|
Bakıda MTK “terroru” - minlərlə vətəndaş çarəsiz qalıb
Azərbaycanda Mənzil Tikinti Kooperativləri(MTK) səlahiyyətlilərinin əməllərindən ziyan çəkmiş bir ordu formalaşıb. Adamlar  mənzil almaq ümidi ilə illərlə topladıqları pulları MTK-lara verib, əvəzində müqavilə alıblar. Özləri də bilmədən verdikləri pulun qarşılığında aldıqları mənzil deyil, mənzil veriləcəyi haqda müqavilə şəkilinə salınmış vəd olub. Həmin müqavilələrdə binaların tikilib təhvil veriləcəyi haqda tarixlər dəfələrlə dəyişib, aylıq ödənişə aid rəqəmlər bir neçə dəfə artıb, amma vətəndaşın mənzil almaq arzusu reallığa çevrilməyib! 

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Baş Prokurorluğa və digər dövlət orqanlarına müraciət edən yüzlərlə vətəndaş həmin ünvanlardan da əliboş geri dönür. Əvvəlki illərdən fərqli olaraq dövlət qurumları bu problemə həssaslıqla yanaşmırlar. Odur ki, MTK terroru daha kəskin şəkil almaqdadır. 
 
Vətəndaşlar faktiki olaraq MTK rəsmiləri ilə üz-üzə qalıblar. Ara-sıra əsəbləri tarıma çəkilmiş MTK payçılarının qan tökməyə qədər gedib çıxan davaları haqda xəbərlər də yayılır. Yaranmış durumu “Yeni Müsavat”a şərh edən tanınmış vəkil Ceyhun Yusifov deyir ki, hazırkı duruma səbəblər sırasında qanunların tətbiq olunmaması, vahid qeydiyyat sisteminin tətbiq edilməməsidir: “Əgər 10-15 il əvvəl mənzillər bu və ya digər dövlət qurumunda qeydiyyatdan keçirilməklə satışa çıxarılsa idi, hazırda belə bir durum yaşanmazdı. 
 
MTK-larla vətəndaş qarşı-qarşıya qalmazdı. Təəssüf ki, bu günün özündə belə dövlət qurumları qabaqlayıcı addımlar atmaq haqda düşünmək belə istəmirlər. Ona görə də MTK-lar dələduzluq yuvasına çevrilib. İllərdir ki, Azərbaycan vətəndaşlarını MTK-lar kütləvi şəkildə aldadır. İnsanlar qəpik-qəpik topladıqları pulu aparıb MTK-ya verir və dələduzluğun qurbanı olur”. 
 
Vəkil deyir ki, bundan əvvəl də belə bir təkliflə çıxış edib ki, mənzillər bir pəncərə sistemi vasitəsilə satışa çıxarılsın: “Bu sistemin tətbiqi vətəndaşları MTK terrorundan qurtaracaq, dövlət qurumlarına vətəndaşların kütləvi şikayətə getmələri aradan qalxacaq. Vətəndaşların MTK-lara etimadı artacaq. Hazırda vətəndaş başının üstündə dam almaq arzusu ilə dövlət qurumlarının qapısına ayaq döyməkdən əldən düşüb. Belə kütləvi aldadılmaların qarşısını almağın çox sadə yolu var. Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsi mövcuddur. Hazırda bu qurum formal bir qurumdur, MTK-ların fəaliyyətinə heç bir inzibati-ictimai təsiri mövcud deyil. Bu qurumu işlək hala gətirməklə minlərlə vətəndaşı dələduzların ağuşuna düşməkdən qorumaq olar”. 
 
C.Yusifovun sözlərinə görə, bu halda hər bir MTK fiziki və hüquqi şəxslə alqı-satqı müqaviləsi bağlayarkən mütləq qaydada həmin müqavilələri inzibati üsulla BŞİH-in Kooperativlər İdarəsində reyestri aparılmalıdır:“Vətəndaş hər hansı bir MTK-dan daşınmaz əmlak alarkən həmin sahənin MTK-nın balansında olub-olmamasını asanlıqla müəyyənləşdirə biləcək. Bundan sonra almaq istədiyi əmlakın dəyəri olan vəsaiti MTK-nın bank hesabına köçürəcək. Bu halda vətəndaşın aldanması sadəcə mümkünsüz olacaq”. 
 
Vəkil deyir ki, bu qədər vətəndaşın hüququnu  pozan hallara bir növ seyrçi mövqeyindən baxmaqdansa, müvafiq qurumlar öz vəzifələrinə məsuliyyətlə yanaşmağa məcbur edilməlidir: “Maraqlı məqamlardan biri də Mülki Məcəllənin normalarının hələ də tətbiq edilməməsi ilə bağlıdır. Qanunda daşınmaz əmlakın  əvvəlcədən qeydiyyatı deyilən anlayış var və bu anlayış tətbiq edilmir. Məgər vətəndaşın almaq istədiyi  mənzili əvvəlcədən daşınmaz əmlak kimi qeydə almaq olmaz? Əgər həmin normaların tətbiqi vaxtında baş vermiş olsaydı, bu qədər vətəndaş dələduzluğun qurbanı olaraq bu dərəcədə çarəsiz duruma düşməzdi. Bu gün dövlət orqanları ərizə-şikayət axınının altında itib-batmazdı”.
 
Vəkil deyir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlarla bağlı da qanundakı boşluqlar son nəticədə vətəndaşın dələduzluqla üz-üzə qalmasına səbəb olur.
Cia.az