|
Mənzil agentliyindən gözləntilər...
Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Bildirilir ki, bu, respublika vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək üçündür. 

Ekspertlərin bu məsələdə fikirləri birmənalı deyil. Bəziləri bildirirlər ki, agentliyin yaradılması sosial mənzil fondunun formalaşdırılması istiqamətində atılmış addımdır. Bəziləri isə agentliyin yaradılmasının mənzil bazarındakı və vətəndaşların evlə bağlı problemlərini həll etməyəcəyi qənaətindədirlər.

Ekspert Rəşad Həsənov musavat.com-a bildirib ki, böyük ehtimalla, bu agentlik sadəcə mənzil bazarının iştirakçısı olacaq: “Bu, hansısa tənzimləyici, yaxud nəzarətedici qurum deyil. Böyük ehtimalla, müəyyən qədər bazarın öyrənilməsi, bu məlumatların, informasiyaların toplanıb ölkə rəhbərliyinə çatdırılması, eyni zamanda son nəticədə dövlət tərəfindən həyata keçirilən sosialyönümlü inşaat layihələrinin həyata keçirilməsi burada əsas götürüləcək. Buraya həm də sosial mənzillərin tikintisi daxil olacaq böyük ehtimalla. Düşünürəm ki, növbəti dövrlərdə onların səlahiyyətlərinə qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin inşası və digər bu kimi istiqamətlər də daxil ediləcək. Burada əsas məsələ ondan ibarətdir ki, o qərarın verilməsi öz-özlüyündə sosial mənzil layihəsinin başlanğıcı hesab edilə bilər. Çünki uzun müddət bu məsələ ilə bağlı ictimai müzakirələr aparılsa da, faktiki olaraq onun icrası ilə bağlı mexanizm yox idi. Eyni zamanda hansısa konkret addımlar da müşahidə olunmurdu. Amma görünür, bu agentliyin yaranması bu məsələni də, prosesi daha da sürətləndirəcək. 
 
Sadəcə, qurum mövcud bazar şərtləri daxilində tenderlərin həyata keçirilməsi, sonradan təhvil alınmış mənzillərin əhaliyə paylanması, eyni zamanda bu mənzillərin müəyyən standartlara cavab verməsi kimi məsələlərə nəzarət edəcək. Amma ümumiyyətlə götürəndə sosial mənzil layihəsinin özü daşınmaz əmlak bazarında canlanmaya gətirib çıxaracaq. Burada son dövrlərdə müşahidə etdiyimiz qeyri-müəyyən, iqtisadi əsasları olmayan qiymət balansını dəyişəcək. Təbii ki, buna iqtisadi böhran öz təsirini göstərməkdədir. Həmçinin burada dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi də şərtdir. İpoteka üçün ayrılmış vəsait çox hallarda bazarda müəyyən tələb formalaşdırmaqla qiymətlərin bahalaşmasına səbəb olur. Digər tərəfdən isə daşınmaz əmlak bazarında formalaşan süni qiymətlər fonunda daha az insanın mənzil tələbatının ödənilməsinə gətirib çıxarır. 
 
Məsələn, ipotekanın maksimum həcmi 50 min manatdır, amma faktiki olaraq 50 min manata normal şərtlərə cavab verən mənzili tapmaq Bakı şəhərində çətindir. Ona görə əlavə vəsait sərf etməklə vətəndaşlar müəyyən mənzillər əldə edirlər, amma halbuki 50 min manat məbləğində pul inşaat sektoruna yatırılarsa, bu pula 80 kvadratlıq mənzil inşa etmək olar və iki nəfərin mənzil problemini həll etmək olar. Əlavə vəsait sərf etmədən, daha az aylıq ödəməklə, borc yükünü artırmadan vətəndaş evə sahib ola bilər. Bu baxımdan, düşünürəm ki, agentliyin yaradılması bu istiqamətdə də müəyyən müsbət nəticələrə gətirib çıxaracaq”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əslində bu qərarın verilməsinin məntiqini başa düşmək çətindir:“Əgər söhbət tikinti aparmaqdan yox, hər hansı tenderlərin keçirilməsindən gedirdisə, dövlət və hökumət orqanlarında kifayət qədər səlahiyyət var ki, o tenderləri elan edib, torpağı dövlət tərəfindən təqdim edib, tikintiyə icazə xərclərini azaldaraq ucuz evlərin tikilməsinə şirkətləri cəlb etsin. Əgər bunu ayrıca bir agentlik şəklində edəcəklərsə və bu agentliyin əlində kifayət qədər rıçaqlar olacaq ki, bəzi neqativ hallara yol açsın. Azərbaycan reallığı belədir ki, tenderlər şəffaf keçirilmir. Sabah agentliyin əlində kifayət qədər böyük səlahiyyətlər olsa, bu tenderlərdə iştirak edən şirkətlərin müəyyən üstünlüklər qazanmasında agentliyin rəhbərliyinin, yaxud özünün rolu yüksək olacaq. Bu da açıq demək mümkünsə, korrupsiyaya yol açacaq. Doğrudur, belə bir qərarın verilməsi məntiqi və doğru qərardır. O mənada ki, sosial mənzillərin, ucuz mənzillərin tikilməsi doğru qərardır, bazarı canlandıra bilər. İqtisadiyyatda bir canlanmaya səbəb ola bilər”.
Cia.az