Ermənistanın “Aravot” qəzetində dərc olunmuş “Dağlıq Qarabağda Rusiya təbliğatı” başlıqlı məqalədə deyilir ki, Rusiyanın kütləvi informasiya vasitələri Ermənistanı az qala quberniya sayır, ermənilərin maraqlarını və mənafelərini əsla nəzərə almır.
Son toqquşmalardan sonra Ermənistanda Rusiyanı söyürlər, bayrağını yandırırlar, Moskvanın erməniləri satdığını rəsmən bəyan edirlər. Erməni mətbuatı bugünlərdə “Əfsus ki, azərbaycanlılardan fərqli olaraq biz sonadək qürurlu davrana bilmirik. Rusiya indi bizə az qala ayağını silir, biz isə hələ də Rusiyaya inanır, onu özümüzə etibarlı müttəfiq, böyük qardaş sayırıq. Bütün bunlar yanlış düşüncələrdir” mövqeli yazılar dərc edir. Nə baş verir, bu, Rusiya və Ermənistan arasında bir oyundur, yoxsa doğrudan da Qarabağ məsələsində Kreml artıq erməniləri himayə etmir? Moskva-İrəvan münasibətləri nə vəd edir?
“Ermənistanda Rusiya əleyhinə etirazların başında dayananlardan biri Sərkisyan olsa da, faktiki olaraq hakimiyyət Qarabağdakı son uğursuzluqların günahını üzərindən atmağa və diqqəti Moskva-Bakı arasındakı hərbi ittifaqa yönəltməyə çalışır”.
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Onun sözlərinə görə, halbuki heç kəs soruşmur ki, büdcənin boş olmasının, iqtisadi geriliyin və regional təcridolunmanın səbəbi nədir: “Məgər qalib ölkənin tərəfdaşları çox olmalı deyildimi? Yoxsa sovetlər birliyinin tarixində olduğu kimi, almanlar üzərində qalibiyyət sonrakı illər imperiyanın çöküşünü daha çox sürətləndirdisə, indi düşmən İrəvanı Xankəndi ilə birləşdirib onu vahid bir dövlətə çevirmək xülyasının altını çəkir. Yəni 80-ci illərin metallomu ilə vuruşduğunu deyən bir ölkənin rəhbərinə ”ötən dövrdə ələ keçirdiyiniz əraziləri böyük investisiyaların və əhali məskunluğunun mərkəzinə niyə çevirə bilmədiniz" sualını hər kəs ona verə bilər. Cavab hər kəsə aydındır. Hətta ermənilərin 100 min ordusu olsa belə, onu səngərə yığıb ömrü boyu orada saxlamaq mümkün deyil. Ona görə də Rusiyanı, yaxud beynəlxalq təşkilatları qınayanlar bir müddət sonra erməni ideoloqlarının bir xalqa hansı avantürist ölüm planları hazırladıqlarına şahid olacaqlar".
Z.Oruc xatırlatdı ki, indi ermənilər 1921-ci il Moskva müqaviləsindən tutmuş, 90-cı illərdə sovet hərbi birləşmələrinin Azərbaycan tərəfdən vuruşması iddialarına qədər, hamısını Kremlin ayağına günah kimi yazır: “Onlar imperiyaya xidmət edən minlərlə erməninin qəhrəmanlığının əvəzinin xəyanətlə verildiyini qeyd edirlər. Halbuki tarix ermənilərin qafqazlardakı mövcudluğunu və siyasi vahid kimi meydana çıxarılmasını Moskvanın ssenarisindən kənarda nəzərdən keçirə bilmir. Yəni Sərkisyan yaxşı anlayır ki, bütün erməni xalqını Putinin əleyhinə ayağa qaldırsa da, Rusiya prezidentinin qərarları dəyişməyəcək, yaxud Qərb gəlib onlara sahib çıxmayacaq. 4 günlük müharibə Ermənistanın xarici siyasət adında həyata keçirdiyi məhəlli boşboğazlığı darmadağın etdi və siyasi təklənmiş olduğunu üzə çıxardı. İndi hətta Roma katolik kilsəsi də Talış və Lələtəpə yüksəkliyini qaytaran Azərbaycan ordusunu mühakimə etmək üçün ermənilərə qoşulub bəyanat vermək istəmir. Ona görə hətta Sərkisyan devrilsə də heç bir erməni rəhbərinin Moskvadan kənara getməyə siyasi bileti yoxdur. Bir xalq özünün xarakterinə və ideallarına görə özünü bölgədə vassallığa məhkum edib. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etsə də, ona hələ nail olmayıb”.
Politoloq Hikmət Hacızadə son günlər Ermənistanda baş qaldıran anti-Rusiya dalğasını şərh edərkən ilginc açıqlama verdi. Onun fikrincə, Kreml bu əməliyyatları əvvəlcədən Azərbaycanla danışıb: “Azərbaycan deyib ki, ”sizin yanınızda olacağıq, imkan verin ermənini 5 rayonu boşaltmağa sövq edək, biz başlayaq, siz qarışmayın". Yəni “bir az irəliləyək, sonra dayanaq və bununla ermənini danışıqlara gətirək”. Rusiya da razılaşıb". H.Hacızadə şübhə etmir ki, erməni tərəf bu barədə məlumatlı olduğu üçün Rusiyanı “satqın” adlandırır, onu açıq şəkildə təhqir edir. Bəs bu situasiya İrəvan-Moskva münasibətlərini poza bilərmi, yoxsa Gümrüdəki olay zamanı olduğu kimi ötüb keçəcək? H.Hacızadə: “Ermənistan rusun ovcundadır, o, Moskvaya heç nə edə bilməz. Ermənistan bilir ki, Rusiyadan küssə, Azərbaycan onu əzəcək”. Politoloq hesab edir ki, Qərb də bu gün Rusiya və Azərbaycanın razılaşdırdığı planı dəstəkləyir. Ona görə də Qərbdən proseslərə ciddi müdaxilə müşahidə olunmur. H.Hacızadə Ermənistanın təkləndiyi qənaətindədir.
Politoloq Arzu Nağıyev də düşünür ki, bu, ermənilərin son məğlubiyyətdən sonrakı hay-küyündən başqa bir şey deyil: “Qeyd etmək lazımdır ki, bu məğlubiyyəti kiminsə ayağına yazmaq lazımdır. Bu, ən çox öz hakimiyyətini saxlamağa çalışan Sərkisyan və onun komandasına lazımdır. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin öz çıxışında bildirdi ki, Ermənistan onların KTMT üzvü kimi tərəfdaşıdır. Azərbaycan isə regionda strateji əməkdaşı və silahını alan bir dövlətdir. Kreml erməniləri daim himayə edib və edəcək, bu, aydın məsələdir”. A.Nağıyevin fikrincə, Sərkisyan və onun komandası Rusiyanı qane edir və onu dəyişdirmək planı yoxdur: “Çünki Ermənistan iqtisadiyyatının yarısından çoxu Rusiya tərəfindən idarə edilir, həm də hərbi bazaları bu ərazidədir. Bundan başqa, Türkiyə - Ermənistan sərhədi, daha doğrusu, NATO-Rusiya sərhədi də Ermənistan ərazisindən keçir. Bununla yanaşı, unutmaq lazım deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və açıq şəkildə çox münasibət bildirməkdən çəkinir. Moskva-İrəvan münasibətlərinin perspektivinə gəldikdə isə düşünürəm ki, Ermənistan Rusiyanın forpostu kimi qalacaq və bu qaldırılan məsələlər isə siyasi oyunlardan başqa bir şey deyil”.
Cia.az
