|
Avropa Birliyi sanksiya məsələsində Azərbaycanı niyə İrandan üstün tutdu?
Xəbər verdiyimiz kimi, Avropa Birliyi insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları daha bir il uzadıb. Sanksiyalar 82 nəfərə şamil edilir. Söhbət bank hesablarının dondurulması və viza qadağasından gedir. Bu sanksiyalar İrana qarşı 2011-ci ildə tətbiq edilib. İran ötən ay BMT-nin insan haqları ilə bağlı son hesabatını pisləyib və bunun siyasi motivli olduğunu bəyan edib. 
Hesabata görə, 2015-ci ildə İranda 1000-ə yaxın edam cəzası icra edilib ki, bu, son 20 ildə ən yüksək göstəricidir. Edam edilənlərin çoxu gənclərdir. Qeyd edək ki, Avropa Birliyi İranla əldə olunan yekun nüvə sazişinin vasitəçilərindən biridir. Bu sazişdən sonra İrana qarşı beynəlxalq sanksiyalar qaldırılıb. Lakin İranın insan haqları ilə bağlı mövcud siyasətini davam etdirməsi bu sanksiyaların da uzadılmasına səbəb olub. 
 Onu da qeyd edək ki, Avropa Birliyi insan haqları sahəsindəki pozulmalara görə Azərbaycanı da sanksiyalarla hədələyirdi. Lakin son proseslər bu sanksiyaları unutdurdu. Bəs görəsən, Avropa Birliyi İrana qarşı sərt davranışlar sərgilədiyi halda, Azərbaycana qarşı sanksiyalarda niyə tərəddüdlə davrandı? Qərbin Azərbaycana münasibətində istiləşmə olacaqmı?
 
“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycana qarşı sanksiyalar Qərbin öz maraqlarına qarşı yönələ bilərdi və bu səbəbdən Avropa Birliyi sanksiyalarla bağlı təhdidini geri götürdü: “Azərbaycana qarşı tətbiq edilən sanksiyalar onsuz da bölgədə söz sahibi olan Rusiyanın lehinə işləyə bilərdi. Bu, Rusiyanın bölgə ilə bağlı çirkin planlarının həyata keçirilməsini son dərəcə asanlaşdıra bilərdi. Mənim zənnimcə, Qərb strateqləri daha praqmatik hərəkət etdilər və Azərbaycanı çətin duruma sala biləcək sanksiyaları götürməklə, onun bölgədə daha müstəqil siyasət yürütməsinə və Qərb maraqlarına xidmət edən bir sıra iqtisadi layihələri, TANAP layihəsinin, ”İpək yolu" layihəsinin həyata keçirilməsində, NATO-Əfqanıstan nəqliyyat dəhlizinin fasiləsiz işləməsində Azərbaycanın daha da fəallıq göstərməsinə şərait yaratdı. Bu gün Azərbaycana qarşı hər hansı məhdudlaşdırıcı addımların atılması Qərb üçün bumeranq effekti də verə bilər və özünün maraqlarına ciddi zərbə endirmiş olar. Ona görə də Azərbaycanla İranı bu məsələdə ciddi surətdə fərqləndirmək lazımdır".

Politoloqun sözlərinə görə, Avropa Birliyinin İrana qarşı sansksiyaların müddətini uzatmasının səbəbi İranın yenidən Qərbin maraqlarına zidd hərəkət etməsidir: “İrandan sanksiyalar götürüləndə Qərb elə düşünürdü ki, İran öz siyasi orientasiyasında dəyişikliklər edəcək və Qərbin maraqlarına uyğun addımlar atmağı bacaracaq. Amma sanksiyalar götürüldü, müəyyən ticarət əlaqələri quruldu, lakin ölkədə militarist əhval-ruhiyyə dəyişmədi. Ballistik raketlər üzərində axtarışlar davam etdirildi. Üstəlik, Qərbin özünə bir nömrəli düşmən hesab etdiyi Rusiya ilə yaxın müttəfiqlik əlaqələrinə gedildi və Suriyada onların Qərbə qarşı çevrilmiş eyni pandentdə çıxış etməsi isə Qərbin İranla bağlı düşündüklərinin üzərindən bir növ xətt çəkdi. 
 
İran bundan sonra da əgər bu siyasətini davam etdirsə, bu siyasətinin mənfi nəticələrini də dadacaq. Çünki Qərb İranı  pozitiv istiqamətə yönəltmək və beynəlxalq münasibətlərin formalaşmasında onun pozitiv rolunu görmək istəyir. Lakin görə bilmədi və bundan sonra da Qərbin davranışlarından ciddi tərəddüdlər görəcəyik. 
 
Elə sanksiyalar var idi ki, tamamilə götürülmədi. Elə bir vaxt gələ bilər ki, bu sanksiyalar yenidən geri dönə bilər. Bir sözlə , Qərb- İran münasibətlərinin perspektivi dumanlı görünür və bir müddət də belə davam edəcək". 
 
Qabil Hüseynli onu da vurğuladı ki, son müharibədəki sərgilədiyi mövqedən sonra Qərb Azərbaycana daha ciddi yanaşacaq: “Azərbaycan - Qərb münasibətlərinə gəlincə, cəsarətlə demək olar ki, Azərbaycanın apardığı  son 3 günlük müharibə, eyni zamanda bu müharibə ətrafında dünyada yaranmış ictimai əhval-ruhiyyə onu deməyə əsas verir ki, bundan sonra Qərb Azərbaycana daha isti yanaşmağa başlayacaq və hətta Azərbaycanın maraqlarını müdafiə edən addımlar atacaq. Onu bir növ Rusiyanın bölgədə oynadığı qeyri-sabitləşdirici roluna qarşı formalaşdırmağa çalışacaq. Düzdür, mən demirəm ki, Azərbaycan-Rusiya qarşıdurmasının yaranmasına rəvac veriləcək. Sadəcə olaraq, Azərbaycanın son dövrlər Ermənistana qarşı göstərdiyi dirəniş, eləcə də Rusiyanın sülh yaratma cəhdlərinə qarşı tavrı Qərb tərəfindən də müsbət dəyərləndirildi. Azərbaycan bunun xoş münasibətə çevrilməsinin şahidi olacaq”. 
Cia.az