ki, hansı bank istəyirsə öz təkliflərini Mərkəzi Banka təqdim etsin. Mərkəzi Bank, yaxud da Maliyyə Bazarlarına Nəzarət Palatası həmin banklara hər rayon üzrə 4 valyutadəyişmə məntəqəsi olmaqla lisenziya versin. Sayın optimallaşması imkan verəcək ki, prosesi tənzimləmək mümkün olsun. Bu da ümumi işin asanlaşması ilə bərabər “qara bazar”ın da tamamilə aradan qaldırılmasına səbəb olacaq".
Cia.az
