|
Killerlər neçəyə adam öldürür?
Aprelin 11-də paytaxtın Binəqədi rayonunun Cavadxan küçəsində kirayədə yaşayan Bərdə Rayon İcra Hakimiyyətində çalışmış Hüseyn Qasımova iki şəxs tərəfindən avtomat silahla açılan atəş ölkə gündəmini silkələdi. Yaralanan H.Qasımov artıq evinə buraxılıb. Hadisədə təqsirli bilinən Bakı şəhər sakinləri Ramil Hüseynli və Günel Süleymanova isə saxlanılıb.

Qadının istintaqdakı ilkin ifadələri kifayət qədər tükürpədicidir. H.Qasımovun onu zorladığını iddia edən G. Süleymanova bildirib ki, bunun üçün ondan qisas almaq qərarına gəlib və buna görə də Ramil Hüseynlini killer tutub. Qadının istintaqdakı ifadələrindən aydın olur ki, Ramil cinayəti başa çatdıracağı təqdirdə ondan 40 min manat alacaqmış. 

Qeyd edək ki, bu cinayətin üstü qısa zamanda açılsa da, indiyə qədər killerlərin iştirakı ilə Azərbaycanda çoxsaylı qətllər törədilib və hələ də cinayətlərin üstü açılmayıb. Bu silsilədə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov, general-leytenant Rail Rzayev, Bakı Dənizçilik Məktəbinin rəhbəri Eduard Hüseynov, deputat Əli Ansuxski, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov, iki oğlu ilə birlikdə öldürülən ekstrasens Etibar Elkin, yazıçı Rafiq Tağı və bu kimi səs-küylü qətlləri yada salmaq kifayətdir. 
 
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədova qarşı keçirilən əməliyyatlardan sonra məlum olmuşdu ki, onun sifarişi ilə əsasən çeçenlərdən ibarət şəxslərdən killerlər tutulub və istədikləri şəxsləri məhz onların əli ilə aradan götürüblər. Məhkəmə zamanı o da məlum olmuşdu ki, həmin killerlər 200-300 dollar müqabilində cinayət işini həyata keçiriblər. 
 
Killerlərin qətl törətməyi üzərlərinə götürdükləri zaman razılaşdıqları məbləğ daim maraq doğurur. 
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bu cür qətllərin səbəb və məqsədlərinin olduğunu söylədi: “Hər hansı bir cinayətlə bağlı söhbət etmək üçün bunun obyektiv, subyektiv tərəfləri olur. Əsas fikir nədir, bu istiqamətdə qərarlar qəbul edilir. Bu gün kriminal aləmdə kiminsə qətlini sifariş vermək kimi hallar var. Şükürlər olsun ki, Azərbaycanda bu kimi hallar bir o qədər də geniş yayılmayıb. Təbii ki, sifarişlə qətlə yetirmək xüsusi xidmət orqanlarına da xas olan məsələdir. Əgər bir insan ictimai-siyasi xadimdirsə, ola bilsin ki, onun barəsində xarici xüsusi xidmət orqanları hansısa qərar qəbul etsinlər. Azərbaycanda killerin iştirakı ilə sonuncu cinayət işinə gəlincə, bu fakt hələ araşdırılır. Kimin-kimə borcu olması barədə yuxarıda qeyd etdiyim obyektiv və subyektiv tərəflər ortaya çıxandan sonra qərar qəbul etmək olar. Hər hansı bir cinayətin qiyməti olmaz. Evi-eşiyi olmayan bir ”bomj"a 50 dollar verib desən ki, əl qumbarasını filan yerə tulla, bəlkə də tullayar. Yəni belə cinayətlərin konkret qiyməti olmur. İnsanın kimliyindən, hansı pisliyi etməyindən çox şey asılıdır. İnanmıram ki, bu cür cinayətlərin konkret qiyməti olsun".musavat