|
Ölkədə ərzaq tədarükü üçün ASC yaradıldı-hökumət nəyə hazırlaşır?
Prezident İlham Əliyev 11 apreldə imzaladığı sərəncamla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Qurumun yaradılmasının məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.
Cəmiyyətin vəzifəsi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satın alan təşkilatlara təqdim etməkdir. 
 
Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatda isə deyilir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını satmaqları üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qurum normal fəaliyyət göstərərsə, fermerlərin rifahına və istehsalın stimullaşdırılmasına müsbət təsir göstərəcək: “Mənim iqtisadi baxışlarıma görə, dövlət iqtisadiyyata nə qədər az müdaxilə etməsə, bir o qədər yaxşıdır. Çünki dövlətin iqtisadiyyatın bir subyekti kimi fəaliyyət göstərməsi və iqtisadiyyatı idarə etməsi pozitiv nəticələrə gətirib çıxarmır, əyintilərə, korrupsiyaya yol açır. Dövlət təcrübəsi də bunu dəfələrlə sübut edib. Sadəcə, indi verilən bu fərmanın yaxşı bir mexanizmini hazırlamaq olar ki, dövlətin ordu üçün, uşaq evləri və bağçalar üçün aldığı ərzaqlar fermerlərdən alınsın və fermerlər müqavilə əsasında satınalmalara cəlb olunsun. Onların istehsal etdikləri məhsulların dövlət tərəfindən alınması müəyyən stimul olacaq. Ancaq bir şərt vacibdir ki, bu müqavilələr ən azı 3 illik bağlanmalıdır və uzunmüddətli olmalıdır ki, fermerlər perspektivi görə bilsinlər. Qazanclarını hesablamaq şərti ilə əllərində olan vəsaiti  daha çox torpaq sahəsinə yatırsınlar, digər məhsullar da becərsinlər. Ancaq bu tenderlər qeyri-şəffaf keçiriləcəksə, bu tenderlər vasitəsilə yeyintilərə yol açılacaqsa, hər il keçiriləcəksə, hər il yeyintilər təkrarlanacaqsa mən bu qurumun fəaliyyətinin effektiv olacağına inanmıram. Ən azından uzunmüddətli müqavilələr şəklində ilkin olaraq belə bir formul seçilsə və fermerlərlə müqavilələr  bağlansa, dövlətin nəzarətində olan müəssisələrin ərzaq ehtiyacları bu şəkildə ödənilsə, bu müsbət nəticələrə gətirib çıxara bilər”. 
Ekspertin fikrincə, ideya olaraq bu qurumun yaradılması müsbət haldır, sadəcəb bunun mexanizmləri şəffaf şəkildə həyata keçirilməlidir: “Ancaq bu zaman fermerlərə müəyyən mənada dəstək verə bilər. Bunun Türkiyə örnəyi var. Türkiyə ordusunun ərzaq təminatının 90 faizi yerli fermerlərin istehsal etdiyi məhsullar hesabına ödənilir. Bu da fermerlərin inkişafı üçün çox böyük dəstəkdir. Belə bir təcrübə götürüləcəksə, buna ümid etmək olar. Ancaq bu qurum da digər dövlət qurumları kimi olsa, tenderlərdə öz yaxın qohumlarının adına olan saxta şirkətləri qalib etsə, bunun heç bir effekti olmayacaq”.
ASC-nin idarə edilməsində digər səhmdarların payına gəlincə, N.Cəfərli tenderlərin və satınalmaların real və şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladı: “İdarəetmədə əsas nəzarət paketi dövlətin əlində olacaq. Digər səhmdarlar olsa belə, dövlətin şəffaf işləməsi, onlara hesabat verməsi çox vacibdir. Əgər təmin olunsa, dövlət ən azı ildə bir dəfə səhmdarların yığıncağını keçirməlidir. İş adamlarına məlumat verməlidir. Digər səhmdarların olması məhz şəffaflığın təmin olunmasına müsbət təsir göstərə bilər. Ancaq bu tenderlərdə kimlərin iştirak edəcəyi və səhmlərin kimlərə satılacağı da sual altındadır. Bu proses də süni şəkildə baş verəcəksə, səhmlərin qalan 49 faizi də başqa-başqa adlarla bir nəfərin əlincə cəmləşəcəksə, onda bu qurumun hansısa yaxşı dəyişikliklərə imza atacağını gözləmək olmaz”. 
Cia.az