|
Yeni mənzil agentliyinin mənası- ayda 80-100 manata ev...
Ölkə başçısının fərmanı ilə yaradılan  Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi mənzil bazarında yeni tendensiya yaradacaq. Ekspertlər yeni qurumun yaradılmasını tikinti sektorundakı xaosun nəzarətə alınması kimi qiymətləndirirlər. 

Fərmana əsasən, binaların tikintisini “MİDA” MMC-nin vəsaitləri hesabına kənar tikinti şirkətləri həyata keçirəcək. MMC-nin xərcləri isə dövlət büdcəsindən ödəniləcək. 
 
Tikinti işləri üzrə xərclərin ödənilməsi qaydaları Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən ediləcək. Binaların tikintisi “MİDA” MMC-nin sərəncamında olan torpaq sahələrində həyata keçiriləcək. Bununla yanaşı, “MİDA” MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək və bu işlər üzrə tədbirlər Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabineti torpaq sahələrini Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında “MİDA” MMC-nin sərəncamına verilməsini təmin edəcək. Bunun üçün Nazirlər Kabinetinə ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin MMC-yə pulsuz təqdim edəcək. Eyni zamanda torpaq sahələrinin bəzi hallarda xüsusi və ya bələdiyyə mülkiyyətindən ödənişli əsasla alınmasında nəzərdə tutula bilər.
 
Mənzillər alıcılara hansı şərtlərlə veriləcəyi isə hələ ki. müəyyənləşdirilməyib. 
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qurum əsasən Sosial Mənzil Fondunun yaradılmasını həyata keçirəcək ki, bu sosial evlərin də imkansız ailələrə güzəştli şərtlərlə verilməsi nəzərdə tutulur:
 
“Nazirlər Kabinetinin birinci rübün yekunlarına həsr olunan iclasında cənab prezident xüsusən sosial evlərin tikilməsi ilə bağlı məsələyə toxundu. Mütəmadi olaraq mətbuatda da, Milli Məclisdə də bu haqda müzakirələr gedirdi. Düzdür, ipoteka kreditləri ilə vətəndaşlara evlər verilirdi. Bu gün sosial evlər layihəsi də həyata keçirilməyə başlayacaq. Bu təcrübə Almaniyada, Türkiyədə mövcuddur. Bu da əsasən, aztəminatlı ailələr üçün çox əhəmiyyətlidir. Ayda 80-100 manat və ya bir qədər artıq  vəsait ödəməklə 25-30 ilə mənzil sahibi olmaq mümkün olacaq. Əhalinin mənzillə təmin olunmasında bu çox ciddi addımdır. Bundan başqa, tikinti prosesində yüzlərlə insan iş yeri ilə təmin olunacaq. Yalnız şəhərlərdə yox, rayon mərkəzlərində də belə evlər tikilib istifadəyə veriləcək. Bu da əhalinin mənzilə olan tələbatını müəyyən qədər ödəyəcək”. 

Mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə “Yeni Müsavat”a açıqlamasında  MİDA-nın yaradılmasında iki məqsədin əsas götürüldüyünü bildirdi: “Birincisi, prezidentin göstəriş verdiyi sosial evlərin tikintisinə başlanılması ilə bağlıdır. Yəqin ki, ilk növbədə sosial evlərin tikintisi ilə məşğul olan, növbəti mərhələdə onların idarəçiliyi ilə, bir dövlət qurumunun yaradılmasına zərurət yaranıb. İkincisi, ölkədə mənzil tikintisini tənzimləyən, qanunvericilik bazasını, tikinti standartlarını formalaşdıran bir vahid qurum yox idi. Yəqin ki, ikinci məqsəd də burdur. Ölkədə mənzil tikintisinə nəzarət edən vahid bir dövlət qurumunun yaradılmasına ehtiyac vardı və bu qurum  da təsis edilib. Əsas bu iki məqsəd üzərində qurulub”. 
 
Ekspertin sözlərinə görə, bu qurumun yaradılması mənzil bazarındakı bir sıra problemlərin də həllinə yol açacaq: “Son illər göstərir ki, mənzil bazarında problemlər azalmır, əksinə, çoxalır. Aztəminatlı ailələrin mənzillə təmin olunması problemi gündən-günə  artır. Bundan başqa, tikilən mənzillərin bir çox tikinti normalarında cavab vermir. Tikinti xaotik şəkildə aparılır, vahid bir siyasət yoxdur. Yəqin ki, bu qurum həmin problemlərin müəyyən qədər həllinə gətirib çıxaracaq. Çox güman ki, bu qurumun təşkilatçılığı ilə sosial evlərin tikilməsi mənzil bazarında ucuzlaşma yaradacaq. Sosial evlərin satışı yəqin ki, mövcud ipoteka şərtlərindən daha yumşaq və daha əlçatan olar”. 

Mənzil eksperti Ramil Osmanlı isə bildirdi ki, bu agentliyin yaradılmasında əsas məqsəd Azərbaycanda Sosial Mənzil Fondunun yaradılması və bu prosesin idarə olunmasıdır: “Bir neçə gün öncə ölkə başçısı sosial mənzil  fondunun yaradılması ilə bağlı göstəriş verdi. Buradakı müddəalar da onu göstərir ki, bu tikililərin yaradılması bilavasitə dövlət vəsaitləri hesabına həyata keçiriləcək. Azərbaycan Respublikasının «Satınalmalar haqqında» Qanununun tələblərinə müvafiq şəkildə müxtəlif şirkətlər tenderdə iştirak etmək hüququ qazanacaq və müqavilələrin icrasını həyata keçirəcək. Agentliyin torpaqları dövlət tərəfindən onun balansına verilmiş torpaqlar olacaq.  Agentlik bu binaların tikilməsi üçün satınalma ilə bağlı tenderlər təşkil edəcək. Bu tenderlərdə iştirak edəcək tikinti şirkətlərinə müəyyən imtiyazlar veriləcək. Ən azından  həmin ərazilərdə infrastruktur dövlət vəsaiti hesabına həyata keçiriləcək. Tenderin qalibi olan tikinti korporativləri kağız üzərində yaradılmış sıradan   MTK-lar olmayacaq. Satınalma tenderlərində iştirak edən korporativlər bank qarantiyası təqdim etməlidirlər. Bu da müqaviləyə görə, ümumi məbləğin minimum 20 faizindən, bəzən 40 faizindən az olmamalıdır. Bu da o deməkdir ki, tikinti şirkəti 3 milyonluq bir satınalma müqaviləsini imzalamaq üçün ən yaxşı halda təxminən 900 min manat bank qarantiyası təqdim etməlidir. 
 
Sosial Mənzil Fondunun yaradılması ilə bağlı müzakirələrə gəlincə, Ramil Osmanlı bildirdi ki, hazırda Azərbaycanda belə bir fonda ehtiyac var. İndi bu layihənin icrası ilə bağlı  ən azından nəzəri addımlar atılıb. Reallaşması üçün də yaxın zamanlarda konkret addımlar atılacağı gözlənilir". 
 
Ekspertin sözlərinə görə, bu istiqamətdə normativ hüquqi aktların tənzimlənməsinə də ehtiyac var: “Əsas məsələ sosial mənzillərin kimlərə verilməsinin tənzimlənməsidir. Bu mənzillərin paylanması zamanı, ümumiyyətlə, metodologiya nə cür olacaq? Bilirsiniz ki, elə adamlar var ki, onların müxtəlif MTK-larda 10-dan çox evi var, lakin qeydiyyatı yoxdur, çıxarışı yoxdur  və adında mənzil yoxdur. Sosial mənzillərin paylanması zamanı həmin şəxslər də mənzil almaq üçün müraciət edəcəklər. Lakin adından da göründüyü kimi, bu, əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulur. Metod belədir ki, sosial kirayə müqaviləsi bağlayan vətəndaş uzun müddət o mənzildə kirayə yaşayır, pul ödəyir, ancaq əmlak onun mülkiyyətinə verilmir. Ancaq qanuna yeni dəyişikliklər edilərsə, o zaman söhbət həmin mənzilin müəyyən müddətdən sonra vətəndaşın mülkiyyətinə keçməsindən gedəcək. Yəni 25-30 ildən sonra vətəndaş kirayə kimi qaldığı evin mülkiyyətçisinə  çevriləcək. Bu baxımdan qanunvericiliyə dəyişikliklər edilməsinə ehtiyac var”.
Cia.az