|
Neftlə bağlı mühüm görüş -
Qətərin paytaxtı Dohada neft hasilatının dondurulmasına dair layihə ilə əlaqədar OPEC üzvləri və qeyri-üzvlər arasında keçirilməsi planlaşdırılan görüş ləngiyib. Son anda OPEC-in qeyri-rəsmi lideri Səudiyyənin xahişi ilə görüş günün ikinci hissəsinə keçirilib - “Reuters” Dohadakı mənbələrinə əsasən yazıb. 
Qəbul edilməsi gözlənilən layihədə, xam neftin qiymətinin aşağı həddə saxlanılması məqsədilə, neft hasilatının yanvardakı səviyyəsinin 1 oktyabr 2016-cı ilə qədər saxlanılması təklif edilir. Doha görüşündə 18 ölkə, o cümlədən Azərbaycan da iştirak edir. Hazırda neft nazirləri Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Thani ilə razılaşmanın qəbul edilməsinə dəstək üçün görüşə gedir. O son aylarda hasilatın stabilləşməsi üçün çalışan şəxslərdən biridir. 
“Problem var. Mütəxəssislər hamının qəbul edəcəyi həll yolu axtarır. Əminəm ki, onlar həll yolu tapacaqlar”- mənbələrdən biri bildirib. Başqa bir mənbə isə deyib ki, Səudiyyə Ərəbistanı bütün OPEC üzvlərinin müzakirələrdə iştirak etməsini istəyir. Bundan əvvəl isə bu ölkə İranın neft hasilatını dondurmaq istəməməsi səbəbilə rəsmi Tehranı müzakirələrdə görmək istəmədiyini iddia edirdi.
 
Səudiyyə Ərəbistanının danışıqlarda iştirak etməkdən boyun qaçıran İran barədə sərt yanaşması var. Tehran deyir ki, beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra bazarda öz yerini bərpa etməyə çalışır. Ötən gün Azərbaycanın enerji naziri Natiq Əliyev bu layihəni “centlmen sazişi” adlandırıb.
Qətərin paytaxtı Dohada neft hasil edən ölkələrin rəsmi görüşü nəzərdə tutulduğundan təxminən 6,5 saat gec öz işinə başlayıb. Bu barədə Rusiyanın Energetika Nazirliyi Twitter-dəki mikrobloqunda xəbər yayıb. “İştirakçılar razılaşdırma üzərində yenidən işləyirlər, düzəlişlər İranla bağlıdır, amma müzakirələr razılaşmanın yekun sazişinin qəbuluna mane olmayacaq”,- deyə “Bloomberq” agentliyi bildirib.
 
Qeyd edək ki, İran artıq Doha görüşündən imtina edib. Bu barədə İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanenin bəyanatında bildirilir. Onun sözlərinə görə, danışıqlarda neft hasilatını dondurmaq məsələsini müzakirə etmək istəyən tərəflər iştirak edirlər. “İran belə bir plan imzalamayacaq, bizim bu görüşdə iştirakımız vacib deyil”,- deyə o əlavə edib.
 
Azərbaycanın energetika naziri Natiq Əliyev isə TASS-a müsahibəsində bildirib ki, istehsalçı ölkələrin imzalamağı planlaşdırdıqları saziş neft hasilatının 2016-cı ilin oktyabr ayınadək yanvar səviyyəsində dondurulmasını nəzərdə tutur. Həmçinin qeyd edilir ki, Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək. 
 
Onun sözlərinə görə, Azərbaycan Dohada neft ixrac edən digər dövlətlərlə razılşmanı imzalamaq niyyətindədir. Nazir deyib ki, neftin qiyməti razılaşma imzalandıqdan sonra 2016-cı ilin axırına 50 dollara çatacaq: “Qiymət nə qədər yüksək olsa, o qədər yaxşıdır. Amma biz hesab edirik ki, bu ilin axırına kimi qiymət 50 dollara kimi qalxacaq, gələn ildə isə bizim üçün münasib səviyyə bir barel üçün 60 barel olacaq”.

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək Dohada keçiriləcək toplantıdan öncə azərbaycanlı həmkarı Natiq Əliyevlə görüş keçirməyi təklif edib. 

Ekspert Natiq Cəfərliyə görə, neft hasilatının dondurulması ilə bağlı hər hansı addım gülünc səslənir. Onun sözlərinə görə, neft hasilatının dondurulmasından söhbət gedə bilməz: “Bu bəyanat çox qeyri-ciddi bəyanatdır. Çünki Azərbaycanda hasilat getdikcə azalır. Təbii olaraq azalır. Hətta yanvarın 12-də səviyyəsində dondurulması haqqında bəyanatın olması haqqında ehtimal var. Yanvar-fevral ayında da bizdə hasilatda azalma olub. Birinci rübdə təqribən 1,5 faiz hasilat azalıb. Biz nəinki hasilatı dondurub həmin səviyyədə saxlaya bilirik, hətta hasilat azalır. Bunu OPEK ölkələri də bilir. Bütün dünyada da neftlə məşğul olan mütəxəssislər bilirlər ki, Azərbaycanın burada rolu yox səviyyəsindədir. Sadəcə, Azərbaycanın da orda olması, bu müqaviləyə imza atması piar xarakteri daşıyır. Desinlər ki, növbəti neft ölkəsi də buna imza atdı. Bu nöqteyi-nəzərdən ruslar Azərbaycanı da dəvət edib və ölkəmizin iştirakını təmin etməyi düşünür. Əslində Azərbaycan hasilatı dondurmaqla bağlı heç bir addım atmayacaq. Çünki ata da bilməz. Hasilatımız azalır”. 

Ekspert bildirib ki, burada əsas yük Səudiyyə Ərəbistanı ilə Rusiyanın üzərinə düşür: “Həmin görüşdə iştirak edən ölkələrin ümumi hasilatının 80 faizini bu ölkələr verir. Maraqlı məqam ondan ibarətdir ki, dondurulma yanvar ayının 12-dəki səviyyədə olmalıdır. Həmin vaxt həm Ərəbistan, həm də Rusiyada hasilat bir həddə olub. Rusiyada 10.3 milyon barel, Səudiyyə Ərəbistanında isə 10.4 milyon barel. Yəni eyni səviyyəyə endirsələr, neft bazarında azalmaya səbəb olmayacaq”.

Ekspert bu müddətdə İranla bağlı gəlişmələri yada saldı: “İran əvvəl öz nümayəndə heyətini göndərmək haqqında ilkin razılığa gəlmişdi, sonra imtina etdi. Səudiyyə Ərəbistanının çox ciddi təklifləri var ki, başqa ölkələr buna əməl etməyəcəklərsə, nəinki hasilatı donduracaq, hətta əlavə bir milyon barel gündəlik artırma gücü var. Çox güman ki, bu bəyanatlar da öz rolunu oynayacaq. Bu gün rəsmi qəbul olunmuş bəyanatın bazarlara çox ciddi təsir göstərəcəyinə inanmıram. Çünki çox böyük bir informasiya yayımı oldu, görüşlə bağlı problemlərin olduğunu bazar oyunçuları bildi. Çox güman ki, növbəti görüşlər haqqında razılaşmanın əldə olunması ilə bağlı bəyanat və fikirlər yer alacaq. Növbəti görüşün Rusiyada olması ehtimalı önə çıxacaq. Yəqin ki, bu bəyanat da bazarlara çox ciddi neqativ təsir göstərəcək. Həmin gün neft bazarı üçün ən ağır günlərdən biri ola bilər. Neftin qiymətlərində təqribən 5-6 faizlik, bəlkə daha çox faizlik azlmanın şahidi ola bilərik”.

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, görüşdə sadəcə hasilatın dondurulması ilə bağlı müzakrələr gedəcək və nəticə olmayacaq: “Mən düşünmürəm ki, müzakirələri, təklifləri ölkələrin əksəriyyəti dəstəkləyəcək. Çünki bildiyiniz kimi, bu istiqamətdə qərar vermək o qədər də asan deyil. Hər bir ölkənin özünün həm dövlət marağı, həm də hər bir şirkətin öz korporativ marağı var. Həmin o dövlətin marağı ilə korporativ marağı uyğunlaşdırmaq, hər iki marağı OPEK səviyyəsində tənzimləmək o qədər də asan məsələ deyil. Ona görə əhəmiyyətli qərarlar gözləmirəm. Görüş müəyyən mənada bir müddət qiymətlərin səviyyəsində artıma doğru təsir edə bilər. Amma istənilən halda qiymətlər ortamüddətli dövrdə yenə də əvvəlki səviyyəsinə qayıdacaq. Ciddi qiymət artımı gözlənilmir”. 
Cia.az