|
Ermənilər Konqresdəki adamlarının “düyməsini basdı”
ABŞ-dakı erməni lobbisi məkrli siyasətinə davam edir. 4 günlük savaşda darmadağın olan Ermənistanın ABŞ Konqresindəki erməni məsələləri üzrə həmsədrləri Robert Dold və Frank Pallon prezident Barak Obamanı  Azərbaycanın Qarabağa hücumunu pisləməyə və Bakıya hərbi yardımı dayandırmağa çağırıblar.

Musavat.com xəbər verir ki, bu barədə Erməni Milli Komitəsi məlumat yayıb. Görünən budur ki, məkrli düşmən ABŞ Konqresində ciddi fəaliyyətə başlayıb, Ali Baş Komandan İlham Əliyevi hədəf götürüb. Bu da təsadüfi deyil. Prezident Əliyev bütün erməni lobbisinin intensiv əks-kampaniyasına baxmayaraq, ABŞ-ın prezident administrasiyası ilə iqtidarının münasibətlərini düzəldə bilib və ehtimal olunur ki, dünyanın ən nəhəng hərbi təsisatı sayılan Pentaqonun da Azərbaycanın Rusiya qarşısında dirənişi prosesi üçün dəstəyini ala bilib. Məhz Azərbaycan prezidentinin uğurlu ABŞ səfərindən dərhal  sonra Qarabağda erməni provokasiyalarının başlaması təsadüfi deyil. Lakin Azərbaycan bu təxribatlara görə erməniləri peşman etdi və indi uzaq Amerikadakı məkrli erməni diasporu “günahsız ermənilər ölür”- deyə, fəryad edir.
 
“Biz Robert Dold və Frank Pallonun çağırışını dəstəkləyirik. Amerika ilk növbədə Azərbaycanın aqresiyasını və onun ordusunun günahsız erməniləri öldürməsini pisləməlidir. İlham Əliyevin Amerikadan kömək almağa ehtiyacı yoxdur”. Bu sözləri Amerikadakı Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian deyib. Məlumata görə, Amerika prezidentinə öz məktubunda erməni qrupunun həmsədrləri onu da bildirib ki, Amerika Dağlıq Qarabağa təcili humanitar yardım etsin və Azərbaycan tərəfinin Qarabağda törətdiyi dağıntıların istintaqını aparsın.
 
Erməni lobbisinin Obamaya müraciəti Azərbaycan ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. Hər kəs hiddətlə təcavüzkar ölkənin müraciəti ilə bağlı adekvat addımların atılmasından danışır. Müzakirələrin fonunda Azərbaycan lobbisinin Amerikadakı zəif fəaliyyəti də tənqid edilir.
 
Əksəriyyət müraciəti Azərbaycan prezidentinin uğurlu ABŞ səfəri və Azərbaycan-Qərb münasibətlərinin düzəlməsi, eləcə də 4 günlük savaşda düşmən ölkənin acınacaqlı məğlubiyyəti ilə əlaqələndirir.  
 
Politoloq  Yeganə Hacıyeva Azərbaycanla Qərb arasındakı münasibətlərdə olan yaxınlaşmanın erməni lobbisinin daha da fəallaşmasına səbəb olduğu qənaətindədir: “Aprelin 7-də Erməni Milli Komitəsində kecirilən görüş zamanı Konqres  və Obamaya müraciət qəbul edilib. Müraciət  konqresmenlər  Frenk Pollone, Robert Dold, Adam Shiff, Bred Sherman  adından  qəbul edilib, senator  Mark Kirk, konqresmenlər Devid Valdao, Cim Kostanın, Qreys Napalitano, Linda Sanches, Cudi Cunun, xarici işlər üzrə komitə üzvü Devid Sissilin  fikirləri əsasında formalaşdırılıb. ABŞ-da erməni lobbisinin  tarixi bizim kimi quruluşların tarixindən dərindir. Biz son 23 ildə  bu quruluşları formalaşdırmağa çalışırıq, erməni lobbi qrupu isə  bugünlərdə 100 illik  tarixlərini qeyd etməyə hazırlaşırlar. Amma son 23 ilin Azərbaycan üçün lobbi institutunun formalaşdırılmasında səmərəli olduğu qənaətində deyiləm. Lobbiçilik  uzunmüddətli, siyasi, iqtisadi, ictimai və qanunverici əsasları olan,  çoxpilləli və çoxşaxəli  mexanizmləri olan bir fəaliyyətdir. Bu fəaliyyət aparıldığı ölkənin yerli spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmalı və heç bir halda müvəqqəti olmamalıdır. Bu tip lobbi fəaliyyətində uğurlu  nəticələr əldə etmək  çətindir. Çox təəssüf  ki, bizim lobbi fəaliyyəti ənənəvi diaspora yanaşması əsasında aparılır”.
 
Siyasətçi xanım ölkə başçısının hədəfə götürülməsinə də münasibət bildirdi: “Bu müraciətin ana xəttində cəbhədəki son gərginliyin Azərbaycan tərəfinin və şəxsən prezident İlham Əliyevin şəxsi  təşəbbüsü ilə olduğu göstərilib.  Çağdaş qlobal siyasətdə  istər dövlətlərarası , istərsə də beynəlxalq münasibətlərdə  maraqların təmin edilməsində mühüm alətlərdən biri də məhz informasiya müharibəsidir. Və biz bunun şahidi oluruq. İstər  cəbhədəki sonuncu gərginlik, istərsə də bu gərginliyin siyasi arenaya daşınması cəhdlərinin  kökündə məhz bu dayanır  və erməni lobbisinin daha da fəallaşmasına səbəb budur. Çağdaş dövrün öz qaydaları var. İnformasiyaya nəzarət edənlər prosesə nəzarət edirlər.  Yaxın tarixdə bunun dəfələrlə şahidi olmuşuq. Yeni nəslin müasir kommunikasiya imkanlarından istifadə  edərək uğurlarımızı xarici siyasətə daşıya biləcəyimizə inanıram”.

Yeganə Hacıyevə erməni lobbisinin əsas məqsədinin qondarma rejimə humanitar yardım almaq olduğunu qeyd etdi: “Azərbaycan tərəfinin  törətdiyi dağıntılar haqqında istintaqın aparılması müraciəti  hüquqi tərəfdən  legitim deyil  və siyasi avantüradan başqa bir şey deyil. Belə  ki,  ABŞ  Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və hər bir suveren dövlətin öz ərazisində  antiterror əməliyyatı  aparmaq  hüququ var. Azərbaycan ordusunun son əməliyyatları Dağlıq Qarabağ deyil, ətraf rayonlarda aparılmışdır və bu, onun müstəsna hüququdur”.musavat