Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki tərəflərin hər ikisi ilə əməkdaşlıq etməsi qüvvələr balansını qorumağın zəruriliyi ilə bağlıdır. Roqozin aprelin 12-də “Exo Moskvı” radiostansiyasının efirində bildirib ki, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması məhz bu zərurətdən irəli gəlir.
O qeyd edib ki, bu qüvvələr balansı Dağlıq Qarabağ konfliktinin irimiqyaslı silahlı münaqişəyə çevrilməməsi üçün vacibdir: “Biz oradan çıxan kimi, Ermənistanla Azərbaycanın hərbi-texniki tərəfdaşı olmağı dayandıran kimi orada ”siyasət sahəsində daha məharətli" oğlanlar peyda olacaq. Onlar məhz hücum və zərbə xarakteri daşıyan silahların satışı hesabına orada, bizim sərhədlərimizin yanında nəhəng insan tələfatı ilə müşayiət olunan qanlı müharibə törədəcəklər"
Roqozinin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir, Azərbaycansa regionda strateji tərəfdaşdır və Rusiyanın onunla sıx iqtisadi əlaqələri var: “Təsəvvür edin ki, biz tərəflərdən biri ilə hərbi-texniki əməkdaşlığı dayandırırıq. Orada dərhal amerikalılarla NATO peyda olacaq”.
Qeyd edək ki, Qarabağdakı son toqquşmadan sonra Ermənistan Rusiya rəhbərliyini Azərbaycana silah satışını dayandırmağa çağırıb.
Bəs Roqozin düzmü deyir, Rusiya Azərbaycana silah satmasa, boşluğu ABŞ, NATO ölkələri doldurarmı? Belə olması Azərbaycanın xeyrinə olarmı?
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, adətən hansı ölkədən silah alması həmin ölkənin strateji seçimi ilə bağlı olmaqla yanaşı, sırf siyasi məsələdir. Bu gün Azərbaycan Rusiya ilə yanaşı, Türkiyə və İsraildən də silah alır. Lakin daha çox Rusiya silahına üstünlük verilir: “Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğunu və düşmən dövlətin ən yaxın hərbi müttəfiqinin Rusiya olduğunu nəzərə alsaq, hesab edirəm ki, bu heç də bizim üçün uğurlu seçim deyil. Görünən odur ki, Rusiya özü Azərbaycana silah satışında maraqlıdır və mövcud durumda Azərbaycan bu reallıqla barışmaq məcburiyyətindədir. Sirr deyil ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Azərbaycan Rusiyanın silah satışında yaranmış boşluğu doldurur. Eyni zamanda Rusiya bununla regionda üstünlüyünü saxlamış olur. Əks təqdirdə, heç şübhəsiz ki, Azərbaycanın NATO ölkələrindən silah alması regionda qüvvələr nisbətinin Rusiyanın ziyanına dəyişməsinə səbəb ola bilər. Hesab edirəm ki, hazırkı durumda daha çox Türkiyə və İsraildən silah alınmasına üstünlük verilməsi Azərbaycanın strateji maraqlarının xeyrinə olar”.
Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, doğrudan da əgər Rusiya Azərbaycana silah satmaqdan imtina edərsə, o zaman bu boşluğu başqa ölkə dolduracaq. Rusiya bunun qarşısını ala bilməz:“Azərbaycan ABŞ-dan, İsraildən, Pakistandan, Hindistandan, Türkiyədən, Ukraynadan və hətta aparıcı Avropa Birliyi dövlətlərindən müasir silahlar ala bilər. Bütün ölkələr də başa düşür ki, o imtina etsə, digəri satacaq. Bu baxımdan Rusiya baş nazirinin müavini Dmitri Roqozin haqlıdır. Onun haqlı olmadığı məqamlar da çoxdur. Birincisi, Roqozin hər iki ölkəyə silah satışı məsələsində haqlı deyil. Onlar silahı Azərbaycana satır, Ermənistana isə hədiyyə edir. Hətta bundan sonra Ermənistan tərəfinə daha müasir silahlar hədiyyə etmələri də şübhə doğurmur. Rusiya Azərbaycanın hərbi gücünün artmasında maraqlı olan ölkə deyil. O istəməz ki, Azərbaycan hərbi cəhətdən diktə edən ölkəyə çevrilsin. Buna görə də ehtimal edirəm ki, Ermənistana silahlar vermək barədə düşünürlər. Roqozinin haqlı olmadığı digər məqam da var. Rusiya Dağlıq-Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bir çox hallarda münaqişənin alovlanması Rusiyanın maraqlarına cavab verir. Məsələn, 1-4 aprel tarixində baş verən müharibə Ermənistana yerini göstərdi. O başa düşdü ki, Rusiya olmazsa, bir aya İrəvanı da itirər. Beləliklə, artıq Serj Sərkisyan mətbuat qarşısında olmasa da, ən azından bağlı qapılar arxasında Putin və Medvedyevin əllərini öpüb, alnının üstünə qoyur”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Roqozinin sözügedən fikirlərinin həqiqət tərəfi də var, həqiqət olmayan tərəfi də mövcuddur: “Həqiqət tərəfi odur ki, Roqozin deyir, Rusiya silah verməsə, NATO bölgəyə daxil ola bilər. Azərbaycanın Rusiya silahının əvəzinə başqasından silah alacağı barədə deyilənlərdə də həqiqət payı var. Amma Roqozinin ifadəsində başqa mətləblər də var. Həqiqət odur ki, bəli, Azərbaycan başqa ölkələrdən silah-sursat ala bilər. Amma problem odur ki, bu, bizim bir qədər vaxtımızı apara bilər. Çünki ABŞ-dan asanlıqla silah ala bilmərik. Amerika elə-belə silah satmır. Konqresdə müzakirələr olur və bir sıra prosedurlardan keçdikdən sonra qərar verilir. Mən inanmıram ki, 907-ci düzəliş olduğu vaxtda ABŞ Konqresi asanlıqla Azərbaycana silah satışına razılıq versin. Biz silahı Türkiyədən, Ukraynadan, Pakistandan, Hindistandan, Çindən, Cənubi Afrikadan, İsraildən ala bilərik. Roqozinin fikirlərində həqiqət olmayan isə odur ki, NATO-nun bölgəyə girməsindən qorxduqlarına görə Azərbaycana silah satdıqları barədə dediyidir. Rusiyaya pul lazımdır və silahı pula görə satırlar. Azərbaycan o silahlara milyardlarla dollar ödəyir. Rusiya bizə silah satmasa, ciddi gəlirdən məhrum olar. Rusiyanın marağı qazanc marağıdır. Hər iki ölkəyə silah satmaqla həm də hər ikisini öz nəzarətində saxlamaq istəyir”.musavat
