|
Ermənilərin hücumunu sübut etmək nə üçün vacibdir?
4 günlük savaşdan 10 gün keçməsinə baxmayaraq, müharibənin fonunda müzakirələrə səbəb olan bəzi məsələlər hələ də gündəmdən düşməyib. Savaşın başladığı 2 aprel tarixindən bu günə qədər hücumun hansı tərəfdən edilməsi ilə bağlı Azərbaycan və erməni ictimaiyyəti arasında müxtəlif fikirlər var.
Düşmən ölkənin ilk olaraq atəşkəsi pozması ilə bağlı Azərbaycanın ortaya kifayət qədər sübutlar qoymasına baxmayaraq, ermənilər həyasızcasına bunu inkar edirlər. Artıq ölkəmizin Xarici İşlər Nazirliyi düşmən ölkəni ifşa etmək üçün hərəkətə keçib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim olunub.
Hücumlara Ermənistanın başlamasına növbəti sübut kimi XİN rəsmisi onu qeyd edib ki, 2 aprel tarixindən hələ əvvəl qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin kütləvi konsentrasiyası aparılıb: “İşğal olunmuş ərazilərdəki Ermənistan qoşunlarına əlavə olaraq, Ermənistanın içərisindəki hərbi hissələrdən əlavə qoşun birləşmələri işğal olunmuş ərazilərə göndərilib. Qoşunların kütləvi konsentrasiyası, arxa təminat və rezerv hissələrin yaradılması və logistik planlaşdırma hərbi əməliyyatlara başlamağın ən bariz nümunəsidir. Ermənistanın onlarla ağır texnikası məhv edilib. Sual olunur: əgər plan hücum deyilsə, adi vaxtda ön xətdə bu qədər texnikanın nə işi var?  Əminik ki, müşahidə peyk imkanları olan dövlətlər Ermənistan qoşunlarının konsentrasiyasını görməmiş deyillər”.
 
H.Hacıyev ermənilərin 4 günlük savaşda daha çox itki vermələrinə səbəb kimi onların hücum etdiyini də qeyd edib: “Sadə məntiq budur ki, hücumda olan silahlı qüvvələr daha çox itki verir. Azərbaycan ordusu yüksək peşəkarlıq və yalnız birinci eşelondakı məhdud qüvvələrlə qarşı tərəfin həmləsinin qarşısını alıb və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün atəş məntəqələrini susdurub və bu təyinatla istifadə edilən yüksəklikləri işğaldan azad edib. Ermənistanın cəzasızlıq sindromu Azərbaycan ordusu tərəfindən sındırıldı və rəsmi Yerevan atəşkəsə vadar edildi. Ona görə də 2-5 aprel tarixlərində qoşunların təmas xəttində yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu hərbi avantüranın və Ermənistanın ordusunun itkilərinin məsuliyyətini Ermənistan xalqı indiki kriminal rejimdən tələb etməlidir”.
 
Azərbaycan cəmiyyəti arasında ermənilərin hücumunu sübut etmək üçün hökumətin həyata keçirdiyi işlər müsbət qarşılanıb. Ekspertlər hesab edirlər ki, düşmən ölkənin atəşkəsi pozması sübut olunsa, bu, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin həllinə müsbət töhfələr verə bilər.
 
Politoloq Elxan Şahinoğlu 2 apreldə baş verən hadisələrin aydınlaşdırılmasına böyük ehtiyac olduğunu bildirdi: “Həmin gün Azərbaycanın dövlət başçısı ABŞ-da səfərdə idi. Əgər ölkəmiz hücum planı hazırlasa idi, həmin gün ölkə başçısı burada olardı. Demək, yenə də erməni təxribatı var. Ola bilsin ki, Azərbaycan hökuməti və ordu komandanlığı əgər ermənilər atəşkəsi yenə də pozsalar, onlara görmədikləri zərbəni vurmaqla bağlı qənaətə gəliblər. Belə bir cavab da məncə verildi. Şəxsi fikrim də var. Hesab edirəm ki, bu məsələnin üzərində çox dayanmağa da ehtiyac yoxdur. Ermənilərin hücumunu sübut etməyə bir o qədər də ehtiyac yoxdur. Dünyaya bəyan edirik ki, torplaqlarımızın azad edilməsi üçün gedən sülh danışıqları alınmasa, alternativ yollara əl atacağıq. Bu yolun da nə olduğu hamımıza bəllidir. Tam haqqımız çatır ki, işğalda olan ərazilərimizi istənilən yolla azad edək. Keçən il Ağdam səmasında vertolyot vurduq. Bizə heç nə deyilmədi. Hamı artıq bilir ki, işğalda olan torpaqlarımızı azad edəcəyik. 2 apreldə də ordumuz bir sıra yüksəkliklər ələ keçirdi. Yenə də bizə heç nə deyilmədi. Azərbaycanın işğal faktoru qaldığı sürəcdə hər zaman güc göstərmə ehtimalı yüksəkdir. Ermənilərin atəşkəsi pozmalarını dünyaya niyə sübut edirik ki? 22 ildir apardığımız danışıqlar nəticəsizdir. Təzyiqimizi artırdıqca, erməni cəmiyyətində də təlaş yaranır. Təzyiqlərimiz olmasa, 22 illik danışıqlar onu göstərir ki, ermənilər masa arxasında geriyə addım atmayacaqlar”.

Politoloq hücum edən tərəfi sübuta yetirməyin çətin olduğunu da qeyd etdi: “Məntiqlə danışıb deyirik ki, prezident Amerikada idi, bunun üçün atəşkəsi poza bilməzdik. Amma bunu sübut etmək çətindir. Ona gərə bu məsələlərə enerji xərcləməyin yeri yoxdur. Tutaq ki, beynəlxalq aləmə sübut edək, ermənilərin atəşkəsi pozmasını. Bu nəyi dəyişir? Beynəlxalq təşkilatlar buna görə ermənilərə təzyiq etməzlər. 4 günlük savaşda qazandığımız uğurları diplomatiyamıza çevirməliyik. Bu savaşda bəzi uğurlar qazandıq. Qərb deputatları ermənilərin işğal etdiyi torpaqlardan çıxmalarını tələb etdilər. Eləcə də, İslam Konfransı Təşkilatının son iclasında önəmli qərarlar verildi. Bunu davam etdirməli, Ermənistana təzyiqləri artırmalıyıq”.
Cia.az