Aprelin 14-də Bakı Bulvar Hotelində İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi çərçivəsində İsveçrə mətbəxi ilə bağlı ustad dərsləri keçirilib.
Tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunub.
Ustad dərsləri kulinariya sahəsində təhsil alan tələbələrə, qabaqcıl mehmanxana və restoranların yerli aşpazlarına yerli məhsullardan istifadə etməklə Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etmək məqsədi daşıyıb. Tədbirin açılış mərasimində çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder iki ölkənin mədəni əlaqələrinin yüksək səviyyədə olduğundan söz açıb.
Azərbaycan və İsveçrənin zəngin mətbəx ənənələrindən bəhs edən səfir İsveçrə mətbəxində daha çox pendir və kolbasa məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.
Ustad dərslərində isveçrəli, fransalı və azərbaycanlı aşpazlar Pascal Aubert, Thibault Bera və Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdiriblər. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını göstəriblər. Dərslərin gedişində göbələk, kolbasa, pendir və göyərti məhsullarından istifadə edilməklə, İsveçrə mətbəxinə məxsus müxtəlif yeməklər hazırlanıb.
Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
