|
Düşmən mediası yenə də Əli Kərimliyə istinad etdi
Erməni mediası AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə yazdıqlarını tirajlamaqda davam edir. Kərimlinin 4 günlük savaşdan sonra Azərbaycan ordusu, verilən itkilər və ölkə iqtidarının apardığı siyasəti tənqid etmək üzərində qurulan əksər facebook statusları bir andaca erməni mediasının manşetinə daşınır. 

Son olaraq, Ermənistanda fəaliyyət göstərən ru.1in.am saytı yenidən AXCP sədri Əli Kərimlinin çıxışından sitat gətirərək manşet yazısı verib. Yazının başlığı belədir:“Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi - Azərbaycan müxalifəti”.
 
Xəbərdə bildirilir ki, Azərbaycanın əsas müxalifət partiyası olan AXCP-nin lideri Əli Kərimli silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun bu qədər itki verməməli olduğunu deyib. Erməni saytı bu sözlərin “Azadlıq” qəzetində yazıldığını qeyd edib. 
 
Sayt yazır: “Əli Kərimli itkiləri əks etdirən gerçək rəqəmlərin xalqdan gizlədilməsindən narazılığını bildirib və qeyd edib ki, onlar bu rəqəmləri sosial şəbəkələrdən və jurnalistlərdən dəqiqləşdirməyə məcburdurlar”.
 
“Beləliklə, hakim Yeni Azərbaycan Partiyası bir daha göstərdi ki, onun üçün prioritet məsələ Qarabağ deyil, öz hakimiyyətinin qorunub saxlanmasıdır”, - deyə erməni saytı AXCP sədrindən sitat verib. 
 
Düşmən ölkənin mediasının Kərimli ilə bağlı son istinadından sonra suallar meydana çıxıb: Bundan əvvəl bir sıra statuslarının erməni mətbuatının əsas xəbərlərindən birinə çevrilməsinin şahidi olan AXCP sədrinin hələ də bu tərzdə yazılar paylaşmaqda davam etməsi müəmmalı olaraq qalmaqda davam edir. Həssas məqamda belə statuslar paylaşmağa ehtiyac varmı? Bu anlaşılan deyil. 
 
Reallıqdır ki, belə çətin durumlarda hər bir ölkənin müxalifəti ya iqtidarın yanında olur, ya da mövqe bildirmədən susur. Düşmən dəyirmanına su tökmək nəyə gərəkdir? 
 
Onu da unutmaq olmaz ki, belə müharibələr daha çox informasiya savaşına da çevrilir. Bəzən bu savaş həlledici amilə çevrilib, düşmənin əlinə fürsət də verə bilər. Kərimli isə bunu bilməmiş deyil. 
 
Politoloq Natiq Miri hesab edir ki, ictimai fikri formalaşdıran şəxslər ifadələrində diqqətli olmalıdırlar: “Hər bir insan istənilən fikri deməkdə azaddır. Bu haqqı hər bir insandan tanımaq məcburiyyətindəyik. Amma nəzərə alanda ki, o insanlar ictimai fikri formalaşdıra bilirlər, konkret sosial və siyasi status daşıyırlar, cəmiyyətdə öndə gedən şəxslərdir, bu insanlar mütləq mənada bütün ifadələrində diqqətli olmalıdırlar. Xüsusilə söhbət düşmənlə bir savaşdan gedirsə, nəzərə almaq lazımdır ki, istənilən mübarizə çərçivəsində öndə olan məsələ şəxsi maraqlar deyil. Dövlətin və cəmiyyətin maraqları öndə olmalıdır. Belə bir savaş çərçivəsində şəxsi maraqlar arxa plana keçməlidir. İstənilən bir məsələyə münasibətdə şəxsi qərəzin ortaya qoyulması düzgün deyil. Hətta hakimiyyəti sevməsən belə ortada olan qərəz cəmiyyət tərəfindən doğru qəbul edilmir. Hər bir şəxsin tutduğu statusundan asılı olmayaraq, onun vətəndaşlıq mövqeyi olmalıdır. Bunu unutmaq olmaz. Prezidentindən tutmuş fəhləsinə qədər hər bir şəxs bu məsələdə öz vətəndaş mövqeyini ortaya qoymalıdır. Bu, dövlət və cəmiyyətin milli maraqları çərçivəsindən yana olmamalıdır. Bunun başqa alternativi yoxdur”.
 
Qeyd edək ki, bundan əvvəl erməni saytları bir neçə dəfə Əli Kərimlinin Qarabağ cəbhəsində hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar sosial şəbəkədə yazdığı və peşəkar mediada dərc olunan fikirlərindən sitatlara yer vermişdi. Əli Kərimli düşmən mediasının fikirlərinə məmnuniyyətlə istinad etdiyi yeganə müxalifətçidir.

Onu da bildirək ki, AXCP sədrinin üzərinə hücumlar məhz bu çıxışlardan və həmin sitatların erməni mediasında yer almasından sonra başlayıb.

Cia.az