Son günlərdə artan intihar hadisələrinə diqqət etsək görərik ki, əksəriyyət intihar etmək üçün hündür binaların damını seçir. Buradakı əsas məqamlardan biri də insanların binanın damına necə çıxmasıdır. Çünki normalda binaların çardaqları bağlı olmalıdır. Çardağın açarı isə hər adamda yox, yalnızca binaya cavabdeh şəxsdə, yəni nəzarətçidə olmalıdır.
Ancaq bir-birinin ardınca baş verən hadisələr göstərir ki, binaların əksəriyyətinin damına giriş bağlı deyil və istənilən şəxs o dama qalxıb intihar edə bilər. Bundan əlavə, oğrular, və cinayətkarlar da gizlənmək üçün damı müvəqqəti sığınacaq kimi seçə bilərlər.
Mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov da binalarının damının girişinin həmişə bağlı saxlanılmalı olduğunu dedi: “Binaların çardaqları həmişə bağlı saxlanmalıdır. Bu işə binanı idarə edən orqan nəzarət etməlidir. Əgər bina koorporativ binadırsa, o zaman açar koorporativin sədrində olmalıdır. Əgər bina mənzil-istismar kontrolunun idarəçiliyindədirsə, açar o idarədə olmalıdır. Yəni o binaya cavabdeh kimdirsə, açar da onda olmalıdır. Açar kimdə gəldi ola bilməz, ya da ki, ora açıq ola bilməz. Çünki ümumi istifadədə olan yerdir və ora hər adamın çıxmasına icazə verilməməli, daim nəzarətdə saxlanılmalıdır. Bu cür çardaqlar ləğv edilə bilməz. Çünki orada hər an təmir işləri aparıla bilər”.
Maraqlıdır, intihar edən insanlar niyə məhz evlərin damını, yəni yüksəkliyi seçir? Bunun səbəbi diqqət çəkmək, yoxsa sağ qalma ehtimalının az olmasından irəli gəlir
Psixoloq Elnur Rüstəmov hündürlüyə çıxanların məqsədinin heç də intihar etmək olmadığını dedi: “Özünü hündürlükdən ataraq intihar etmək müəyyən bir dönəmi əhatə edir. Bir müddətdən sonra bu proses bu templə davam etməyəcək. İntihar etmək istəyən şəxsin beyninə hər zaman sonuncu intihar hadisəsinin hansı üsulla olması gəlir. Yəni şüuraltı mexanizm bu cür gedir. Müşahidə etsəniz görərsiniz ki, binanın üstünə çıxanlar daha çox xanımlar və yeniyetmələrdir. Burada diqqət çəkmək metodu var. Əslində hündürlüyə çıxanların məqsədi heç də intihar etmək deyil. Sadəcə olaraq, hündürlük insanı həmişə özünə çəkir. Onlar hündürlüyə çıxan zaman nə qədər uzaqda da dayansalar yenə də özlərindən asılı olmadan damın lap uc hissəsinə gəlir və oradan da özlərini aşağı atırlar. İnsanlar niyə hündür mərtəbədəki evin eyvanına çıxıb baxa bilmirlər? Çünki fikirləşirlər ki, birdən aşağı düşərəm. Halbuki eyvan bağlı olur. Yəni o təhlükə özü insanı dartır. Yüksəkliyə çıxanlar daha çox diqqəti özünə yönəltmək üçün bunu edirlər. Bundan başqa, insanlar assosiasiyalarla düşünürlər. Məsələn, bir müddət körpünün üstünə çıxıb bunu edirdilər. İndi isə binanın üstünə çıxıb edirlər. İntiharlar üçün klassik vasitələr var. Dərman atmaq, damarı kəsmək, özünü asmaq və hündürlükdən özünü buraxmaq. Kimsə özünü hündürlükdən atan zaman başqası həmin anı telefonu ilə videoya çəkir və bunu sosial şəbəkələrdə yayır. Bu etik deyil. Kömək edə bilirsən, kömək et, edə bilmirsənsə, onu çəkmə. Çünki həmin video intihar edən şəxsin valideynlərinə, doğmalarına çox pis təsir edir. Həmçinin digər insanlar üçün də bu psixoloji travmadır. Elə valideynlər var ki, onlarda həyəcan, təşviş, qorxu hissini artırır. Elə valideynlər də var ki, binanın çardağını bağlayıblar. Çünki övladları üçün narahatdırlar. Sabah kimsə özünü balkondan atacaq, bu zaman da başlayacaqlar balkonu bağlamağa, ləğv etməyə. Burada nəzərə almaq lazımdır ki, bu proses bir hadisə ilə bitmir. Bu bir çox insanlarda psixoloji gərginlik, narahatçılıq yaradır”.
Psixoloq bildirdi ki, əgər onlarla profilaktik iş görülərdisə, onlar heç intihar etməyə də bilərdilər: “İntihar etmək fikrinə düşən insanlar həmişə son hadisələri götürürlər ki, hansı vasitəni seçim. Bu faktor çox böyük təsir göstərir. Depressiyaya girən insanlarda konkret olaraq intihar etmək düşüncəsi olmur. Sadəcə olaraq, diqqəti öz problemlərinə yönəltmək istəyirlər. Bəzən də bu insanlar intihar havasına girdiyinə görə nəticə faciəli bitir. Buna görə də bu cür insanların yaxınları diqqətli olmalıdır. Cəmiyyətdə geniş psixoloji maarifləndirmə işi tətbiq olunmalıdır”.
Cia.az
