|
Evdən çıxmayan yapon gənclər...
Yaponiyada son illərdə minlərlə evdən çıxmayan gənc peyda olub.
Onlar hikikomori adlanırlar. Özünü cəmiyyətdən ayıran uşaqlara belə ad qoyulub. Hikikomori yaponların həyatdan əlini, ətəyini çəkib, otaqlarından belə çıxmaqdan imtina edən 1.2 milyon yapon gəncinin durumuna verdiyi addır. Onlar ya evin hamamında, ya mətbəxində, ya da hər hansı bir otağında yaşayır, ordan bayıra çıxmırlar. Amma bu açıqlanan rəqəm də dəqiq deyil. Çünki hikikomorilər evlərində gizləndikləri üçün dəqiq bir rəqəm söyləmək mümkün deyil. Bu, müasir texnologiyaların yaratdığı bir xəstəlik kimi qiymətləndirilsə də, onun mərkəzində başqa səbəblər dayanır. 

Əsasən orta təbəqə ailələrin oğlan uşaqlarında meydana gələn bu halı bəsit bir tənbəllik adlandırmaq olmaz. Uşaqların intiharı, ya da məktəbə getmək istəməyib, evə qapanmasına, təhsil sistemindəki imtahan çoxluğu, ağır rəqabət və ailələrin dərslərlə bağlı onlara təzyiqini səbəb kimi göstərirlər. Gənclər texnika ilə maraqlanaraq, özünü sosial çevrəyə kilidləyir. 

Kompüter ekranı ilə virtual dünyada özünə ünsiyyət qurur. Bu əlaqə elə bir səviyyəyə çatır ki, artıq insan bütün ehtiyaclarını öz otağında qarşılayır. Yeməyini ailəsi ilə yemir, otağında həm yeyir, həm yatır, həm də kompüterindən ayrılmır. Hətta xəstəlik o qədər ciddi səviyyəyə çatır ki, gənc ayaqyolu ehtiyacını belə öz otağında qarşılayır.
Cia.az