Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən ilk buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, münsiflər heyətinin tərkibinə Xalq Yazıçısı Çingiz Abdullayev, ssenarist, rejissor, Əməkdar İncəsənət Xadimi Ramiz Fətəliyev, kinorejissor Elxan Cəfərov, rejissor, klipmeyker Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli daxildir.
Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayıb. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq. Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplamaqla qalibləri müəyyənləşdirəcək. Qaliblər aprelin 23-də - Beynəlxalq Kitab Günündə Nizami Kino Mərkəzində elan olunacaq.
Qeyd edək ki, festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest “facebook” səhifəsində əldə etmək mümkündür.
Bütün suallarla bağlı [email protected] səhifəsində müraciət etmək olar.
Cia.az
