|
Bu gün AŞPA-nın yaz sessiyası başlayır
Aprelin 18-dən 22-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edir.
Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir. 
Sessiyada Assambleyanın büro və daimi komitəsinin fəaliyyətinə dair hesabatlar dinləniləcək. Həmçinin Avropada antisemitizmə qarşı mübarizə, qaçqın böhranı, miqrant və qaçqınların hüquqları, Qərbi Balkanda vəziyyət, Avropa Şurasının insan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzular müzakirə ediləcək. Tədbirdə AŞPA-nın sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək və müzakirələr aparılacaq.
Sessiyada Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin müzakirəsi də gözlənilir. Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək, fikirlərini bildirəcəklər. Ermənistan mediasının yaydığı xəbərlərdə isə erməni deputat qrupunun Azərbaycana qarşı sənəd layihəsinin AŞPA-nın sessiyasında qaldırmağa hazırlaşdığı bildirilir. Qeyd olunur ki, Ermənistan nümayəndə heyəti Qarabağ cəbhəsində aprelin ilk günlərində baş vermiş və çoxlu sayda insan itkisi ilə nəticələnmiş genişmiqyaslı hərbi qarşıdurmanın günahkarı kimi Azərbaycanın olduğunu hazırladıqları layihədə “faktlarla” “sübuta” yetiriblər. İşğalçı ölkənin nümayəndə heyəti həmin layihənin AŞPA tərəfindən Azərbaycana qarşı qətnamə olaraq qəbul edilməsinə çalışacaqlar.  
Siyasi ekspertlər və Azərbaycan nümayəndə heyətinin üzvləri isə hesab edir ki, ermənilərin belə bir planı reallaşdıra bilməsi mümkün deyil. Avropa Şurasına üzv ölkələrin hər birinə aydındır ki, işğala məruz qalan tərəf Azərbaycan, işğalçı isə Ermənistandır. O da bəllidir ki, aprelin 1-dən 2-nə keçən gecə ilk atəşi açıb hücum edən tərəf məhz Ermənistan olub. Ermənistan ordusu Azərbaycan hərbçilərinin mövqeləri ilə yanaşı, dinc sakinlərin yaşadıqları kəndləri bombardman ediblər. Nəticədə dinc sakinlər həlak olub, yüzlərlə ev dağılıb. 
Ermənistanın AŞPA-da Qarabağ məsələsi ilə bağlı Azərbaycan qarşı sənəd qəbul etdirməsini mümkünsüz edən faktorlardan biri də Avropa Şurasının üzvü olan ölkələrin heç birinin aprel hadisələri zamanı Ermənistanı hər hansı formada müdafiə etməməsidir. Ermənistanı strateji müttəfiqi olan ölkələrin belə, onu müdafiə etmədiyi məhz aprel ayında ortaya çıxdı. 
AŞPA-nın prezidenti Pedro Aqramuntun aprelin ilk günlərində Qarabağ cəbhəsində müharibənin başlanması ilə bağlı verdiyi  bəyanatdakı fikirlər isə Ermənistan nümayəndə heyətinin niyyətinin gözündə qalacağını söyləmək üçün daha bir arqumentdir. AŞPA prezidenti bəyanatında bildirmişi ki, Dağlıq Qarabağda zorakılıq hallarının artması və insan itkisinə dair məlumatlar onu çox narahat edib və kədərləndirib. 
P.Aqramunt tərəfləri  atəşkəsə riayət etməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarını bərpa etməyə,  zorakılıqdan çəkinməyə çağırmışdı. O, həmçinin Azərbaycanın birtərəfli qaydada atəşin dayandırılması haqqında qərarını alqışlamışdı. Bəyanatının sonunda AŞPA prezidenti bəyan etmişdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın  işğal olunmuş ərazilərindən qoşunlarını  çıxarmalıdır. (musavat)
Cia.az